Masallıda psixoloq müəllimlərin konfrans-seminarı keçirildi
21 fevral 2019-cu il tarixdə Masallı şəhər 1 nömrəli tam orta məktəbində rayonun ümumtəhsil məktəblərində psixologiyanı tədris edən müəllimlərin konfrans-seminarı keçirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin fəaliyyət planına əsasən “Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər” mövzusunda keçirilən konfrans-seminarda rayon təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və psixoloqlar iştirak edirdi.
Seminarın əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdir.
Tədbiri giriş sözü ilə Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov açdı. O, qonaqları təqdim edərək məktəbdə psixoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının aktuallığından danışaraq, bu tədbirin məram və məqsədi barədə iştirakçılara məlumat verdi.
Respublika Təhsil İnstitutunun psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov təqdimatlarla çıxış etdi.
Təqdimatın 1-ci modulunda Təhsil Qanununa məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı edilmiş düzəlişlər, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin yaradılması, onun təsis etdiyi Psixologiya Elmi-Tədqiqat İnstitutunun strukturu və fəaliyyət istiqamətləri, Ümumi Təhsil haqqında Qanun və orada psixoloji xidmətə verilən önəm və s. barədə məsələlər öz əksini tapmışdı. Burada Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İB və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı”nın nəticələri barədə ətraflı məlumat verildi.
2-ci modulda isə məktəbdə psixoloji xidmətin təşkili, məktəb psixoloqlarının fəaliyyət istiqamətləri və işlərində diqqət yetirilməsi vacib olan məsələlər ehtiva edilmişdi.
Təqdimatın sonuncu modulunda uşaqlarda tez-tez müşahidə edilən davranış pozuntuları:aqressivlik, oğurluq, yalan, söyüş, tiklər, məktəb qorxusu, barmaq əmmə, inadkarlıq, diqqət defisiti, hiperaktivlik və s. məsələlər, onların təzahür formaları, yaranma səbəbləri və aradan qaldırılma yolları barədə praktik təklif və tövsiyələr verildi.
Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov çıxışında qeyd etdi ki, bugünkü təqdimatda məktəbdə təhsil mühitinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı vacib problemlərdən bəhs edildi. Həqiqətən, ümumtəhsil məktəblərində keyfiyyətin təminatı həm də məktəbdə psixoloji xidmətin düzgün təşkilindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan məktəb psixoloqlarının öz fəaliyyətlərində innovativ forma və üsullara üstünlük vermələri olduqca vacibdir.
Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafiq Xəlilov rayon məktəblərində psixoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı və psixoloqlara fəaliyyətlərində uğurlar arzuladı.
Konfrans-seminarda psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün təhliletmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məqsədilə səmərəli fikir mübadiləsi aparıldı.