Şriftin ölçüsü :

Saytın rəngi :

Famil Habil oğlu Əlizadə

3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Ərkivan qəsəbəsinin tam orta məktəbində, 2016-2017-ci illərdə Bakı şəhərində 2 saylı peşə məktəbində təhsil alıb. Famil Əlizadə 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı Famil müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qatılır və böyük şücaətlər göstərib. Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına düşmənə qarşı vuruşub və düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. O, az sayda şəxsi heyət ilə birgə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində düşmən postunun və anbarının alınmasında xüsusi ilə fərqlənib. Bir aya yaxın düşmənlə vuruşan və düşmənə sinə gərən Famil göstərdiyi qəhrəmanlıqlarla adını qızıl hərflərlə tarixə yazıb. Oktyabr ayının 21-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulub, boy-başa çatdığı Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilir və böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər