Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının kənd və qəsəbələri yüksəliş yolunda

24 yanvar 2019 | 16:00

İndi Masallının ən ucqar kəndinə belə asanlıqla gedib çıxmaq olur. Amma vaxt vardı ki, yağışlı-yağmurlu günlərdə bir sıra yaşayış məntəqəsi ətraf aləmdən təcrid olunmuş hala düşürdü. Artıq burada işıq, qaz, su problemləri yox dərəcəsinə çatır, kəndlərdə çoxzolaqlı elektron ATS-lərdən, daha sürətli internetin tətbiqindən danışılır.

Ötən il Masallı rayonu üçün də uğurlu və əlamətdar olub. Sentyabr ayında Prezident İlham Əliyevin bu rayona səfəri isə ilin ən yaddaqalan hadisəsidir. Səfər zamanı dövlət başçısı Masallı Sənaye Məhəlləsinin, “Masallı nemətləri” MMC-nin çəltik emalı müəssisəsinin və əsaslı şəkildə yenidən qurulmuş kəndlərarası avtomobil yolunun açılışını edib. Cənab Prezident qısa müddətdə bu rayonda kənd yollarının təxminən 85 faizinin yenidən qurulduğunu, kəndlərin su probleminin həllini tapmasını, sosial məsələlərin uğurla icra olunduğunu fərəhlə qeyd edib.
Səfərdən dərhal sonra dövlət başçısı tərəfindən Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 37 kiçik sututarda zəruri təmir-bərpa işlərinin aparılması üçün vəsait ayrılıb. Rayonda geniş miqyaslı tikinti-quruculuq işləri aparılıb və neçə-neçə inzibati idarə binası tikilərək istifadəyə verilib. Üç kənddə modul tipli məktəb binası quraşdırılıb, rayon Məhkəməsinin inzibati binasının inşası tamamlanmaq üzrədir. Viləş çayının hər iki sahilində müasir park-bulvar kompleksinin salınması uğurla davam edir. Artıq rayon üzrə 103 yaşayış məntəqəsindən 90-ı “mavi yanacaq”la təmin edilib, qalan 13 kəndə təbii qaz xəttinin çəkilməsi Dövlət Proqramına uyğun olaraq reallaşdırılır.
Həyat şəraitinin yaxşılaşmasının nəticəsidir ki, son vaxtlar kəndini, doğma ocağını tərk edərək Bakıya və Sumqayıta, eləcə də Rusiyanın, Ukraynanın və digər ölkələrin şəhərlərinə üz tutanların sayı azalıb, yurd yerlərinə qayıdanlarsa çoxalır.
Boradigah qəsəbəsində uzun illər sakinləri narahat edən problemlər həll olunub. Qəsəbənin küçələrinə asfalt döşənib, 1 saylı tam orta məktəb, qəsəbə xəstəxanası əsaslı təmir edilib, Babaser məktəbinin yeni binası tikilib, bu kənddə yeni tibb məntəqəsi istifadəyə verilib. Qəsəbədə fəaliyyət göstərən xəstəxana 32 yaşayış məntəqəsinə xidmət edir. Burada 3000 metrlik suötürücü xətlər, Babaser kəndində 250 metrlik suötrücü kanal təmizlənib. Əvvəlki illərə nisbətən ərazidə əkinçiliyin müxtəlif sahələri inkişaf etməkdədir. Burada 172 sahibkarlıq obyekti var.
Rayonda aqrar sahənin inkişafı üçün də mühüm işlər görülür. İstifadə olunmayan on hektarlarla torpaq sahəsində mövsümü əkinlər aparılır, baramaçılıq, tütünçülük, çəltikçilik və digər sahələr inkişaf etdirilir. Bədəlan kəndində heyvandarlıq və əkinçilik aparıcı sahələrdir. Son illərdə əkinçilikdə böyük dirçəlişə nail olunub. Qeyd edək ki, köhnə sovxoz təsərrüfatı sistemi ləğv olunduqdan sonra ilk dəfədir ki, bu qədər ərazidə torpaq sahəsi əkilir. Ötən il ərazidə xeyli noxud, lərgə, sarımsaq, kələm, buğda, arpa və sair bitkilər əkilib, onlarca sakin mövsümü iş yeri əldə edib və ailə büdcəsini artırıb. Sahibkarlar tərəfindən 130 imkansız ailəyə hazır məhsuldan pay göndərilib. Hazırda növbəti əkinlər üçün 190 hektar sahədə payız şumu vurulub və 140 hektar sahədə buğda, arpa, vələmir əkilib. 50 hektarda isə yazlıq bitkilərin əkilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ilk dəfə olaraq arı ailələrinin saxlanması üçün subsidiyaların verilməsi də kənd yerlərində rəğbətlə qarşılanmışdır. Artıq Bədəlan ərazisindən 200 arı ailəsi saxlayan 5 sahibkar hərəyə 2000 manat əlavə vəsait alıb. Baramaçılıq, çəltikçilik, çayçılıq və sitrusçuluq da inkişafdadır. Bədəlandakı uşaq-bağça kompleksində yaradılmış şərait və göstərilən xidmətin səviyyəsi kənd sakinlərini razı salır. Kənddə həkim məntəqəsi, kitabxana, klub, istirahət parkı və ağsaqqallar evi də fəaliyyət göstərir.
