Masallıda “Azərbaycan qrafika sənətinin inkişafı” mövzusunda mühazirə
14 mart 2018-ci il tarixdə Masallı şəhər “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq sənətinə marağı olan tələbələr, şagirdlər və müəllimlər üçün təşkil edilmiş “Azərbaycan qrafika sənətinin inkişafı” mövzusunda mühazirə keçirilib.
Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələri, Masallı İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdləri, ümumtəhsil məktəblərinin rəsm müəllimləri iştirak ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Aslanovanın “Azərbaycan qrafika sənətinin inkişafı” mövzusunda mühazirəsi dinlənilib.
Azərbaycan qrafika sənətinin inkişafının özünəməxsusluğu ilə respublikanın ictimai və bədii həyatında müstəsna rol oynadığını vurğulayan Afət Aslanova siyasi plakat, karikatura, kitab illüstrasiyası kimi qrafika janrlarının təşəkkülünün Xalq Rəssamı Əzim Əzimzadənin adı ilə bağlı olduğunu bildirib.
Qeyd olunub ki, plakat, kitab və dəzgah qrafikası sahəsində Əzim Əzimzadə ilə yanaşı, rəssamlardan Əmir Hacıyev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Ələkbər Rzaquliyev, Həsən Mustafayev, Məmməd Şirinov, Maral Rəhmanzadə və başqaları da tanınıblar. Karikatur və janr inkişafı isə Nəcəfqulu İsmayılovun, Ziya Kərimbəylinin, Rahib Qədimovun, Ələkbər Zeynalovun və Həsən Haqverdiyevin adları ilə bağlıdır. Ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan qrafikasının inkişafında ali peşəkar təhsil almış istedadlı rəssamlar Elmira Şahtaxtinskaya, Yusif Hüseynov, Rasim Babayev, Altay Hacıyev, Elçin Aslan, Nazim Babayev və başqaları fəal rol oynayıblar.
Diqqətə çatdırılıb ki, XX əsrin 70-80-ci illərində Azərbaycan qrafik ustalarının yaşlı və orta nümayəndələri ilə yanaşı, gənc nəslə mənsub rəssamlar da öz yaradıcılıq fəaliyyətlərini genişləndiriblər. Yaradıcılıq prosesindən səthi təsvirçilik, illüstrasiyaçılıq, fotorealizm ruhu kənar edilib. Həyat hadisələrinin fəlsəfi mənasını aşkara çıxarmaq naminə assosiativ motivlərə, sözaltı mənaya, şərti, simvolik, rəmzi, mifoloji obrazlara müraciət olunub. Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikada mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yeni mərhələ başlanıb. Sənətdə ənənə və novatorluq probleminə münasibət dəyişib, əsas meyar rəssamlıq əsərlərinin bədii kamilliyi, emosionallığı, ifaçılıq tərzlərinin, dəst-xətlərin orijinallığı, rəngarəngliyi hesab olunub.
Tədbirdə qrafika sənətinin bir qolu olan limoqrafiya haqqında film nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələrin, şagirdlərin və müəllimlərin qrafika üslubunda çəkdikləri şəkillərə baxış olub.