Şriftin ölçüsü :

Saytın rəngi :

Nayib Akif oğlu Qasımov

1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2014-cü ildə Mahmudavar kənd tam orta məktəbini bitirib. 2015-ci ilin iyul ayının 13-ü həqiqi hərbi xidmətə yollanıb.

2015-2017 -ci illərdə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli əsgər kimi xidmət edir. 2016-cı ildə müddətli əsgər kimi "Aprel" döyüşlərində iştirak edir. 2017-ci ildə müddətli hərbi xidməti başa vuraraq könüllü ordu sıralarında qalır. 3 aylıq kurs keçir və Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət etməyə başlayır. Xidməti boyunca bir neçə dəfə nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunur. 2018-ci ildə döyüş hazırlığında uğurlar qazandığı, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etdiyinə görə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunur. 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan, "Tovuz" döyüşləri kimi tanınan döyüşlərdə iştirak etmişdir. Baş çavuş Qasımovun son döyüşləri məhs 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan "Vətən müharibəsi"ndə Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Nayib Qasımov 05.10.2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. Doğulub boya-başa çatdığı Masallı rayonu Mahmudavar kəndində dəfn olunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nayib Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nayib Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nayib Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər