Şriftin ölçüsü :

Saytın rəngi :

Novruzov Anar Gülverdi oğlu

Novruzov Anar Gülverdi oğlu 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Abbaslı məhəlləsində anadan olmuşdur. Atası Gülverdi Novruzov uzun müddət rayonda bərbər olaraq çalışmışdır. 2004-cü ildə dünyasını dəyişmişdir. Anar Novruzov ailədə 10 uşaq olublar — özü, Sucəddin, Nəfisə, Nurcahan, Gülcahan, Hidayət, Gülşən, Sevanə, Tünzalə və Səbahət.

1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə vermiş, lakin sonra Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Sonra fikrini dəyişdirmiş və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə vermişdir. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıtmış və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirmişdir.
1999-cu ildə ali hərbi məktəbi bitirən Anar Novruzov hərbi vəzifəsinə başlamışdır. Həmin ildən öz xahişi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət etmişdir. 2013-cü ilə qədər ön cəbhə bölgələrində, 2005-ci ildə Tərtər rayonunun Qapanlı kəndində, 2008-ci ildə rayonun Həsənqaya kəndində, 2013–2018-ci illərdə Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəmiş və snayper və digər müasir silahlardan istifadə etmişdir. Qüsursuz xidmətinə görə bir çox medallarla, diplom və təşəkkürnamələrlə təltif edilmişdir. Kəşfiyyatçı zabit kimi xidmətinə görə ona "Akula" ləqəbi verilmişdir.


2008-ci ilin 4 mart tarixində başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Ağdərə istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Bu döyüşlər Dağlıq Qarabağ münaqişəsi tarixinə 2008 Ağdərə toqquşması kimi yazılmışdır. Toqquşmalar zamanı Anar Novruzov Tərtər rayonunun Həsənqaya kəndində kəşfiyyatçı zabit idi və döyüşlərdə iştirak edirdi. İstifadə etdiyi AQS-17 qumbaraatanından atdığı dəqiq atəşlər nəticəsində Ermənistan Ordusunun yüksək rütbəli zabitləri məhv edilmişdi. İstifadə etdiyi bu qumbaraatandan atdığı sərrast atışlara görə "AQS-17 silahının atası" adını qazanmışdı. Toqquşmaların nəticəsində başlayan qarşıdurmada 4 azərbaycanlı əsgər şəhid olmuş və qarşı tərəfin 12 əsgəri məhv edilmişdir. Cəbhə xəttində önəmli bir dəyişiklik, strateji mövqelərin, postların təmizlənməsi kimi bir hadisə baş verməmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda xidmət etdiyi korpusun döyüşlərdə olmamasına və özünün Sumqayıtda xidmət etməsinə baxmayaraq Anar Novruzov da yaxından iştirak edirdi. O, bu döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəlpə yarası almışdı. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Bu döyüşlərdən 2 il sonra öz xahişi ilə yenidən ön cəbhəyə qayıdan Novruzov ömrünün sonuna qədər cəbhədə xidmətini davam etdirmişdir. Xidmət müddətində siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir. 26 ildən artıq hərb sahəsində çalışan mayor Novruzov Türkiyədə peşəkar təlimdən də keçmişdir.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu.  Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı. Anar Novruzov bu döyüşlər zamanı Qazaxda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi, səhhətindəki problemlərə görə hospitalda müalicə alırdı, lakin öz arzusu ilə və general-mayor Polad Həşimovun təlimatı ilə səhhətindəki problemlərə baxmayaraq iki AQS-17 silahı ilə kəşfiyyatçı kimi döyüşlərdə iştirak etməyə başlamışdı. İstifadə etdiyi silahlarla qarşı tərəfin bir çox zabitini məhv etmişdi.

Mayor Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Həmin an onunla birgə olan general-mayor Polad Həşimov və bir çox zabit-əsgər heyəti şəhid olmuşdur.

İyulun 14-də Anar Novruzov, doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən "Təpə" qəbiristanlığında, Seyid Sadiq Ağa məqbərəsinin yerləşdiyi yerin yaxınlığında torpağa tapşırıldı. Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Masallı rayonunun icra başçısı Şahin Məmmədov qatıldı. Şəhidin cənazəsini qarşılamaq üçün ən azı 20 minə qədər rayon sakini yollara çıxaraq ehtiramlarını bildirib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Ailə tərkibi
Ata: Novruzov Gülverdi Haqverdi oğlu
Ana: Novruzova Piruzə Bünyad qızı
Bacı: Novruzova Nəfisə Gülverdi qızı
Bacı: Novruzova Nurcahan Gülverdi qızı
Qardaş: Novruzov Sucəddin Gülverdi oğlu
Qardaş: Novruzov Hidayət Gülverdi oğlu
Bacı: Novruzova Gülcahan Gülverdi qızı
Bacı: Novruzova Gülşən Gülverdi qızı
Bacı: Novruzova Sevanə Gülverdi qızı
Bacı: Novruzova Tünzalə Gülverdi qızı
Bacı: Novruzova Səbahət Gülverdi qızı
Keçidlər