Şriftin ölçüsü :

Saytın rəngi :

Üzü payıza sarı...

27 sentyabr 2018 | 16:00

Bizə qaynar günlər yaşadan yayın ömrünə az qalıb. İlin anomal istilərinə baxmayaraq rayonun əmək həyatı ahəngini pozmadı. Tarlalar hər səhər əmək adamlarının səsinə oyanırdı. Elin varı olan taxıl optimal müddətdə biçilib qurtardı. Ötən illərdən fərqli olaraq bu mövsümdə noxud, mərcimək, lərgə, sarımsaq əkinləri xeyli genişləndirildi. Kartofçuluq, çiyələkçilik adamların məşğulluğuna kömək oldu. Sitrus bağlarının genişləndirilməsinə də maraq var. Çayçılığa ümidlə baxırıq. Tərəvəz sahələri də ötən illərdəkindən artıb. İstehsal çoxalıb. İkinci xiyar, pomidor, bibər məhsulunun istehsalı başlanıb. Bu da bazarları ilboyu təzə tərəvəz məhsullarına təminat yaradır. Bostançılıq da yaxşı bəhrə verir. Muğan torpaqlarında yetişdirilən yemiş, qarpız heç də Sabirabad, Kürdəmirin   bostan məhsullarından geri qalmır. Müştərisi başının üstündə, qiyməti də münasib.

Ən fərəhləndirici hal çəltik sahələrindədir. Saralan sünbüllər dənin ağırlığından torpağa əyilib. Bu il 300 hektardan çox çəltik sahəsinin məhsulu biçiləcək. Bu günlərdə mexanizatorlar biçinə başlayıblar. Masallı düyüsü keçmiş ad-sanını qaytaracaq. Sadaladığımızlar dünəndə qaldı. Bu gün isə sabahın uğurları barədə fikirləşməliyik.
İndi Masallının əmək adamları sabahın məhsulu üçün yenidən torpağa üz tutublar. Bəzi tərəvəz məhsullarının yığımı başa çatan kimi torpaqların şumlanmasına başlayıblar. Təcrübəli təsərrüfatçılar yaxşı bilirlər ki, bu günün işini sabaha qoymazlar. Çünki, əldən qalan əlli il qalar, deyiblər. Payız yağışlarından sonra torpağı şumlamaq məhsulu 50 faiz itirmək deməkdir. Kəsək-kəltənli torpağı yaxşı hazırlamaq olmur. Əkində, becərmələrdə də çətinlik yaradır. Axı, torpaq öldür məni, dirildim səni, ya da əz məni, əzizləyim   səni deyir. Bu inamla isə başlayan mexanizatorlar xeyli sahədə bu mühüm aqrotexniki tədbiri başa çatdırmağa nail olublar.
Əhalisi 225 min nəfəri keçən Masallının torpaq payı azdan azdır. Odur ki, bu torpaqların hər qarışından istifadə etmək çox vacibdir.
Mən 45 ildən artıqdır ki, rayonun təsərrüfat həyatını qəzetdə işıqlandırıram. Çox məsələlərin,   neçə-neçə təsərrüfat tədbirlərinin şahidiyəm. Rayonda bu gün torpağa qayıdış sevindirici olsa da, ötən əsrin 90-cı illərində itirdiklərimizin bərpasına nail ola bilməmişik. Xüsusilə çayçılıq və üzümçülüyün məhvi rayon iqtisadiyyatına böyük ziyan vurub. Bu sahələrin bərpası isə məşğulluğa böyük dəstəkdir.
Ölkə prezidenti   cənab İlham Əliyev in Lənkərandakı müşavirədə verdiyi tapşırıqlar həyata keçirilsə bu, iqtisadiyyatımızın yüksəlməsi, adamlarımızın rifahı deməkdir. Möhtərəm Prezidentimizin tövsiyələrinin yerinə yetirilməsi keçmiş çayçılıq təsərrüfatlarında əmək həyatının dirçəlməsidir. Həmin torpaqların əksəriyyəti isə bu gün də əkin-biçinsizdir.
Çayçılığın bərpası asan aqrotexniki proses deyil. Torpaq 70-80 santimetr dərinlikdə şumlanmalı, qreyderlə hamarlanmalı, su məsələsi həll edilməlidir. Başlıcası isə adamların birliyi daha çox vacibdir. Çay 6-7 ilə məhsul verən bitkidir. Odur ki, Masallının şöhrəti olan bu nadir bitkinin əkilməsi gecikdirilməməlidir.
Həyat həmişəki axarı ilə davam etmir. Bu gün bəzi ailələr övladının Rusiyadan göndərdiyi paraya bel bağlayıb, həyətyanı sahəsini belə əkib-becərmir, göy-göyərti üçün bazara üz tutur. Belə ideyanı torpaq bizə bağışlamaz.
Bir vaxtlar üzümçülüyün rayon iqtisadiyyatında payı vardı. Üç ərazidə texniki üzüm sortları yetişdirilirdi, iki emal zavodunda xeyli işçi çalışırdı. Bu gün Çaxırlı ərazisində 9-10 hektar üzüm bağı mövcuddur. Hər il emal müəssisələrinə xeyli məhsul təhvil verilir, müəyyən qədəri bazarlara çıxarılır. Maraqlıdır niyə bu sahəyə maraq yoxdur, axı üzümçülük də təsərrüfatın çox gəlirli sahəsidir.
Masallı tərəvəzi alıcı təşkilatlarda əl-əl gəzir. Doğrudur, pay torpaqlarında, həyətyanı sahələrdə tərəvəz məhsulları yetişdirilir. Ancaq bu sahədəki işlər istənilən həddə deyil.
Bu gün bazarlarda yerli pomidor, kələm, xiyar tapmaq müşkülə dönüb. İstixana təsərrüfatlarının genişləndirilməsinə maraq azdır. Halbuki tərəvəz məhsullarının bolluğu üçün bu istixanalar böyük imkanlara malikdir.
Bolluğun açarı su ehtiyatının yaradılmasındadır. Ərazilərdə yüzlərlə bənd var ki, xeyli su ehtiyatına malikdir. Ancaq bu ehtiyatlar başqa sahələrə yönəldilir. Bir neçə   adamın su mənbələrini zəbt etməsi minlərlə təsərrüfatçının əlini işdən soyudub. Həqiqət budur ki, susuz əkin-biçin mümkün deyil. Bu, bələdiyyə sədrlərini, ərazi nümayəndələrini narahat etməlidir. Payız yağış, sel-su fəslidir. Odur ki, kəndlərdəki əsas və köməkçi kanallar məhz bu vaxtlar təmizlənib dərinləşdirilməlidir. Kanalların dolması, həm də su itkisidir. Bəzi fermerlərlə söhbət zamanı kanallardan istifadə edə bilməməsini gündəmə gətirir.
Torpağa qayğı bolluğun açarıdır. Bolluq üçün bünövrə isə məhz payızda qoyulur. Bu gün üzümüz payıza sarıdır. Vacib təsərrüfat qayğılarının icrası üçün əsl məqamdır.

Keçidlər