Masallı: Yeni layihələr, geniş üfüqlər
…Yolumuz cənub bölgəsinə, gözəlliklər məskəni Masallıya idi. Bu dəfə maşınımız yenicə istifadəyə verilmiş, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə sürətlə şütüyürdü. Səfərdaşlarım müasir və rahat yolu bəh-bəhlə tərifləyərək dedilər ki, əvvəlki yoldan 40 kilometr qısa olduğuna, maksimal hərəkət sürəti 120 kilometrə çatdırıldığına və yaşayış məntəqələrinin içindən keçmədiyinə görə bu yola sərf edilən vaxt ən aşağısı 1 saat azalıb. Elə bu böyük layihə Azərbaycanın iqtisadi qüdrətinin əyani göstəricisi sayılmağa layiqdir.
Mən təzə marşrutla ilk dəfə getdiyimə görə magistralı daha böyük heyranlıqla seyr elədim. Son illərdə respublikamızın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi hesabına irimiqyaslı layihələrin uğurlu icrası məndə də təbii bir fərəh doğurdu. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılmasının ardıcıl səciyyə daşıması, sözün həqiqi mənasında qürurvericidir.
Yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Birinci texniki dərəcəyə aiddir. Asfalt vurulmuş hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4-dür. Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat Sanayi Turizm və Ticarət”, “Özgün Yapı Sənaye və Ticarət”, həmçinin digər nüfuzlu xarici şirkətlərdir. Yolun bir hissəsinin tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Bu il sentyabrın 18-də isə cənab Prezident Salyan-Şorsulu, Şorsulu-Cəlilabad və Masallı-Lənkəran-Astara hissələrinin açılışını reallaşdırıb. Beləliklə də Ələt-Astara-İranla dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verilib.
Ümumilikdə, magistral yol boyunca 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları, göstərici lövhələr quraşdırılıb və yol-cizgi xətləri çəkilib. Magistralın digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli qovşaqların tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması burada təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradır. Təbii ki, bu yolun tikintisi bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
Bir də gördük ki, artıq Masallıdayıq. Ötən ay bu rayonda Prezident İlham Əliyevin xeyir-duası ilə Masallı Sənaye Məhəlləsinin, “Masallı nemətləri” MMC-nin çəltik emalı müəssisəsinin, əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxan-Xallıcallı-Eminli-Məmmədxanlı yolunun açılışı olub. Yeri gəlmişkən xatırladaq ki, dövlət başçısı son 15 ildə Masallıya 10 dəfə səfər edib və bu səfərlərin hamısı rayonun tarixinə qızıl hərflərlə yazılıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində rayonda bir sıra mühüm tədbirlər həyata keçirilib, sənaye məhsulunun həcmi 11,2 dəfə, əsas kapitala yönəldilən vəsait 45 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 45,5 dəfə artıb, Olimpiya İdman Kompleksi, “ASAN həyat” Kompleksi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-İncəsənət Məktəbi, Regional Boks və Taekvando mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, 47 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bundan başqa, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, 110/35/10 kV-luq “Tüklə” elektrik yarımstansiyası istismara verilib, iri istehsal və emal müəssisələri yaradılıb.
Qardaş Fətullayev, “Masallı ziyalıları” ictimai birliyinin sədri:
– Möhtərəm Prezidentimizin bölgələrə səfərləri ucqarlara göstərilən böyük qayğının təzahürüdür. Bu qayğının sayəsində bizim Masallı rayonu da sürətlə inkişaf edib və gözəlləşib. Burada 28 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Bütün bunlar həyatımızı daha da gözəlləşdirir, bizi yeni-yeni nailiyyətlər qazanmağa ruhlandırır.
Masallı Sənaye Məhəlləsinin yaradılması ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafı istiqamətində çox mühüm layihələrin icrasına gözəl nümunədir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə baxımından sənaye məhəllələrinin müstəsna əhəmiyyəti var. Bu Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektardır. Burada dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Fiziki şəxs Süleyman Qurbanov tərəfindən yaradılan istehsal sahəsində “Mikayıloğlu” brendi ilə uşaq və mətbəx mebelləri istehsal ediləcək. İnvestisiya məbləği 100 min manatdır. Ayda 100 mətbəx və uşaq mebeli istehsal olunacaq. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 180 min manatdır. Sənaye Məhəlləsinin ilk qadın iştirakçısı olan Qənirə Zeynalovanın iş sahəsinə isə 80 min manat investisiya yatırılıb. Müxtəlif növ yumşaq mebellərın istehsalı təşkil edilib.
