Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda I yarımilin yekunları müzakirə olundu

30 iyul 2018 | 16:00

2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
       30 iyul 2018-ci il tarixdə rayon icra hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası ilə bağlı həmin dövrdə Masallı rayonunda ghörülmüş işlər və qarşıda duran vəzifələr barədə şura iclası keçirilmişdir.
Müşavirədə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə  Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov  açmış, şuranın gündəliyini açıq elan etmişdir.
      Sonra rayon İcra hakimiyyətinin başçısı Cənab Rafil Hüseynov  geniş məruzə ilə çıxış etmişdir.
       Məruzəçi qeyd etmişdir ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2018-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda çay yatağının 159 p/m-lik hissəsinin beton məcraya salınması işləri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir və tikinti işləri davam etdirilir.
Şəhərin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra hakimiyyəti tərəfindən ərazinin zibilliklərdən təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmişdir. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Beton boyu eni 7,2 metr olan yolun xüsusi hazırlanmış piltələrlə döşənməsi işləri həyata keçirilir. Bundan əlavə Park-Bulvar kompleksinin layihəsinə uyğun olaraq Viləş çayının üzərindəki əsas körpüdə “AAY”da tərəfindən təmir bərpa işlərinə başlanılmışdır. Parkın ərazisindəki kommunikasiya xətlərinin yenilənməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilmiş və onların iştirakı ilə əraziyə baxış keçirilmişdir. Artıq ərazidən keçən yüksək gərginlikli elektirik hava xətlərinin və digər kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi işlərinə başlanılmışdır.
Ümumi uzunluğu 24,7 km olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması işləri başa çatdırılmışdır.
Həmçinin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə start verilmişdir. Belə ki, hər iki ərazidə piyada səkilərinin salınmasından ötrü bordur düzülmüş  və müasir işıqlandırma sistemlərinin qurulması üçün  işıq dirəkləri sifariş edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda Bakı prospektində səkilərə asfalt döşənməsi işlərinə başlanılmışdır.
Eyni zamanda yeni Ələt-Astara aftomobil yolunu Masallı şəhəri ilə birləşdirən 1,5 kilometrlik yolun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı aidiyyəti üzrə müraciət edilmişdir. Hazırda Agentlik tərəfindən bu yolun yenidənqurulmasına başlanılmışdır. Bundan əlavə Agentlik tərəfindən uzunluğu 3,2 km olan Masallı-Təzəkənd yolununda yenidənqurulmasına başlanılmışdır. Bundan 3 kilometrlik Gəyəçöl yolunun təmirinə də başlanılmışdır.
           Hazırda Dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 binanın fasadının təmiri, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir.
Heydər Əliyev prospektində bir mərtəbəli 4 mənzilli və H. Səmədov 44 ünvanında yerləşən iki mərtəbəli 6 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının əvəzinə yeni binaların tikintisi ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihə sənədlərinə müvafiq ekspertiza rəyi verildikdən sonra tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
2016-cı ildə inşasına başlanılan və 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir.
Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara avtomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır. Artıq layihə üzrə nəzərdə tutulmuş bina və qurğuların tikintisi yekunlaşmışdır. Sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaqdır.
         Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% artaraq 352.7 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 faiz artaraq 28.2 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 1.5 faiz artaraq 63.8 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2.2 faiz artaraq 37.4 milyon manat olmuşdur.
    Rüb ərzində adambaşına düşən pul gəlirləri 1842 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 301.1  manat olmuşdur.
      2018-ci ilin birinci yarım ilində Masallı rayonunun gəlirləri 37 milyon 206 min 26 manata qarşı 39 milyon 530 min 09 manat və ya 106,2 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 39 milyon 44 min 06 manata qarşı 34 milyon 279 min 36 manat və ya 87,7% icra olmuşdur.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2018-ci ilin birinci yarım ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 sahibkara 163 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 11 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
      Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına  nəzarət olunmuşdur.
          2018-ci ilin ikinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1354 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 308-i qadınlardır. Qeydiyyata alınan 1354 nəfərdən 805  nəfəri işlə təmin olunmuşdur ki, bunların da 376 nəfərini qadınlar təşkil edir.
      2018-ci ilin altı ayında rayonun kənd meşə balıqçılıq təsərrüfatında 9.6 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 212.0 manat olmuşdur.
         01 iyul 2018-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 71908 başa, xırda buynuzlu mal-qaranın baş sayı 85739 başa çatmışdır. Rüb ərzində  süd istehsalı 27034.8 tona, ət istehsalı 3257.8 tona, yumurta istehsalı 38111 min ədədə çatmışdır.
      Rayonda 2018-ci ilin məhsulu üçün 18887 ha sahədə şum vurulmuşdur. Vurulan şumun çoxillik əkinlər ilə birlikdə 18253,2 hektara yaxınında əkin işləri aparılmışdır ki, bu da rayon üçün rekord göstərici deməkdir.
Əkilmiş 13238,2 hektar payızlıq əkinlərdən 7293,3 ha buğda, 2705 ha arpa, 2219,5 ha vələmir, eyni zamanda 84,6 ha kələm bitkisi təşkil edir.
2018-ci ilin yazlıq əkinləri 1059,7 ha kartof, 172,4 ha paxla, 256,8 ha sarımsaq, 74,5 ha yonca əkilməklə çoxillik bitki olaraq rayon üzrə yonca əkini 204,5 ha çatdırılmışdır. 162,6 ha soğan, 226 ha göyərti, 916,5 ha noxud, 69,7 ha lobya, 75,7 ha mərci, 75, ha lərgə, 610,1 ha badımcan, 42,1 ha balqabaq, 301,3 ha xiyar, 464,5 ha pomidor, 362,4 ha yemiş, 38,0 ha qarpız, 53,7 ha qarğıdalı, 160,8 ha bibər, 19,0 ha süpürgə və 20,9 ha zəfəran əkilmişdir. 
Hazırda rayonun ayrı-ayrı əraziləri üzrə 21 ha üzüm, 17 ha feyxoa və 29 ha sahədə müxtəlif növ meyvə bağları mövcuddur.
Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 2,3 ton kartof, 1,7 ton soğan, 710 kiloqram noxud, 1040 litr süd, 325 banka qatıq, 2380 ədəd yumurta göndərilmişdir.
           Rayonda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, rayonun Kolatan inzibat ərazisinə aid  Sığaçola massivində 100 hektar sahədə  “Azərsun-Holdinq” tərəfindən işlər tam başa çatdırılmışdır. Hazırda Kolatan kəndi ərazisində 1,0 ha yeni cay plantasiyası salınmış və əvvəlcədən saxlanılan 4 ha çay sahələri nəzərə alınmaqla  rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılmışdır.
Rayonda torpaq payçılarının öz torpaqları ətrafında kooperasiya şəklində birləşməsi üçün ərazilərdə maarifləndirmə tədbirləri aparılmışdır. Artıq görülmüş tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, rayonun Sığdaş və Kolatan ərazisində torpaq payçıları kooperasiya şəkilndə birləşərək öz torpaqlarında rayon üçün ənəvi əkin sahələrindən olan çay bitkisinin əkilməsi məqsədilə razılığa gəlmişlər. Hazırda hər iki kooperasiyanın dövlət qeydiyyatına alınması üçün sənədlər toplanır.
Rayonumuz üçün ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyün inkişafına da əhali arasında  maraq xeyli yüksəlmişdir.  Belə ki, 2017-ci ildə rayon üzrə 195 ha çəltik əkinləri aparılmış, rayon üzrə çəltik sahələrindən ümumilikdə 588 ton məhsul yığlmış, orta məhsuldarlıq 30 sentner təşkil etmişdir. Cari ildə çəltik əkinlərinin 301 hektara çatdırılmışdır. Bu məqsədlə rayonda fəaliyyət göstərən sahibkarlıq subyekti tərəfindən çəltik əkinləri üçün zəruri texnikalar alınaraq rayona gətirilmişdir.
2018-ci ildə rayon ərazisində 35 ha sahədə tütün əkilmişdir. Əkilən tütünün 1 ha-ı “Virciniya”, 4 ha-ı “Berley” qalan 30 ha-ı isə “İmmenium” sortu olmuşdur.
Rayonda digər ənənəvi sahələrdən olan baramaçılığın inkişafı ilə bağlı  bütün yaşayış məntəqələrində  əvvəllər mövcud olmuş tut bağlarının qeydiyyatı aparılmış və ümumilikdə 8 ərazi üzrə 23,2 ha sahədə 4080 ədəd tut ağacının olduğu müəyyən edilmişdir.
Baramaçılığın intensiv inkişafına  nail olmaq məqsıdi ilə ərazi vahidlərində tut bağlarının aqrotexniki tələblərə uyğun budanmasını həyata keçrilməsindən ötrü  Qarğalıq, Kalinovka,Təzə Alvadı, Banbaşı və s. ərazi nümayəndəliklərinə tövsiyələr verilmişdir.
  2017-ci ildə rayonumuza  20 qutu tutipəkqurdu gətirilərək 12 təsərrüfata paylanmış  20 qutu tutipəkqurdundan 469,6 kq  yaş barama alınaraq  Şəki İpək Kombinatına təhvil verildiyi halda, 2018-ci ildə rayonumuza baramaçılığın yeni inkişaf mərhələsinə qədəm qoyaraq  78 qutu  tutipəkqurdu gətrilərək 33 təsərrüfatda paylanmış 78  qutudan 3406.9 kq yaş barama Şəki İpək Kombinatına təhvil verilmişdir. Artıq Şəki İpək Kombinatı tərəfindən  kümçülərdən  qəbul edilmiş yaş baramanın hər kiloqramına  4 manat olmaqla kümçülərin cari hesabına və ya kart hesablarına vəsaitin ödənişinə başlanılmış,təhvil verilmiş yaş baramanın hər kiloqramına  5 manat olmaqla yaxın günlərdə Dövlət  vəsaiti hesabına subsidiyanın ödənişinə başlanılacaqdır.
Cari ildə barama yetişdirilməsi üçün  bütün yaşayış məntəqələrində mövcud olan tut bağlarının (ağacların) qeydiyyatı aparılmış və 5000 ədəd məhsuldar tut tingləri Çin Xalq Respublikasından gətrilərək şəhərin Seybətin ərazisində əkilmişdir. Əlavə olaraq  Qarğalıq, Kalinovka, Kolatan, Təzə Alvadı, Bədəlan və Təklə kəndləri ərazisində ümumilikdə 3000 ədəd yerli tut tingləri əkilmişdir.
Rayon üzrə 24 964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır.  Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir.  Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin  torpaqların bir hissəsi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır.
        Suvarma problemlərinin tam həll edilməsi üçün Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 130 mln.m3 olacaq Viləşçay su anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha ( o cümlədən 1 746 hektarın su təminatının yaxşılaşdırılması, 18 354 ha yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 km uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəkdir.
       Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuş və bu istiqamətdə işlərə başlanılmışdır.
Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 122000 m3 həcmində və 53,2 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.
           2018-ci ilin ikinci rübündə 47 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılmışdır. Belə ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 167-ci km-də yol qovşaında yerləşən beton bardyurlar yağlı boya ilə rəngləmiş, yolun 0-2-ci kilometirliyinə asfalt betonla hamarlayıcı lay verilmişdir. Bundan əlavə yerli əhəmiyyətli yollardan Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolu cari təmir edilmiş, Tatyan-Yolağac, Xıl-Seyidlər-Sirəbil, Sərçüvar-Sirəbil avtomobil yollarında hamarlama işləri aparılmışdır.
           Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
Cari ilin altı atı ərzində 1153 baş iri buynuzlu heyvan süni mayalandırılmış və 854 baş sağlam bala alınmışdır. Dövlət büdcəsinin vəsaiti hesabına  alınmış hər buzova görə 100 manat  vəsait yanvar-aprel ayları  üzrə ödənilmişdir.
          Hörmətli toplantı iştirakçıları !
       Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 7136,90 min manata qarşı 7775,30 min manat və ya 108,9 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 863,40 min manata qarşı 946.70 min manat və ya 109,6 % yerinə yetirilmişdir. Şöbədə hazırda 26 min 531 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 173 nəfərə əmək pensiyası təyin olunmuşdur.
       2018-ci ilin ikinci rübündə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən yaşa görə 14421, əlilliyə görə 10498, ailə başçısını itirən kimi 1950 nəfərə əmək pensiyası ödənmişdir.
      Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda təmir bərpa işləri aparılmışdır.
Boradigah qəsəbəsində 1114 ədəd 0.4 kv-luq dəmir dayaqlar basdırılmış, 14120 metr SİP kabel çəkilməklə, 296 ədəd elektrik sayğacı həyətlərdən çölə çıxarılmış, həmçinin 114 ədəd “Smart” tipli sayğac quraşdırılmışdır.
     35 kv-luq Alvadı yarımstansiyası üzrə yenidənqurma işləri ilə əlaqədar burada müasir tipli eleqaz, vakkum açarları və 2 ədəd 10 MVA transformator quraşdırılmaqla yarımstansiyanın gücü 2.5 dəfə artırılmışdır.  Eyni zamanda 35 kV-luq Alvadı hava xətləri tam yenilənərək 10.0 km xətt çəkilib istifadəyə verilmişdir.
    Təzə Alvadı kəndində 10/0.4 kV-luq hava xətləri tam yenidən qurulmuş, 21 ədəd yeni transformator məntəqəsi quraşdırılmışdır. 319 ədəd 10 kV-luq, 2383 0.4 kV-luq dayaqlar basdırılmaqla, 61341 metr SİP kabel çəkilmiş, 1725 ədəd “Smart” tipli elektrik sayğacları quraşdırılmışdır.
    Təklə, Sığıncaq, Mollahəsənli, Xoşçobanlı, Ləngan kəndlərində tam yenidən qurma işləri başa çatdırılmışdır. 18 ədəd yeni transformator məntəqəsi quraşdırılmış 603 ədəd 10 kV-luq,  1590 ədəd 0.4 kV-luq dəmir dayaq basdırılmaqla 42126 metr SİP kabel çəkilmiş, 1510 ədəd “Smart” tipli elektrik sayğacları quraşdırılmışdır.
    Köçəkli kəndində 508 ədəd 0.4 kV-luq dəmir dayaq basdırılmaqla 8880 metr SİP kabel çəkilmiş və 234 ədəd “Smart” tipli elektrik sayğacı quraşdırılmışdır.
    Qədirli kəndində 157 ədəd 0.4 kV-luq dayaq basdırılmaqla, 3289  metr SİP kabel çəkilmiş və 214 ədəd “Smart” tipli elektrik sayğacı quraşdırılmışdır.
    Təkdam kəndində 89 ədəd 0.4 kV-luq dayaq basdırılmaqla 3120  metr SİP kabel çəkilmiş və 66 ədəd “Smart” tipli elektrik sayğacı quraşdırılmışdır.
    Bundan əlavəı Ərkivan qəsəbəsində 4.2 km, Qızılağac kəndində 5.2 km, Hüseynhacılı kəndində isə 11.5 km uzunluqda SİP kabel çəkilmişdir.    
     Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Sirəbil,Qızılağac, Hüseynhacılı, Öncəqala, Məmmədoba, Xıl, Babaküçə, Sığdaş,Sığıncaq, Bala Təklə, Qasımlı, Yeddioyma 2, Xanalion, Tiyaqani, Şıxlar və Qodman kəndləri təbii qazla təchiz edilmişdir.  Hazırda Tatyanoba və Güllütəpə kəndlərinin qazlaşdırılmasına başlanılmışdır.
    Ərkivan qəsəbəsində və Binə Xocavar kəndində  520 ədəd qaz sayğacları həyətlərdən küçəyə çıxarılmışdır. Türkoba kəndində sayğacların həyətlərdən küçəyə çıxarılma işləri davam etdirilir.
Rayon üzrə qaz alan abonentlərin sayı 38511 nəfərdir. Hazırda rayon əhalisinin 96 faizi qazla təmin edilmişdir.
Cari ildə daha 2 yaşayış məntəqəsinin (Güllütəpə, Tatyan) qazla təmin olunması nəzərdə tutulmuşdur. Bu da ümumilikdə rayon üzrə qaz abonentlərinin 97 faizə çatdırılması deməkdir.
           Hörmətli yığıncaq iştirakçıları !
        2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə “Viləşçay” Su anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 m3 həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilmişdir.
        Magistral xəttin uzunluğu 7 km, şəbəkədaxili xətlərin ümumi uzunluğu 209 km təşkil edir. Şəhər ərazisində veriləcək su sərfi orta gündəlik norma ilə adam başına 180 litr qəbul edilmişdir. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 9149 sayğac quraşdırılmışdır. Rüb ərzində 1500 abonentlə müqavilə bağlanaraq sayğaclara surğuc vurulmuşdur. Hazırda bu işlər davam etdirilir. Eyni zamanda şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır.
        Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Müəyyən maliyyə çətinliklərinin yaşanmasına baxmayaraq hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində  20 km-ə yaxın magistral  xətt çəkilmiş və bu il 5 kəndə su verilməsi nəzərdə tutulmuşdur.
Masallı rayonunun Muğan zonası istiqamətindəki 5 kəndin içməli su ilə tələbatını ödəməkdən ötərü həmin kəndlərə bulaqlar vasitəsilə su verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar rayonun Məmmədxanlı kəndində 19 ədəd bulaq tikilib istifadəyə hazır vəziyyətə gətirilmişdir. Eyni zamanda Kürdəbaz kəndində 24, Bala Təklədə 21, Şərəfə kəndində 71 ədəd bulağın tikintisi davam etdirilir.
           Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 34 min m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 160-200 m3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
       Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəklərinə, həmçinin 35 ha yaşıllıq sahəsinə xidmət göstərilmişdir.
Cari ilin altı ayı ərzində 120 ton kağız və karton tullantıları yığılmış 67,9 ton təhvil verilmişdir. Eyni zamanda 14 ton plastik tullantı yığılmış 8 ton təhvil verilmişdir.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.
Cari ilin altı ayı ərzində Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin və Göyəçöl tam orta məktəbinin tikintisinə başlanılmışdır. Hazırda Xallıcalı və Təkdam məktəblərində son tamamlanma işləri görülür, Gəyəçöl kənd tam orta məktəbində isə tikinti işləri davam etdirilir. Yaxın günlərdə Şıxlar və Bala Təklə kəndlərində də modul tipli məktəblərin tikintisinə başlanılacaqdır.
         Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüş, Məmmədoba və Miyankü həkim məntəqələri tikilərək istifadəyə verilmişdir. Hazırda Lürən həkim məntəqəsinin tikintisi davam etdirilir.
     2018-ci ilin ikinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
     2018-ci ilin ilk altı ayında rayonda 1054 nəfər uşaq doğulmuş, uşaq ölümü 1,4 promil (3 nəfər), evdə doğuş 1,4 promil (3 nəfər) olmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və altı ay ərzinə 1135 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
     İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 5941 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 12 fevral 2018-cı il tarixdən  əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və 12 may 2018-ci il tarixə kimi 141484 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 4014 nəfərdə xəstəlik aşkar olunmuş, onlardan 3866 nəfəri ambulator, 148 nəfəri stasionar müalicəyə cəlb edilmişdir. 118 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
       Əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. Rüb ərzində 23230 uşaq müayinə edilmişdir ki, bunlardan 2110 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 171 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
       Rayonda 112 nəfər xroniki böyrək çatışmamazlığı xəstəsi vardır ki, bunlardan 48 nəfəri dövlət hesabına hemodializ edilir.
           2018-ci ilin birinci yarım ilində nikaha girmiş 200 cütlüyün müayinəsi zamanı 7 nəfərdə talassemiya daşıyıcısı aşkar edilmişdir.
       Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi birinci rüb ərzində mütəmadi olaraq  yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmışdır.
      Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 13459 m2 sahədə gəmiricilərə qarşı, 16434 m2 sahədə həşəratlara qarşı, 4086 m2 sahədə isə mikroblara qarşı  mübarizə tədbirləri həyata keçirilmişdir.
Hörmətli tədbir iştirakçıları !
       Masallı rayon Mədəniyyət şöbəsi cari ilin birinci rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır.
Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 sentyabr 2016-cı il  tarixində Masallıya səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Masallı rayonu ərazisində Turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılmış və təklif cənab Prezident tərəfindən bəyənilmişdir. Bu məqsədlə müvafiq məsləhətləşmələr aparılmış və tikinti layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.
Kompleksin Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolunun kənarında yerləşən 10 hektar sahədə tikilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Həmin torpaq sahəsi Dövlət meşə fonduna aid torpaqlardır ki, hazırda bu ərazidə seyrək meşə və kol ağacları mövcuddur. Bu torpaq sahəsinin şimal-şərq hissəsində isə ona bitişik, Qəriblər bələdiyyəsinin balansında olan və meşə örtüyü ilə daha zəngin olan 10 hektar torpaq sahəsi yerləşir.         
            Dövlət Meşə Fonduna aid 10 hektar torpaq sahəsinin, həmin əraziyə yaxın və Qəriblər bələdiyyəsinə aid olan 10 hektar torpaq sahəsi ilə dəyişdirilməsi ilə əlaqədar aidiyyəti təşkilatlara müraciətlər ünvanlanmışdır.
       Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 105 ilk təşkilatının 11 min 213 nəfər üzvü vardır. Digər partiyaların  üzvlərinin ümumi sayı 1108 nəfərdir.
Rayon  ərazisində 36  QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla  bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində  2,   təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
       Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb  ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 163 nəfər gənc hərbi xidmətə yola salınmışdır. Hazırda bu iş davam etdirilir.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2018-ci ilin birinci rübündə rayon ərazisində 205 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 94 % olmuşdur.
           2018-ci ilin altı ayı ərzində rayon İcra hakimiyyətinə 953 müraciət daxil olmuşdur ki, onlardan 481 rayon İcra hakimiyyətinə, 472 isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 752-si ərizə, 186-sı şikayət, 15-i təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 51 ədəd artım, şikayətlərin sayında isə 27 ədəd azalma olmuşdur. Bu dövr ərzində  keçirilən qəbullar zamanı ümumilikdə 689 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 444 nəfəri rayon İcra hakimiyyətində, 178 nəfəri səyyar, 67 nəfəri virtual qəbullarda qəbul edilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır. 
Rüb ərzində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri  haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.

Hörmətli toplantı iştirakçıları !
          Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.     
           Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi il sonuna qədər rayon ərazisinin 97 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
          Bildiyiniz kimi elektrik xətt təsərrüfatı istifadəyə yararsız vəziyyətdədir. Xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
          Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tütünçülüyün, üzümçülüyün tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Habelə sitrus və fındıq bağlarının salınmasına, heyvandarlığın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirməliyik. Eyni zamanda Masallı şəhərində “Sənaye məhəlləsi”nin istifadəyə verilməsi, “Logistik mərkəz” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır.
       Masallı rayonunda Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi və bəndin ümumi su tutumunun 120 mln m3-ə çatdırılması ilə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir. Bu istiqamətdə hazırlıq işləri aparılır və bəndin ikinci növbəsinin tikintisi nəinki Masallının bütün regionun iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.
      Rayonda turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir. Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm İstirahət şəhərciyinin İsti-Su zonasında salınması ilə bağlı irəli sürdüyümüz təklif reallaşmaq ərəfəsindədir. Bu istiqamətdə səylərimiz davam edəcəkdir.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
Bildiyiniz kimi 2018-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
Məruzə ərtafında  rayon kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev, Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumriyyə Cəfərova, Masallı Rayon İcra Hakimiyyətinin başçısının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Abbas Mikayılov, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəis müavini İsa Nuriyev çıxış etmişlər.
           Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur.
          Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırmışdır.

Keçidlər