Şriftin ölçüsü :

Saytın rəngi :

2012-Cİ İLİN 9 AYININ YEKUNLARI MÜZAKIRƏ OLUNDU

17 oktyabr 2012 | 15:00

16 oktyabr 2012-ci il tarixdə Masallı rayon İcra hakimiyyətində Rayon İcra hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirilmişdir. İclasda 2012 – ci ilin 9 ayında Masallı rayonunun sosial – iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.İclası giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayında sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələrlə əlaqədar“ geniş məruzə ilə çıxış etmişdir: Müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən qüdrətlənir və inkişaf edir. Bu tərəqqinin nəticəsidir ki, sosial problemlər sürətlə həll edilir və hər bir Azərbaycan vətəndaşının rifah halı durmadan yüksəlir. Eyni zamanda respublikanın hər yerində geniş miqyaslı abadlıq və quruculuq işlərinin aparılması, illərlə yığılıb qalmış problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafının əyani sübutudur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 10 oktyabr 2012-ci il tarixdə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda çıxış edən cənab Prezident bildirmişdir ki, ötən doqquz ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ümumi daxili məhsul 1,1 faiz artmış, qeyri-neft sektorunda isə bu göstərici 10,3 faiz olmuşdur. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 16 milyard dollar olmuşdur ki, bunun da 70 faizə yaxınını daxili investisiyalar təşkil etmişdir. Makroiqtisadi vəziyyətin çox sabit olduğunu vurğulayan dövlət başçısı inflyasiyanın cəmi 1,5 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 15 faiz artdığını qeyd etmişdir. “ Kənd təsərrüfatı 6.3 faiz artmışdır ki, bu da çox gözəl göstəricidir” deyən Cənab Prezident bildirmişdir ki, kənd təsərrüfatının inkişafı idxaldan asılılığı azaltmaqla bərabər yeni iş yerlərinin açılması və bölgələrdə sənaye müəssisələrinin fəaliyyətə başlaması ilə birbaşa bağlıdır. Regionlara tez-tez səfərlər edən və görülən işlərin vəziyyəti ilə yerində tanış olan Azərbaycan Respublikasının Prezidenti vurğulamışdır ki, bölgələrdə regional inkişaf proqramı uğurla icra edilir. Ötən dövr ərzində 94.000 yeni iş yeri açılmışdır ki, onlardan 73.000-i daimi iş yeridir. 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yerləridir. Beynəlxalq mövqeləri durmadan güclənən Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe nümayiş etdirir. Bu gün bütün Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, ədalətli mövqeyini dəstəkləyir və başqa variant da ola bilməz deyən Cənab Prezident daha sonra qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimiz beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predimeti olmamışdır və olmayacaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndində dalğalanacaqdır. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu dövr olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Bildiyiniz kimi 2012-ci il rayonumuz üçün xüsusilə əlamətdar il olmuşdur. Belə ki, mart ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza səfəri çərçivəsində Masallı şəhərində çəkilən su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmiş, Mədəniyyət Evində aparılan əsaslı təmir işləri ilə yaxından tanış olmuş, rayon Gənclər Mərkəzinin açılışını etmişdir. Bundan başqa cənab Prezident rayonda yenicə istifadəyə verilmiş 2 ha sahəni əhatə edən istilikxana kompleksi və 1200 ton tutumu olan soyuducu anbarla tanış olmuşdur. Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, Rayon Mədəniyyət Evinin əsaslı təmiri başa çatdırılmışdır. Həmçinin şəhərin Z.Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq, H.