Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kənd sakinlərinə cücələr pulsuz paylanılır – iş adamı məqsədlərini açıqladı

13 may 2019 | 16:00

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə mühüm addımlar atılır. Buna misal kimi, kənd sakinlərinin məşğulluğunu artırmaq üçün Masallının Kolatan kəndində əsasən qadınlardan ibarət yaradılan kooperasiyanı qeyd edə bilərik. İnkubator cücə sexi onlara öz təsərrüfatlarını qurmaqda böyük dəstək olur. Kolatan kəndində cücə sexi 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində tikilib.
AZƏRTAC - dan İsmayıl Cəfərli xəbər verir ki, ilk mərhələdə Masallının Kolatan və Sığdaş kəndlərindən 20-yə yaxın qadına bu imkandan yaralanaraq pulsuz cücələr verilib. Həyətlərində cücə bəsləmək üçün şəraiti olmayanlara bu imkan yaradılmaqla dəstək göstərilir.
İnkubator təsərrüfatının sahibi, Kolatan kənd sakini Etibar Sadıqov deyir ki, hazırda 40 qadını birləşdirən qrup üzvlərinin sayı gələcəkdə ətraf kəndləri də əhatə etməklə daha da artırılacaq: “Biz bir ay ərzində həmin qadınlara hərəsinə 150-200 cücə verəcəyik. Onlar 150 cücəni öz təsərrüfatında saxlamalı və ondan gəlir götürməlidir. Hər təsərrüfat gündə 80-90 ədəd yumurta əldə edə biləcək ki, bu da 20 qəpikdən 16 manat edir. Yumurtanı sata bilməsələr belə, mən inkubator üçün götürüb onlara nağd pul verəcəyəm”.
Burada əsas məqsəd regionlarda quşçuluğun inkişaf etdirilməsi, yerli toyuq və yumurtaya artan tələbatın ödənilməsidir. Bağlanan müqaviləyə əsasən quşlar böyüdükdən sonra yalnız 25-30 faizi şəxsi ehtiyac üçün istifadə edilə bilər. Qalan hissəsi isə yumurta istehsalına yönəldiləcək. Kolatan kənd sakini İlahə Hüseynova bu dəstəkdən yararlanaraq gələcəkdə təsərrüfatını genişləndirmək niyyətindədir: “Öz evimdə cücə saxlayıram. Yəni bu işlə məşğul olan insanam. Eşitdim ki, bu sexdə insanların məşğulluğunun təmin olunması üçün cücələr verilir. Mən də gəlmişəm özüm üçün 150 ədəd götürüm, təsərrüfatımı daha da genişləndirim”.
Bu günədək 19 evdar qadına 2000-ə yaxın körpə cücə verilib. “Gəlmişəm ki, 150 ədəd cücə götürüm. Əvvəllər özümüz saxlayırdıq. Yumurtanı qoyanda hamısı yaxşı çıxmırdı. İndi istəyirəm ki, inkubatordan cücə alıb, saxlayım”, - deyən kənd sakini Pərvanə Əliyeva bildirir ki, inkubatordan cücə almaq daha etibarlıdır.
Qadınlara ilkin olaraq yem ehtiyatı da verilir. Bundan əvvəl isə kənd sakinləri cücə almaq və inkubator xidmətlərindən istifadə etmək üçün rayon mərkəzinə getməli olurdular. İnkubator sexinin kənddə olması onları əlavə xərclərdən azad edəcək. Beləliklə, kənd sakinləri mövcud resurslarını birləşdirərək məşğulluğun təmin olunmasına, gəlirlərin artmasına nail ola bilərlər.

Keçidlər