Şriftin ölçüsü :

Saytın rəngi :

Raqib Vidadi oğlu Əzizov

1991-ci il avqustun 29-da Masallı rayonunun Yolağac kəndində anadan olub. 1997-2008-ci illərdə Yolağac kənd tam orta məktəbində təhsil alıb.

Raqib Əzizov 2009-2011-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin TTM-də təhsil alan Raqib Əzizov, 2013-cü ilin aprelindən "N" saylı hərbi hissədə bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun giziri olan Raqib Əzizov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb.

Dekabrın 8-də Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət bir neçə nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə gizir Raqib Əzizov şəhid olub. Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin üzvləri məhv edilib.

Şəhid gizir Əzizov Raqib Vidadi oğlu 2020-ci il dekabr ayının 9-da Masallı rayonu, Yolağac kənd qəbristanlığında uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən,Raqib Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Raqib Əzizov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Raqib Əzizov ​ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Ailəli idi. 2 övladı yadigar qaldı.

Keçidlər