Əliyev mərkəzində isə yenidənqurma və genişləndirmə işləri aparılır. Eyni zamanda YAP Masallı rayon təşkilatının, “Xatirə” parkının, ”Veteranlar evi”nin və rayonun giriş qapısının tikintisi sürətlə davam etdirilir. Habelə Qarabağ küçəsində məhəllələr abadlaşdırılır, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilir. Eyni zamanda idman komplekslərinin, məktəblərin, istilikxana və digər obyektlərin tikintisi aparılır. Son 9 ayda rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,8% artaraq 291,5 milyon manat olmuşdur. Hesabat dövründə adambaşına düşən pul gəlirləri 1408 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 290 manat olmuşdur. 2012-cu ilin 9 ayı ərzində Masallı rayon büdcəsinin gəlirləri 24 milyon 843 min 63 manata qarşı 23 milyon 819 min 791 manat və ya 96 % icra olunmuşdur. Rayonda əkilmiş 8809 ha buğda sahəsindən 20385 ton, 2313 ha arpa sahəsindən 4823 ton, 2798 ha tərəvəz sahəsindən 72805 ton , 2275 ha kartof sahəsindən 30362 ton, 577 ha bostan əkini sahəsindən isə 7131 ton məhsul istehsal edilmişdir. 01 oktyabr 2012-ci il vəziyyətinə iri buynuzlu mal-qaranın baş sayı 71104 başa, xırda buynuzlu mal-qaranın baş sayı 77758 başa çatmışdır. Cari ilin doqquz ayı ərzində süd istehsalı 32143 tona, ət istehsalı 4222 tona, yumurta istehsalı 43.928.000 ədədə çatmışdır. Kənd təsərrüfatı iqtisadiyyatın şaxələndirilməsi və məşğullluğun təmin edilməsi üçün əsas sahədir. Çünki rayon əhalisinin təxminən 85 faizə qədəri kəndlərdə yaşayır və torpaq mülkiyyətçisidir. Burada həm yeni təşəbbüslərin icra edilməsi, həm də təkmilləşmə proseslərinin sürətlə getməsi daha da gözəl nəticələr verəcəkdir. Bu mənada Masallı kimi əhalinin çox, torpağın az olduğu rayonlarda torpaqdan maksimum səmərəli istifadə edilməli, yüksək mənfəət əldə etmək üçün torpaq payçıları bazarda tələbatın çox olduğu və yüksək qiymətə satılan məhsulların istehsalına üstünlük verməlidirlər. Bununla bərabər istehsal olunan məhsulun bazarının tapılması çox əhəmiyyətlidir. Bu məqsədlə Rusiya bazarına çıxış yollarını axtarmalıyıq və bu məsələdə Respublikamızdan kənarda yaşayan və işləyən həmyerlilərimizin imkanlarından istifadə etməliyik. Digər həll yollarından biri isə menecerlərin xidmətindən istifadə edilməsidir. Belə ki, torpaq payçıları yerli və xarici bazarlarla işgüzar əlaqələr qurmağı bacaran menecerlərlə müqavilə bağlayır və istehsal etdikləri mallarının satışını onlara həvalə edir. Belə olan təqdirdə satış qayğısı çəkməyən fermer daha yüksək məhsuldarlıq əldə etmək haqda düşünür. Bu sistemin formalaşması və təkmilləşməsi üçün əlaqədar təşkilatlarla birgə rayon İcra hakimiyyəti başçısı aparatının Aqrar məsələlər şöbəsi tədbirlər planı işləyib hazırlamalıdır. Burada əkin strukturlarının əvvəlcədən müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Kənd təsərrüfatının inkişafına kömək məqsədilə yaradılmış Aqrolizinq ASC-nin Masallı filialının səmərəsiz fəaliyyəti onun rəhbərliyinin dəyişdirilməsi ilə nəticələnmişdir. Ümid edirik ki, yeni rəhbərlik cəmiyyətin fəaliyyətində ciddi dönüş yaratmaqla aqrar sahənin inkişafına nəhayət ki, öz tövhəsini verəcəkdir. Cənab Prezidentin qarşıya qoyduğu əsas vəzifələrdən biri də ondan ibarətdir ki, əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir. Bu istiqamətdə görülməsi nəzərdə tutulan tədbirlərin başında çayçılığın bərpa edilməsi məsələsi durur. Bu məsələ aidiyyəti təşkilatlar qarşısında qaldırılmış və sevindirici haldır ki, 100 ha sahədə yeni çay plantasiyasının salınması barədə ilkin razılıq əldə olunmuşdur. Eyni zamanda faraş tərəvəzçiliyin inkişafı prioritet məsələlərdəndir ki, bu sahənin inkişafına mane olan problemlər vardır və bu problemlərin həlli ilə bağlı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri ilə davamlı məsləhətləşmələr aparılır. Bununla bərabər rayonda yeni emal müəssisələrin yaradılması vacibdir. Narahatedici haldır ki, 210 min əhalisi olan Masallıda bir çörək zavodu belə yoxdur. Ən əziz nemət olan çörək kiçik primitiv və antisanitar vəziyyətdə olan sexlərdə istehsal olunur. Bu proses çərçivəsində torpaq payçılarının koperasiyalarda birləşməsi, iri fermer təsərrüfatlarının yaradılması, habelə kənd təsərrüfatına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin cəlbi inkişafa yeni təkan verəcəkdir. Rayon Məşğulluq Mərkəzinə 2012-ci ilin 9 ayında 431 nəfər vətəndaş müraciət etmiş və qeydiyyata alınmışdır. Qeydiyyatda olan vətəndaşlardan 312 nəfəri idarə və müəssisələrdə münasib işlə təmin edilmişdir ki, onlardan 169 nəfəri qadınlar olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən cari ilin 9 ayında proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 3193,1 min manata qarşı 3068,0 min manat və ya 96,1%, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 800,4 min manata qarşı 697.4 min manat və ya 87.1% yerinə yetirilmişdir. Şöbədə hazırda 28 min 315 nəfər əmək pensiyaçısı uçotdadır. Hesabat dövrü ərzində ümumilikdə 522 nəfərə əmək pensiyası təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Masallı filialında görülən tədbirlərə baxmayaraq hələ də bir çox problemlər qalmaqdadır. Xüsusən də sosial sığorta haqlarının tam yığılması və ödəmədən yayınanlar haqqında qanuni ölçü götürülməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Habelə debitor borcu olan bələdiyyələrlə müəyyən iş aparılsa da lazımı nəticə əldə edilməmişdir. 2012-ci ilin 9 ayı ərzində Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 3499 ailə Ünvanlı Dövlət Sosial Yardımı almaq üçün müraciət etmiş, onlardan 3442 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 57 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Yardım təyinatı aparılmış ailələrə aylıq 440 min 516 manat vəsait ödənilmişdir. Cənab Prezident qeyd etmişdir ki, bu il kənd yollarına müasir Azərbaycan tarixində ən böyük vəsait qoyulmuşdur. Bu istiqamətdə Masallıda da xeyli işlər görülmüş və hazırda bu işlər davam etdirilir. Belə ki, ölkə əhəmiyyətli Ələt-Astara avtomobil yolunun tikintisi ilə əlaqədar rayonun Sərçuvar kəndi ərazisindən başlayaraq yolun Masallı rayonundan keçən hissəsinin çəkilməsi işləri aparılır. Həmçinin cənab Prezidentin sərəncamları ilə ayrılmış vəsaitlər hesabına Masallı rayonunda kəndlərarası yolların əsaslı təmiri və yenidən qurulması istiqamətində xeyli işlərin görülməsinə baxmayaraq hələ də bir çox kənd yollarının təmirinə ehtiyac vardır. Biz çalışmalıyıq ki, gələn ilin sonuna qədər kənd yollarının əsaslı təmiri ilə bağlı mövcud problemləri həll edək. Elektrik xətlərinin çəkilişi məsələləri də prioritet olmalıdır. Biz elektrik enerjisi ilə bağlı son illər ərzində çox ciddi tədbirlər görmüşük, böyük güclər yaradılıb, elektrik stansiyaları tikilib deyən Möhtərəm Prezident onu da qeyd etmişdir ki, bölgələrdə paylayıcı xətlər lazımı səviyyədə deyildir. Bəzi hallarda qəzalı taxta dirəklərlə çəkilən bu xətlər külək əsən kimi qırılır və insanlar əziyyət çəkirlər. Hesab edirəm gələn il artıq bu sahədə ciddi dönüş ili olmalıdır. İnvestisiya proqramında bölgələrin paylayıcı xətlərin bərpası, yenidən qurulması məsələsi də ayrıca maddə ilə öz əksini tapmalıdır. Son aylar enerji haqlarının toplanmasında müəyyən dəyişikliklər olsa da hələ də istənilən nəticə əldə olunmamışdir. Eyni zamanda xətt təsərrüfatının acınacaqlı vəziyyətdə olması davamlı çətinliklərin yaranmasına səbəb olur ki, bu da qış mövsümünün başlanması ərəfəsində bizi ciddi narahat edir. Masallı Elektrik şəbəkəsinin rəhbərliyi qeyd olunan neqativ halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Rayon üzrə ümumi qaz abonentlərinin sayı 22 min 985-ə bərabərdir. Rayon ərazisində qazdan sayğacsız istifadə edən abonent yoxdur. Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar 13 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi yekunlaşdırılaraq Musaküçə kəndində 760, Səmidxan kəndində 81, Seybətin kəndində 395 və Gəyəçöl kəndində 636 abonentin qaz təchizatı bərpa edilmişdir. Qazlaşdırılması nəzərdə tutulmuş kəndlərdən Həsənli, Təkdam, Məmmədxanlı, Hacıtəpə, Xırmandalı, Ərəb və Köçəkli kəndlərinin kənddaxili qaz xətlərinin çəkilişi yekunlaşdırılaraq abonentlərin mənzillərinə 2085 ədəd sayğac quraşdırılmış və bu kəndlərə təbii qazın verilməsi üçün hazırlıq işləri görülür. Həmçinin rayonun Lürən və Pircana kəndlərində də qaz xətlərinin çəkilişi yekunlaşdırılmış və 100 evə sayğac quraşdırılmışdır. Hazırda Eminli, Qarğalıq kəndlərinə yeni qaz xəttinin çəkilişi, Təklə kəndində və Ərkivan qəsəbəsində köhnə qaz xətlərinin yenidən quraşdırılması işləri davam etdirilir. Rayondakı bütün ATS-lər elektronlaşdırıldığından kəndlərin sürətli internet xətti ilə təmin edilməsi günün vacib tələbidir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilməlidir. Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bununla da Masallı şəhər sakinlərini uzun illərdən bəri narahat edən bu böyük problem qısa vaxtdan sonra öz həllini tapacaqdır. Lakin bu layihənin icrası prosesində problemlər yaranır və bu da bizi razı sala bilməz. Layihənin icrasına başlanılmasından kifayət qədər vaxt keçməsinə baxmayaraq ləngimələrin yaranması, bəzi hallarda görülən işlərinin keyfiyyətinin aşağı olması səbəbindən tərəfimizdən podratçı şirkətə iradlar bildirilmiş və aidiyyəti təşkilatlarla ciddi müzakirələr aparılmışdır. Masallı rayonunda da mövcud olan içməli su probleminin həlli məqsədilə tərəfimizdən ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmış və qısa vaxtda bu istiqamətdə müsbət nəticələr əldə olunmuşdur. Belə ki, “Azərsu” ASC-i “Birləşmiş Sukanal” MMC tərəfindən Muğan zonasında yerləşən 15 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yaxın vaxtlarda həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılacaqdır. Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmalıdır. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır. Hazırda bu istiqamətdə işlər davam edir və vəsaitin toplanmasında müsbət irəliləyişlərə nail olunsa da bu yetərli deyildir. Belə ki, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi onlara yaradılmış geniş imkanlardan səmərəli istifadə edə bilmir və bu da özünü işin gedişində açıq şəkildə göstərir. Hələ də yaşıllaşdırma işlərində və zibil pullarının yığılmasında ciddi irəliləyiş əldə edilməmişdir. Birliyin balansında olan avtomaşınların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, işçi heyətinin normativə uyğun geyim vasitələri və alətlərlə təmin olunması üçün vəsait ayrılmışdır ki, bu işlər qısa vaxtda başa çatdırılmalıdır. 2012-ci ilin 9 ayı ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında 125 min kub metr həcmində 55 km uzunluğunda kanallarda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində olan çaylarda təmizləmə işləri görülmüş və dambaları möhkəmləndirilmişdir. Lakin Viləşçay Su Anbarı İstismar İdarəsinin mövcud imkanları onu deməyə əsas verir ki, bu idarə rəhbərliyi öz işinə yenidən baxmalı və rayonun sosial-iqtisadi inkişafında daha fəal iştirak etməlidir. Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 37 ha sahədə meşə səpini, 18 ha sahədə meşə əkini işləri aparılmış, 29 ha sahə kollardan təmizlənmişdir. 10 ha sahədə ağaclarda olan ziyanverici həşəratlar təmizlənmişdir. Ziyanvericilərə qarşı 899 ha ərazi dərmanlanmışdır. Bununla bərabər bu sahədə də bəzi problemlər mövcuddur. Belə ki, meşələrin qanunsuz qırılması, meşə torpaqlarının zəbt olunması və çirkləndirilməsi hallarına qarşı lazımı səviyyədə mübarizə aparılmalıdır. Hazırda rayonda fəaliyyət göstərən 16 uşaq bağçasından 14-nün maddi-texniki bazası çox acınacaqlı vəziyyətdədir. Sevindirici haldır ki, Masallıda ilk dəfə olaraq bu il 2 uşaq bağçası, Gəyəçöl və şəhər 3 saylı uşaq bağçaları əsaslı təmir olunmuşdur. Digər uşaq bağçalarının təmir və tikintisi ilə bağlı proqram hazırlanmışdır. Rayonda yeni dərs ilində 5 məktəb - Qodman, Sığıncaq, Ərəb, Köçəkli, Dəmirçi məktəbləri tikilib istifadəyə verilmişdir. Hazırda Xıl, Kosakül, Kəlbəhüseynli, Öncəqala və Kubin kəndlərində yeni məktəb binalarının tikintisi, Bədəlan kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Görülən işlərə baxmayaraq hələ də rayonda xeyli sayda yeni məktəblərin tikintisinə və təmirinə ehtiyac vardır ki, bu məsələ ilə bağlı hazırlanan proqramın mümkün olduğu qədər qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulur. Məktəblərin istilik sistemlərinin təmir edilməsi və qızdırılması işindəki mövcud çətinliklər də həlli vacib olan məsələlərdəndir. Eyni zamanda şagirdlərin dərsə davamiyyətinin yüksəldilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması Rayon Təhsil Şöbəsinin qarşısında duran ən mühüm vəzifələrdir. Rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür. O cümlədən Hişkədərə kəndində həkim məntəqəsinin tikintisi, Kolatan kəndində isə həkim məntəqəsinin əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmişdir. Bu sahədə ən böyük çətinlik Masallı Mərkəzi Rayon Xəstəxanasının təmirsiz vəziyyətdə olmasıdır ki, bu da yüksək səviyyəli tibbi xidmətin təşkilinə imkan vermir. Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi cari ilin 9 ayı ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yolxucu xəstəliklərə qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan 24 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 398 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 46 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir. Buna baxmayaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti qənaətbəxş hesab edilə bilməz. Keçirilən reydlərin bir çoxunun formal xarakter daşıması nəticəsində ticarət və turizm obyektlərində anti-sanitar vəziyyət bəzən dözülməz həddə çatır və belə halların qarşısının alınması üçün lazımı tədbirlər görülmür. Mərkəzin rəhbərliyinə sonuncu dəfə xəbərdarlıq edirəm ki, işlərində ciddi dönüş yaratsınlar və mövcud problemlərin həlli məqsədilə səlahiyyətləri çərçivəsində qəti tədbirlər görsünlər. Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirinin 01 fevral 2012-ci il tarixli 37 saylı Əmri ilə Masallı rayonu 2012-ci ildə Azərbaycanın “Folklor Paytaxtı” elan edilmiş və buna müvafiq olaraq Masallı Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış və Tədbirlər Planı təsdiq edilmişdir. Aprel ayının 14-də Masallı şəhərində “Masallı Azərbaycanın Folklor paytaxtıdır” mövzusunda tədbir keçirilmiş və “Folklor Paytaxtı”nın kuboku və loqosu təqdim edilmişdir. Tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər, o cümlədən Masallı rayonunda ilk dəfə olaraq Azərbaycan Muğam müsabiqəsi, Turizm sərgisi, digər konfrans və festivallar keçirilmişdir. Bu çərçivədə Sentyabr ayının 6-dan 10-a qədər Masallıda Beynəlxalq Folklor festivalının keçirilməsi rayonumuz üçün tarixi bir hadisədir və fürsətdən istifadə edib bu tədbirin təşkilində yaxından iştirak edən hər kəsə təşəkkür edirəm. Bu festivalda Azərbaycanla bərabər bir çox ölkələrdən, o cümlədən Türkiyə, Latviya, İran, Kabardin-Balkariya və Dağıstandan folklor kollektivləri iştirak etmişlər. Bu bizim üçün ilk addım və gözəl bir təcrübə oldu. 2012-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “İdman ili” elan olunması respublikamızda, o cümlədən rayonumuzda idmanın inkişafına böyük təkan verəcəkdir. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar olaraq artıq Masallı şəhərində Boks, Taekvando mərkəzlərinin, Boradigah qəsəbəsində isə İdman Kompleksinin inşası surətlə davam etdirilir. Eyni zamanda hazırlanmış tədbirlər planına uyğun olaraq mütəmadi şəkildə rayon və Respublika səviyyəli idman yarışlarının keçirilməsi nəzərdə tutulur. Onu da qeyd etmək istəyirəm ki, Boradigahda tikilən idman kompleksi alternativ enerji mənbələri hesabına qızdırılıb işıqlandırılacaqdır ki, bu da çox əhəmiyyətli bir hadisədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə rayon Polis şöbəsinin rəhbərliyi dəyişdirilmişdir. Biz ümid edirik ki, yeni təyin olunmuş polis rəisi, polkovnik Nəriman İmanov ictimai asayişin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, polisin şəxsi heyətinin peşə səviyyəsinin yüksəldilməsi üçün qəti tədbirlər görəcəkdir. 08 sentyabr 2012-ci il tarixdə özlərini “Museyi-Kazım” radikal dini təşkilatın üzvləri adlandıran bir neçə adam rayonda keçirilən Beynəlxalq Folklor Festivalını pozmağa cəhd göstərmişdir. Bilirsiniz ki, bu qrupun üzvləri daha əvvəllər də ölkəmizdə, o cümlədən rayonumuzda sabitliyin pozulması, insanlar arasında dini ayrı seçkilik salınması istiqamətində fəaliyyət göstəriblər. İslam dini ilə heç bir əlaqəsi olmayan bu hərəkətlərin məlum mərkəzlərin sifarişi ilə həyata keçirildiyi hamımıza məlumdur. Dini tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanda istər cəmiyyət, istərsə də dövlət tərəfindən belə halların qarşısı həmişə qətiyyətlə alınıb və bundan sonra da alınacaqdır. Hesabat dövrü ərzində rayon İcra hakimiyyətinə 1371 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 648-i vətəndaşların, 723 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində İcra Hakimiyyətində keçirilən qəbullar zamanı 882 nəfər şikayətçi qəbul edilmişdir. Səyyar qəbullar zamanı 295 nəfər çıxış edərək ərazinin sosial-iqtisadi inkişafı və problemləri barədə təkliflər vermişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon İcra hakimiyyətinə daxil olan ərizə və şikayətlərin əhəmiyyətli bir hissəsi vətəndaşların ev tələbləri ilə bağlıdır. Hər bir vətəndaş öz evini sığortalamalıdır. Ondan sonra xoşagəlməz hal baş verdikdə sığorta şirkəti onun bütün kompensasiyasını ödəməlidir. Masallıda bizi narahat edən ən böyük problemlərdən biri də budur. Təsadüfi deyil ki, bu gün Masallı rayonunda 50 mindən çox fərdi yaşayış evi mövcuddur ki, onlardan da cəmi 328-i sığorta olunub. Bu çox acınacaqlı bir vəziyyətdir. Bələdiyyələrin fəaliyyətində bir çox çatışmazlıqlar da mövcuddur ki, bu da vergilərin yığılmasında özünü daha bariz şəkildə göstərir. Həmçinin ərazilərdə torpaqların zəbt olunması və qanunsuz tikililər kütləvi hal almışdır ki, bu problemlərin həlli məqsədilə dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq əldə olunan nəticə bizi qane edə bilməz. Təkcə Masallı şəhərinin Dadva məhəlləsində aparılan baxış zamanı 20.77 ha torpaq sahəsinin zəbt edildiyi üzə çıxmışdır. Bundan əlavə rayonun Qızılağac kəndində 52 ha dövlət ehtiyat fondu torpaqları zəbt olunaraq fərdi yaşayış evləri tikilib və ya tikilir. Görülən işlərə, əldə edilən uğurlara baxmayaraq hələ də görüləsi işlərimiz çoxdur. Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya xəttinin çəkilişinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün imkanlar səfərbər edilməlidir. Ona görə də hər birimiz rayonun inkişafı naminə görülən bu işlərdə yaxından iştirak etməliyik. Rayon ərazisində qazlaşdırılmanın və elektrik təsərrüfatının yenilənməsinin başa çatdırılması da həllini gözləyən vacib problemlərdəndir. Xüsusilə də xətt təsərrüfatının yenilənməsi üçün bütün imkanlardan istifadə edilməlidir. Kəndlərimizə içməli su xəttinin çəkilməsi, yeni yolların salınması, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, “Yaşıllıq və ağac əkmə” aylığı çərçivəsində noyabr ayı ərzində rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir. Məruzə ətrafında müzakirələrdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Rafael Mahmudov, Eminli kənd tam orta məktəbinin direktoru, “Əməkdar müəllim” Sərxoş Nuriyev, Rayon Qaz İstismar İdarəsinin rəisi Seyran Şahverdiyev, Rayon İcra hakimiyyəti başçısının Bədəlan İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mərdan Nağıyev, “Viləş” Tikinti Təchizat MMC-nin direktoru Məmməd Heydərov və başqaları çıxış edərək ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişlər. Şura iclası müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.

Keçidlər