Şriftin ölçüsü :

Saytın rəngi :

Cənub bölgəsinin bu kəndlərində həsirtoxuma sənəti bu gün də yaşadılır

22 iyun 2019 | 16:00

Minilliklər əvvəl Azərbaycanda təşəkkül tapmış xalq sənəti növlərindən biri də həsirçilikdir. Həsir toxumaq keçmişdə kollektiv məşğuliyyət olub. Sonralar bu işlə hərə öz evində məşğul olub. Ölkəmizdə elə bölgələr var ki, hazırda ailələr gündəlik qazancını həsir toxumaqla çıxarır. Buna Masallının Musaküçə kəndini misal gətirə bilərik.

Azərbaycanda həsirçilik daha çox cənub bölgəsində istifadə olunan xalq sənətidir. Burada həm qadınlar, həm də kişilər həsir toxuyur.  İndi də cənub bölgəsinin əksər kəndlərində həsirçilik əhalinin əsas məşğuliyyəti hesab olunur. Masallının Musaküçə kəndində yaşayan əksər ailələr gündəlik qazancını həsir toxumaqla çıxarır. Kənddə 30 ildən çoxdur həsir toxuyan Ağayevlər ailəsi kimi. Bu sənət onlara babasından miras qalıb. İşinin mahir ustası olan Əlibala Ağayev cənub bölgəsinin rütubətli təbiətinə görə həsirə böyük tələbatın olduğunu deyir. Toxuduqları həsirləri paytaxt Bakı və əsasən ətraf rayonlardan gələn müştərilərə satır. Sifarişlər daha çox müxtəlif çeşiddə olan zənbillərə və papaqlaradır. Həsirçi Əlibala Ağayev: “Ata-babadan bu işlə məşğuluq, çörəyimiz həsir, zənbil toxumaqdan çıxır. Həsirdən müxtəlif formada zənbillər toxuyuruq, misal üçün zənbillər var yumru çiyindən asılma. Qapaqlı zənbillər, uşaqlar üçün zənbillər, moruq yığmaq üçün səbətlər. Demək olar ki, bizə necə sifarişlər verirlərsə, biz onu toxuya bilərik”.
Həsirin toxunma mövsümü payız fəslində olsa da sifariş çox olduğundan Musaküçə kəndində bu işlə ilboyu məşğul olurlar. Əlibala Ağayev deyir ki, həsirlərin ölçüsü fərqli olduğu kimi, toxunuşu da zövqə görədir. Məxsusi sifarişlər olanda həsir müxtəlif həndəsi fiqurlarla bəzədilir. Bu ölçülərə görə də qiymətlər dəyişir: “Dörd metr uzunluğu, 1 metr yarım eni olan həsiri demək olar bir günə toxuyuruq. Hazırda həsirin qiyməti 12 manatdan 15 manat arasındadır. Səbətlərin ən kiçiyinin qiyməti 3 manatdan başlayır”.
Həsir çantalar uzunmüddətlidir, möhkəmdir, yükgötürmə qabiliyyəti də çoxdur, tez cırılmır. İçindəki məhsulları da yaxşı saxlayır, xarab olmaqdan qoruyur, həm də içi görünmür.
Həsirçi müsahibim deyir ki, həsir quru yerdə saxlanılanda çox qalır. Elə həsir var 10 il qalır, nəmişlik olan yerdə isə 2 il qalır.
Masallı rayonunda Musaküçə kəndindən başqa Şatıroba kəndində də həsir toxuyanlar var.

Keçidlər