Sənan Mətləb oğlu Seyfullyev
1998-ci il sentybrın 26-da Masallı ryonunun Ərkivan qəsəbəsində anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb.
Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub. Subay idi.
Sənan Seyfullayev Vətən müharibəsinin ilk günündən torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib.
O, oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi zamanı şəhid olub. 71 gün itkin kimi axtarılan və 2021-ci il yanvarın 10-da şəhid olaraq tapılan Sənan Seyfullayev yanvarın 12-də dünyaya göz açdığı Ərkivan qəsəbəsində Ana torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Sənan Seyfullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.