Şriftin ölçüsü :

Saytın rəngi :

Şahhüseynli Zeynal Fizuli oğlu

Zeynal Şahhüseynli 17 may 1998-cu ildə Masallı şəhərində anadan olmuşdur. 2015-ci ildə İsfəndiyər Zülalov adına tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra dini təhsilini Bakı şəhərində almış və İranın Qum şəhərinin elmi hövzəsində davam etmişdir. Ailəli idi.
Zeynal Şahhüseynli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini kəşfiyyatçı olaraq başa vurmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Zeynal Şahhüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zeynal Şahhüseynli Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və Bakı Şəhər Hərbi Hospitalına yerləşdirilmişdir. Müalicəsini hospitalda aldıqdan sonra ev şəraitində davam etdirmişdir.

 Zeynal Şahhüseynli 2021-ci il iyunun 5-də komaya düşmüş, həmin ilin 16 iyun tarixində müalicə aldığı xəstəxanada şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin təltifində onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olduğu bildirilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Şahhüseynli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Şahhüseynli "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zeynal Şahhüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Ailə tərkibi
Ata: Şahhüseynov Fizuli Xanhüseyn oğlu
Ana: Şahhüseynova Kəmalə Əliş qızı
Həyat yoldaşı: Əliyeva Aysun İnqilab qızı,
Qızı: Şahhüseynli Zəhra Zeynal qızı
Bacı: Əlizadə Nüşabə Fizuli qızı
Bacı: Feyzullayeva Gülgəz Fizuli qızı
Bacı: Fərəcova Gülnaz Fizuli qızı
Keçidlər