Nümayəndəliklər bələdiyyələrlə qarşılıqlı fəaliyyət göstərirlər. İş adamları və xeyriyyəçilərlərin dəstəyi ilə ərazilərin abadlaşdırılmasına, sosial problemlərin həllinə nail olunur. Dəmirçilər kəndində yola asfalt döşənməsi, ara küçələrin işıqlandırılması, Çayqıraq kəndində mərasim zalının və mini-futbol meydançasının inşası, ərazidə olan 47 ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsi və Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılması təqdirəlayiqdir.
Banbaşı kənd inzibati ərazi dairəsində sahibkarlıq fəaliyyəti üstünlük təşkil edir. Burada“Nofəl” maldarlıq təsərrüfatı, “Binə” istehsal şirkəti, “Nəzir” kiçik müəssisəsi və s. fəaliyyət göstərir. Hesabat ilində Binə Xocavar kəndində dəyəri 150 min manatdan çox olan istixana tikilib, Banbaşı kəndində iki ticarət evinin tikintisi davam etdirilir. Sahibkarlıq obyektlərində 450-dən çox işçi çalışır. Kənd sakinlərinin köməyi ilə Böyük Xocavar kəndinə küçə işiqları çəkilib. Ərazidə 1275 elektrik enerjisi abonenti və təbii qazdan istifadə edən 1152 abonent var.
Sözügedən ərazidə 3 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ötən il 30 məzun ali məktəblərə qəbul olunub. Təhsil sahəsində uğurlu fəaliyyətinə görə Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov “Tərəqqi “medalına layiq görülüb.
Xıl inzibati ərazi dairəsində ötən il 10 ailə özünə yeni ev tikib. Bu, əlbəttə, əhalinin sosial rifahının yaxşılaşması ilə əlaqədardır. Ərazidə 1 Milli qəhrəman ailəsi, 1 BVM-si veteranı, 1 Əfqanıstan müharibəsi iştirakçısı, 2 nəfər Çernobl iştirakçısı və 1 nəfər 1-ci qrup Çernobl əlili, 2 nəfər Qarabağ əlili yaşayır. Ərazi nümayəndəliyi bu ailələrlə müntəzəm əlaqələr saxlayır və onların qayğılarını həll etməyə çalışır. Kəndin mərkəzi yolunun suaparıcı kanalı olmadığı üçün 1 kilometrə yaxın kanal qazılıb və vətəndaşların darvazalarının qarşısına çuqun borular qoyulub ki, bu da payız-qış mövsümündə intensiv yağıntıların yarada biləcəyi çətinliyin qarşısının alınmasına xidmət edir. O cümlədən vətəndaşların pay torpaqlarının ətrafında olan suaparıcı kanallar Viləşçay Su İstismarı İdarəsinin köməkliyi ilə 5 min metrə qədər təmizlənib.
Təzə Alvadı kəndində sağlamlıq mərkəzi fəaliyyət göstərir. Kənddə SİB kabelləşmə başa çatdırılıb, əraziyə 24 saat dayanıqlı enerji verilməsi təmin edilib. Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır. Dövlət qayğısı əhalinin kənd təsərrüfatı məhsulları istehsalına marağını artırıb. Əhaliyə dövlət vəsaiti hesabına verilən yardımlar vaxtında çatdırılır. Bunun nəticəsidir ki, ərazidə 260 hektar sahədə buğda, 470 hektarda vələmir, 185 hektarda kartof, 45 hektarda çiyələk, xeyli arpa, noxud, pomidor, xiyar, tütün və kələm əkilib. Bu il üçün əkin sahələri daha da genişləndirilib. Kəndlilər razılıqla qeyd edirlər ki, bölgələrdə vətəndaşlardan kənd təsərrüfatı məhsullarını tədarük edən Ərzaq Təhcizatı və Tədarükü ASC-lər yaradılıb və cənub regionunda belə bir mərkəz məhz Masallı rayonunda yerləşir. Ərazinin özəl obyektlərində 376 nəfərdən çox işçi çalışır. Burada məskunlaşmış 5 məcburi köçkün ailəsi də qayğı ilə əhatə olunub.
Yeddioymaq inzibati ərazi dairəsi Qasımlı kənd tam orta məktəbinin əsaslı təmir olunması tədrisin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Ərazidə 1 elektron ATS əhaliyə xidmət edir, 1250 abonent vardır. İnternet istifadəçilərinin sayı 850-dən artıqdır. Bankomatın qoyulması camaatın işini xeyli asanlaşdırıb. Sovet dövründə rayonun ən böyük sovxozlarından biri burada olub. İndi ərazidə aqrar sahəyə maraq xüsusilə artmaqdadır. Ənənələr bərpa edilir, yeni istehsal sahələri genişləndirilir.
Masallıda abadlıq-quruculuq işlərinin ən ucqar əraziləri də əhatə etməsi günün fərəh doğuran reallığıdır.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər