Sığdaş
Kəndin adı:
Sığdaş
Kəndin əhalisi:
1546 nəfər
Kəndin ərazisi:
445,58 kv km
Kəndin coğrafi mövqeyi:
Sığdaş kəndi Masallı rayonunun cənub-qərbində yerləşir. Kənd dəniz səviyyəsindən 200-230 metr yüksəklikdə yerləşir.
Həmsərhəd olduğu kəndlər:
Kənd qərbdən Talış sıra dağları, Şimal-qərbdən Ninalov kəndi, şimaldan Babakücə kəndi, şərqdən Kolatan kəndi, cənubdan isə Xanalion kəndləri ilə həmsərhəddir.
Kəndin əsas məşğuliyyəti:
Keçmişdə, əsasən, maldarlıq və əkinçilik, bostançılıq, xırda sənətkarlıq və qismən qonşu yaşayış məskənləri ilə ticarət etmək olmuşdur. Hal-hazırda da əsas məşğuliyyət əkinçilik və maldarlıq, qismən də arıçılıq sayılır.
Kəndin adının mənası:
Kəndin adının mənası müxtəlif mənbələrdə və toponimlərdə müxtəlif cür izah olunur. Lakin ən uyğun variant daha tutarlı əsaslarla belə izah olunur:
“Sığdaş” adı iki sözdən əmələ gəlmişdir: “Sığ” və “Daş” sözləri. “Sığ” sözü talış dilindən tərcümədə “daş” deməkdir. Adın ikinci hissəsi olan “Daş” sözü isə talış dilində işlənən “dəşt” sözünün müasir dövrə uyğunlaşan deyiliş formasıdır. “Dəşt” isə talış dilində “çöl” deməkdir. Yəni ki, kəndin adı talış dilində “Daşlı çöl” mənasını verir. Belə ki, keçmişdə “Sığdəşt” kimi işlənən bu adın elmi izahı onunla əlaqədardır ki, Sığdaş kəndi Talış sıra dağlarının ətəklərində yerləşdiyi üçün dağlıq və daşlıq ərazi Sığdaş kəndinin axırında başa çatır. Sığdaş kəndindən başlayaraq düzənlik və aran ərazilər başlanır ki, buda dağlıq ərazinin qurtarması və aran-çöllük yerlərin başlanması mənasını ifadə edir. Sığdaş kəndi haqqında tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu öz yazdığı “Əxbərnamə” əsərində Sığdaş adının “Siqdəşt” kimi qeyd etmişdir (səh. 63-64). Sığdaş adının bu cür işlənməsi isə müəllifin əslən Qarabağlı olması və ləhcədə olan dəyişikliklə bağlı olsa da, Sığdaş adının kökü və toponomik mənası dəyişmir.
Kəndin tarixi abidələri:
Sığdaş kəndi keçmişdə Talış xanlığının Uluf mahalına daxil olan yaşayış məntəqəsi olmuşdur. Kəndin tarixi çox qədim dövrə təsadüf edir. Kənd ağsaqqallarının verdiyi məlumata görə kəndin tarixi təxminən 800 ilə qədər olan bir dövrü əhatə edir. Belə ki, kəndin ilk sakinləri hələ 11-12-ci yüzilliklərdə ilk dəfə kəndə gələrək məskunlaşmışlar. Sığdaş kəndində tarixi abidələr çoxdur. Bunlar, əsasən, keçmişdə qazılmış su quyularından, qədim qəbiristanlıqlardan və qəbir daşlarından ibarətdir. Bu tarixi abidələrdən ən məşhuru və qədimi “Mürsəli ocağı” məscididir. Bu ocaq öz müqəddəsliyi ilə nəinki Cənub zonasında, hətta bütün Azərbaycanda məşhurdur. Bu məşhur ocaq haqqında iki tarixi-dini fərziyyə mövcuddur. Fərziyyəyə görə ocağın belə müqəddəs və şəfalı olması Həzrəti Əlinin bu yerdən keçməsi ilə əlaqədardır. Bu barədə Ərkivan kəndinin sakini, baytarlıq elmləri namizədi, görkəmli alim Əbdürrəhman Səmədov öz kitabında maraqlı məlumat vermişdir. Onun yazdığına görə 640-650-ci illər arası Həzrəti Əli(ə) buradan keçən zaman təpənin başında yerləşən bir yerdə qılıncını yerə vurmuş, həmin yerdən də su fəvvarə vurmuşdur. O vaxtdan etibarən quyunun müqəddəsliyi və həmin yerə etiqad başlanmışdır. Sonralar həmin quyunun yanında balaca bir ziyarətgah tikilmişdir. Hazırda isə həmin qədim ocaq 2000-ci ildə yenidən tikilərək xalqın istifadəsinə verilmişdir. Digər fərziyyələrə və bəzi tarixi mənbələrə görə vaxtilə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvi-qızılbaş ordusunun indiki Masallı ərazisində yerləşən Qızılağacda qışladığı vaxt “Mürsəli ocağı”nın yerləşdiyi indiki yer ordudakı əsgərlər və atlar üçün su mənbəyi rolunu oynamışdır. Ordunun yerləşdiyi yerdə su qıtlığı olduğunda məhz bu yerdən su daşınmışdır. Bu yerin müqəddəs olması isə daha çox Səfəvi şeyxlərinin buraya gəlməsi və burada su quyuları qazdırması ilə bağlıdır. Bəhs etdiyimiz dövrdə Səfəvi şeyxlərinin əhali arasında böyük nüfuzu və hörməti olduğundan bu yer tezliklə ziyarətgah kimi məşhurlaşmışdır. “Mürsəli ocağı”nın tarixi müxtəlif mənbələrdə 11-12-ci əsrin abidəsi kimi verilir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Sığdaş kəndində ilk məktəb 4 sinifli ibtidai məktəb olmuşdur. Bu məktəb 1936-cı ildə İbrahim Axund adlı adamın evində açılmışdır. 1937-ci ildə isə həmin məktəb Axund Ağamalının evinə köçürülmüşdür. Kənddə ilk dövlət məktəbi binası isə 1950-ci ildə tikilmişdir. 1978-ci ildən isə bu məktəb orta məktəb kimi fəaliyyətdədir.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli adamı Əhədov Yaqub Sərdar oğlu olmuşdur. O, 1941-1945-ci illərdə Gəncədə Baytarlıq ixtisası üzrə ali təhsil almışdır. Sığdaş kəndində nə elmlər namizədi, nə də elmlər doktoru yoxdur.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Əliyev Əlqəmə Fəzzəl oğlu.
1975-ci ildə Sığdaş kəndində anadan olmuşdur. Əliyev Əlqəmə 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində 2 il erməni quldurlarına qarşı mərdliklə vuruşmuşdur. 1994-cü ilin aprelində Əliyev Əlqəmə qızğın döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Sığdaş kəndindən Böyük Vətən müharibəsində 60 nəfər iştirak etmişdir. Onlardan 32 nəfəri şəhid olmuşdur. Hazırda sağ qalanı yoxdur.
Kəndin din xadimləri:
Kəndin din sahəsində ən tanınmış adamı Şahmarov Hacı Tahir Talıb oğludur. O, 1955-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olmuşdur. Öz valehedici səsi ilə bütün Azərbaycanda tanınan Hacı Tahir Görkəmli din xadimi və məşhur müəllim kimi tanınır. Hal-hazırda o, Qafqaz Müsəlmanları İdarəsinin Təzə Pir Məscidində sədr müavinidir.
Xanalion
Əhalisi:
1230 nəfər
Ərazisi:
356 kv km
Kəndin əsas məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və baramaçılıq olmuşdur. Hal-hazırda əsasən, əkinçilik və maldarlıq üstünlük təşkil edir.
Həmsərhəd olduğu kəndlər:
Xanalion kəndi şimaldan Sığdaş və Kolatan kəndləri, cənubdan Məmmədoba kəndi, şərqdən Bədəlan kəndi, qərbdən isə Talış sira dağları ilə həmsərhəddir.
Kəndin adının mənası:
Kənd ağsaqqallarının verdiyi məlumata görə kəndin 350 ildən çox tarixi vardır. Xanalion kəndinin adının mənası Xanəli xanın adı ilə bağlıdır. Kənd ağsaqqallarının məlumatına görə təqribən 1650-1680-ci illərdə Talış xanlarından olan Xanəli xan ilk dəfə burada məskən salmışdır. O vaxtdan etibarən həmin yaşayış yeri “Xanəli”, “Xanəlioba”, “Xanalion” adlanmışdır. Mənası talış dilindən tərcümədə xanın yaşadığı yer, xanın olduğu yerlər deməkdir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk ibtidai məktəb 1956-1947- ci illərdə açılmışdır. Sonralar, 1974-cü ildən 8 illik orta məktəb fəaliyyət göstərir.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli adamı Qədirov Cəfər Əliağa oğludur. O, 1969-cu ildə Azərbaycan Dövlət Rus dili və Ədəbiyyat İnstitutunu bitirmişdir.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Bağışov Nizami Mirzağa oğlu
1994-cü ildə Füzuli rayonu ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Xanalion kənd əsas məktəbi Bağışov Nizami Mirzağa oğlunun adını daşıyır.
Babayev Mail Atakişi oğlu.
1994-cü ildə Beyləqan uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Xanalion kəndindən Böyük Vətən müharibəsində 45 nəfər iştirak etmişdir. Onlardan 21 nəfəri döyüşlərdə həlak olmuşdur.
Kəndin din xadimləri:
Xanalion kəndinin tanınmış din xadimlərindən biri Molla Mirzəli Axund olmuşdur. O, təqribən 18-ci yüzillikdə yaşamışdır
Kəndin adı:
Babakücə
Əhalisi:
716 nəfər
Ərazisi:
185,9 kv km
Kəndin əsas məşğuliyyəti:
Keçmişdə kəndin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Hazırda da, əsasən, əkinçilik və maldarlıq üstünlük təşkil edir.
Həmsərhəd olduğu kəndlər:
Babakücə kəndi qərbdən Ninalov kəndi, şimaldan Məmmədrzakücə kəndi, şimal-şərqdən Seyidoba kəndi, şərqdən Kolatan kəndi, qərbdən isə Sığdaş kəndi ilə həmsərhəddir.
Kəndin adının mənası:
Kəndin tarixi haqqında məlumat əsasən, kənd ağsaqqallarının verdiyi məlumata əsaslanır. Ağsaqqalların dediyinə görə kəndin ilk sakini Rəhmətov Nəsir Rəhmət oğlu olmuşdur. O, təxminən 300 il bundan əvvəl kəndə gələrək, orada məskunlaşmışdır. Babakücə adı iki sözdən: “Baba” və “Kücə” sözlərindən əmələ gəlmişdir. Talış dilindən tərcümədə “Baba” sözü ata-baba, “Kücə” (küjə) sözü isə insanların məskunlaşdığı yer, yaşadığı yer, gəlib-getdikləri yer mənasını verir. Beləliklə, bütövlükdə bu adın mənası talış dilindən tərcümədə “Babaların məskəni” deməkdir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəbin açılması 1931-1932-ci illərə təsadüf edir. Bu məktəb 4 sinifli ibtidai məktəb olmuşdur.
Kəndin ilk ali təhsillisi:
Babakücə kəndinin ilk ali təhsilli adamları Rüstəmov Əmir Fəttah oğlu və Əliyev Məmməd Heydər oğlu olmuşdur.
Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Əkbərov Vurğun Simran oğlu
Əliyev Vilayət Lətif oğlu.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Böyük Vətən müharibəsində 20 nəfər iştirak edib. Onlardan yalnız 1-i hazırda yaşayır.
Xancanov Xankişi Balaş oğlu
Kəndin adı:
Ninalov
Əhalisi:
384 nəfər
Ərazisi:
106 kv km
Coğrafi mövqeyi:
Ninalov kəndi talış sıra dağlarının əhatəsində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Hazırda da, əsasən, əkinçilik, maldarlıq və qismən də arıçılıq üstünlük təşkil edir.
Həmsərhəd olduğu kəndlər:
Kənd qərbdən Talış sıra dağları, şimaldan Talış sıra dağları və Məmmədrzakücə kəndi, şərqdən Babaküçə kəndi, cənubdan isə Sığdaş kəndi ilə həmsərhəddir. Kəndin dörd tərəfi dağ silsilələri olduğundan kənd unikal bir xarici gözəlliyə malikdir.
Kəndin adının mənası:
Ninalov kəndinin tarixi kənd ağsaqqallarının verdiyi məlumatlara əsaslanır. Məlumatlara görə kəndin ilk sakinləri Zərbiyev Siozə və Əkbərov Əkbər olmuşlar. Onlar təxminən 300-350 il bundan əvvəl kəndə gələrək, orada məskunlaşmışlar. Ninalov kəndinin adının mənası talış dilindən tərcümə edildikdə “Nil ağacından düzəldilmiş növ (nov)” mənasını verir. Növ (nov) bulaqlarda suyun axması üçün düzəldilib qoyulan ağac əşyadır. Ninalov ərazisi dağ bulaqları və çaylarla zəngin olduğundan burda bu cür novlara tez-tez rast gəlinir. Kəndin adının da məhz burdan formalaşdığı güman olunur.
Kəndin tarixi abidələri:
Ninalov kəndi ərazisi tarixi və arxeoloji baxımdan əhəmiyyətli olan abidələrlə zəngindir. Bunlardan ikisi daha məşhurdur:
1. Piyəkon tarixi abidəsi.
Bu ad talış dilindən tərcümədə “ataların evi” mənasını verir. Bu abidə dağ yamacında yerləşən qədim yaşayış məskənidir. Çox güman ki, bu yer Ninalov əhalisinin əvvəl yaşadığı yaşayış məskəni olmuşdur. Sonralar hərbi-siyasi sabitlik dövründə əhali dağ yamaclarından kəndin indiki yerləşdiyi əraziyə enərək burda məskunlaşmışlar.
2. Səhhət qalası.
Bu abidə yerli sakinlər arasında daha çox “Ğələ sün” kimi tanınır. Talış dilindən tərcümə elədikdə “Qala sütunu” mənasını verir. Abidə kəndin yuxar ı hissəsində tikilmiş qədim bir qalanın qalıqlarıdır.
Qalanın yerləşmə mövqeyindən və quruluşundan aydın olur ki, qala ərazinin qorunması üçün tikilmiş müdafiə qalasıdır. Hər iki abidə 17-18-ci əsrlərin tarixi abidəsi kimi səciyyələndirilir. Bu gün hər iki qədim tikili həmin ətrafda yaşayan insanlar tərəfindən xüsusi hörmətlə yad olunur.
Kənddə ilk məktəbin açılması:
Ninalov kəndində ilk məktəbin açılması 1939-1940-cı illərə təsadüf edir.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli adamları Əkbərov Yunus Məmmədqulu oğlu və Əkbərov Yavər Məmmədqulu oğlu olmuşlar.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Ninalov kəndindən Böyük Vətən müharibəsində 10 nəfər iştirak etmişdir. Onlardan sağ qalanı yoxdur.