Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənd

Kəndin adı:
Təzəkənd    

Əhalisi:  
  
3020 nəfər

Ərazisi:   
 
920 ha    

Coğrafi mövqeyi: 

Təzəkənd kəndi Masallı rayon mərkəzindən 18 km məsafədə Xəzər dənizi sahilində yerləşir.

Kəndin əsas məşğuliyyəti: 

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır və əkinçilik. 

Həmsərhəd olduğu kəndlər: 
Kənd şimaldan Qızılağac, cənubdan Lənkəran rayonun Qumbaşı kəndi, qərbdən Sərçuvar və Yeddioymaq kəndləri, şərqdən Xəzər dənizi ilə həmsərhəddir.

Kəndin adının mənası:

Ərazidə yaşayış 1925-ci ildən olmuş və bu yaşayış məntəqəsi Babakosa adlandırılmışdır. Babakosa yaşayış məntəqəsinin ilk sakinləri Rəş kişi, Soltan kişi, Hətəm kişi, Allahverdi kişi, Abbas kişi və başqaları olmuşdur. Bu əraziyə 1928-ci ildə Lerik rayonunun Çayrud kəndindən Mirhüseyn kişi ( ləqəbi Cahil ) öz yaxın qohumları ilə birlikdə köçüb gəlmişdir. 1931-ci ildə bu yaşayış məntəqəsinə kənd statusu verilmişdir. Kənd statusu verildikdən sonra bu yeni yaşayış məntəqəsinə Təzəkənd adı verilmişdir. 

Kənddə ilk məktəbin açıldığı tarix: 

Təzəkənd kəndində 1937-ci ildə ilk ibtidai məktəb açılmışdır. Məktəbin ilk müəllimi Masallı rayonunun indiki Kürdəbaz kəndindən Mahmud adlı müəllim olmuşdur.

Kəndin ilk ali təhsillisi: 
Kəndin ilk ali təhsillisi 1922-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuş Cəfərov Məmmədhəsən Abdulhəsən oğlu olmuşdur. O, 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dil və ədəbiyyat ixtisası üzrə daxil olmuş, 1955-ci ildə həmən universiteti bitirmiş və kənd məktəbində müəllimliyə başlamışdır. M. Cəfərov 1955-ci ildən Təzəkənd kənd 7 illik məktəbində 22 il direktor vəzifəsində işləmişdir. O məktəb direktoru işləməklə bərabər kənd ağsaqqalı kimi kənd sakinlərinin qayğıları ilə də yaxından maraqlanmışdır. M. Cəfərov müəllim işlədiyi müddətdə qabaqcıl maarif xadimi döş nişanına layiq görülmüş, rayon təhsil şöbəsinin yoxlayıcı müfəttişi olmuş, BVM-də arxa cəbhəsində çalışdığına görə medallarla təltif edilmişdir.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 

Nəbiyev Rövşən Sahib oğlu
09 yanvar 1969-cu ildə Masallı rayonun Təzəkənd kəndində anadan olmuş, 1976-cı ildə Masallı rayonun Təzəkənd kənd orta məktəbin I sinfinə daxil olmuş və 1986-cı ildə orta məktəbi bitirmişdir. 1987-ci ildə Masallı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yola salınmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhər Xəzər dəniz gəmiçilik İdarəsində matros vəzifəsində işləmiş, 1992-ci ildə könüllü olaraq Qarabağ uğrunda döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə getmişdir. 26 yanvar 1993-cü il tarixində Ağdam rayonun Qaradağlı kəndində Azərbaycan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay olmuşdur.

Əliyev Roman Camal oğlu
19 iyun 1983-cü ildə Masallı rayonun Təzəkənd kəndində anadan olmuş, 1990-cı ildə Masallı rayonun Təzəkənd kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2000-ci ildə orta məktəbi bitirmişdir. İyul 2001-ci ildə Masallı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yola salınmışdır. 08 oktyabr 2002-ci il tarixində Fizuli rayon Aşağı Əbdürrəhmanlı kəndində xidməti vəzifəsini yerinə yetirərkən erməni sinaperi tərəfindən vurulmuş və aldığı güllə yarasından şəhid olmuşdur. Subay olmuşdur.

Böyük Vətən müharibəsində iştirak edənlər: 
Təzəkənd kəndindən Böyük Vətən müharibəsində 20 nəfər iştirak etmişdir.