Süleyman Qurbanov, sahibkar:
– Prezident İlham Əliyevlə Sənaye Məhəlləsində görüşümüz hər birimizə unudulmaz təsir bağışladı. Həmin görüşdə mənə də ürək sözlərimi söyləmək nəsib oldu. Möhtərəm ¬Prezidentimizə dedim ki, Sizin tapşırığınıza uyğun olaraq inşa edilən Masallı Sənaye Məhəlləsi nəinki bizim rayonun, hətta ətraf rayonların da inkişafına öz töhfəsini verəcək. Bizə burada çox gözəl şərait yaradılıb. Mən əvvəllər Rusiyada fəaliyyət göstərirdim. Özəl bölmənin inkişafına yetirilən diqqət məni Azərbaycana qayıtmağa, öz Vətənimdə fəaliyyət göstərməyə sövq etdi. Rayonumuzun inkişafına göstərdiyi böyük qayğıya görə bütün Masallı sakinləri və sahibkarları adından cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm.
Sənaye Məhəlləsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (KOB) Mərkəzi, habelə “Azərxalça” ASC tərəfindən yaradılmış Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərir. İnzibati binada sahibkarlara sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri xidmətləri də yaradılır.
Həmin gün “Masallı Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsinin kollektivi də öz fəaliyyəti üçün ən yüksək səviyyədə xeyir-dua alıb. Bölgələrimizdə aqrar sahənin inkişafı istiqamətində icra olunan belə layihələr həm də ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi deməkdir. Bu çərçivədə çəltik tədarükünün stimullaşdırılması, əhalinin bu sahəyə marağının daha da artırılması xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə, son illərdə cənub bölgəsində, o cümlədən Masallı rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da güclənib. Yeni yaradılmış müəssisənin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Burada inşaat işləri 2018-ci ilin sentyabr ayında tam başa çatdırılıb. İstehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyüqurutma gücü isə 900 tondur. Dövlətimizin başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə yaxından tanış olub və tövsiyələrini verib.
Masallı rayonunun Şatıroba-Hişkədərə, Miyankü, Kubin, Birinci Səmidxanlı, Xallıcalı, Eminli, Məmmədxanlı və digər kəndlərində yaşayan 32 min nəfər sakini də böyük sevinc içərisindədir. Bu ərazidəki 22 kəndi birləşdirən yeni avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən 7,5 milyon manat vəsait xərclənib. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun uzunluğu 24,7 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Bu yol rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bölgədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Mirqabil Hüseynov, Masallı Şəhər Ağsaqqallar Şurasının sədri:
– Mənim 51 illik pedaqoji təcrübəm var. Fəxr edirəm ki, məhz cənab İlham Əliyevin Prezidentliyi dövründə Əməkdar müəllim fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşam. Masallıdakı görüşləri zamanı dövlət başçısı təhsilə qayğıdan da danışaraq dedi ki, rayonda 40-dan çox məktəb tikilməsinə və əsaslı təmir edilməsinə baxmayaraq, hələ də təmirə ehtiyacı olan məktəblər var, biz onları da həll edəcəyik. Hazırda Park-Bulvar Kompleksi sürətlə tikilir. Yaxın vaxtlarda bu kompleks biz sakinlərin sevimli istirahət guşəsinə çevriləcək. Buna görə cənab İlham Əliyevə hədsiz dərəcədə minnətdarıq. Allah onu daim öz pənahında saxlasın!
Nəhayət, bunu da qeyd etmək xüsusilə fərəhlidir ki, sentyabrın 18-də Prezident İlham Əliyev Masallı rayonunun inkişafı ilə bağlı iki mühüm sərəncam imzalayıb. Birinci sərəncamla abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılması qərara alınıb. Digər sərəncamla isə Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Göründüyü kimi, Masallıda yeni-yeni layihələrin həyata keçirilməsi reallaşdıqca inkişaf, tərəqqi üfüqləri də genişlənir. Dövlət qayğısı əhalinin yaşam tərzinin daha da yaxşılaşmasına vəsilə olur.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri