Niyaməddin Hüsaməddin oğlu Sultanzadə
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Niyaməddin Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-ci ildə şəhər 1 saylı tam orta məktəbində təhsil almağa başlamış, 2016-cı ildə həmin məktəbi bitirib. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin qiyabi 2-ci kurs tələbəsi olub. 10 oktyabr 2018-ci il tarixindən bəri 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışıb.
Niyaməddin Sultanzadə 2016-2017-ci illərdə hərbi xidmətdə olub. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində könüllü olaraq qoşulmuş, Cəbrayıl və Füzuli rayonlarında düşmən hücumunun qarşısının alınmasında şücaət göstərmiş, 22 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində düşmənin atdığı artileriya mərmisinin partlaması nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Sultanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Bundan başqa "Cəsur döyüşçü", Cəbrayılın və Qubadlının azad olunmasına görə medalları ilə də təltif edilib.