Kəndin ziyalıları haqqında: 
Əliyev Fikrət Xanhüseyn oğlu 
06 iyun 1967-ci ildə Masallı rayonun Təzəkənd kəndində anadan olmuş, 1984-cü ildə N. Nərimanov adına ATİ-yə daxil olmuş , 1992-ci ildə ATU fərqlənmə diplomu ilə bitirmiş, elmi şuranın qərarı ilə həmən universitetdə müəllim kimi qalmış və hal-hazırda Tibb universitetinin patoloji-anatomiya kafedrasının dosenti vəzifəsində işləyir. Eyni zamanda M. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin patomorfologiya şöbəsinə rəhbərlik edir. 45 elmi məqalənin, 2 metodik dərs vəsaitinin müəllifidir. 10 yaxın elmi məqaləsi müxtəlif xarici ölkələrin elmi-tibbi jurnallarında çap olunmuşdur. Ailəlidir . 3 övladı var.

Tağıyev Əbülfəz Nağı oğlu
01 yanvar 1969-cu ildə Masallı rayonun Təzəkənd kəndində anadan olmuş, 1991-ci ildə BDU-nun biologiya fakültəsinə daxil olmuş və 1996-cı ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə BDU-nun aspiranturasına qəbul olmuşdur. 1998-ci ildən həmən universitetdə müəllim kimi işləməyə başlamışdır. 2003-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Hal-hazırda Bakı Dövlət universitetində biologiya fakültəsində müəllim işləyir. O onurğalılar zoologiyası və zoocoğrafiya dərsliyinin , 4 proqram, 2 metodiki vəsaitin, 1 elmi-populyar kitabın, 60 yaxın elmi əsərin müəllifidir. 10 yaxın magistr dissertasiyasına, 50 yaxın buraxılış işinə rəhbərlik etmişdir. Ailəlidir, 2 övladı vardır.

Babayev Kəmaləddin Müzəffər oğlu
26 aprel 1964-cü ildə Masallı rayonun Təzəkənd kəndində anadan olmuş, 1981-ci ildə ATİ-yə daxil olmuş və 1986-cı ildə həmən institutun Stomatologiya fakültəsini bitirmişdir. 2003-2010-cu illərdə ABU-da baş müəllim işləmiş, 2004-cü ildə ADTU-da terapevtik stomatologiya dissertant olmuş, 2006-cı ildə Tibb elmləri namizədi - Alimlik dərəcəsini almışdır. Hal-hazırda “Dentist BK” stomatoloji klinikada işləyir. Ailəlidir. 3 övladı var.

Məhərrəm Dəmir oğlu Səfərov
1946-cı ildə Masallı rayonun Təzəkənd kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Pedaqoji institutunu, Azərbaycan Jurnalistlər İttifaqı yanında Jurnalist Sənətkarlığı institutunu bitirmişdir. Əmək fəaliyyətinə fəhlə, kitabxanaçı, müəllim, Çağırış qəzetində teleqrafçı və ədəbi işçi vəzifəsində işləmişdir. 1977-ci ildən 1983-cü ilə kimi Təzəkənd kənd məktəbinin direktoru işləmişdir. 1983-cü ildən Müxbir jurnalında müxbir, Azərbaycan Jurnalistlər ittifaqının Nicat nəşriyyatında direktor, Azər TAC-da şöbə müdiri, Azərbaycan Jurnalistlər Birliyində məsul katib vəzifələrində işləmişdir. 1996-cı ildə Azərbaycan Hava Yolları Dövlət Konserində mətbuat xidmətinin rəhbəri, 2000-ci ildən 2008-ci ilədək isə Dövlət Konserində vətəndaşların təklif, ərizə və şikayətləri şöbəsinin rəisi işləmişdir. 2008 –ci ildən Azərbaycan Hava Yolları QSC prezidentinin köməkçisi, vətəndaşların təklif, ərizə və şikayətləri xidmətinin rəisidir. O, 1977-ci ildən SSRİ Jurnalistlər ittifaqının, 1992-ci ildən Azərbaycan jurnalistlər birliyinin, 2006-cı ildən Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür. H. B. Zərdabi mükafatının laureatıdır. Ailəlidir . 3 övladı var.

Rahib Sahib oğlu Nəbiyev 
19 sentyabr 1963-cü ildə Masallı rayonun Təzəkənd kəndində anadan olmuşdur. 1981-ci ildə Təzəkənd kənd orta məktəbi bitirdikdən sonra 1981-1983-cü illərdə Bakı şəhərində Maliyyə - kredit texnikumun hüquq şöbəsinə təhsilini davam etdirmişdir. 1986-2000-ci illərdə Astara rayon məhkəməsində katib işləmiş. 1987-1993-cü illərdə təhsilini BDU–nun Hüquq fakültəsində davam etdirmişdir. 2000-2007-ci illərdə Bərdə rayon məhkəməsində hakim işləmişdir. 2007-2008-ci illərdə Gəncə şəhərinin Kəpəz rayon məhkəməsində hakim işləmiş, 2008-ci ildən hal-hazıradək Gəncə Apelyasiya məhkəməsinin Mülki işlər üzrə kollegiyasının sədri vəzifəsində işləyir. Ailəlidir. 2 övladı vardır.
Keçidlər