Bu gün əkin, sabah məhsul
Çəltikçilik xalqımızın, o cümlədən bölgəmizin qədim, ənənəvi təsərrüfat sahəsidir. Zamanın çətin anlarında bu ərzaq insanları aclıqdan, səfalətdən xilas edib. İnsan sağlamlığı üçün vacib, həm də məhsuldar olan çəltiyin bu gün də əkilib-becərilməsi olduqca vacibdir. Uzun müddət unudulan bu gözəl nemət artıq bir neçə ildir ki, əkilib-becərilir, su problemi çətin olsa da nəticə sevindirici olur. Çünki bölgəmizin coğrafi şəraiti çəltikdən yüksək məhsul götürülməsinə stimul verir. Keyfiyyətli torpaq, isti iqlim, qidalı su çəltikçiliyin inkişafına müsbət təsir edən amillərdir.
Mağazalarda hər çeşiddə düyülər satılır. Düyüdən hazırlanan məhsullar daha çoxdur. Xüsusilə uşaq yeməklərinin əksəriyyəti düyü tərkiblidir. Ancaq bu heç də əminlik yaratmır ki, həmin məhsullar düyüdən hazırlanır. Dəfələrlə şahidi olmuşuq ki, belə ərzaqlar körpə fidanlarda fəsadlar yaradır. Bu məsələlər hamımızı düşündürməlidir.
Ancaq indi çəltikçiliyin xeyrini başa düşənlər tapılır.
Bir haşiyə çıxmaq istəyirəm: Ötən əsrin 90-cı illərində tərəvəzin Rusiyaya daşınan yolları kəsildi. Yetişdirilən məhsul üçün bazar tapılmadı. Vaqonların hərəkəti, tara gətirilməsi, məhsul təhvil verilən obyektlərin ləğvi əkinçini dilemma qarşısında qoydu. Bu vaxt torpağa bağlı olan bəzi adamlar çəltikçiliyi qısa müddətdə bərpa etdilər. Torpağı şumlayıb, hamarladılar, ləklər yaratdılar. Su məsələsi də çətinlik yaratmadı.
Qurban Əzimov, Əziz Əsgərov, Əziz Əliyev, Fətəli Əliyev, Heybət Abbasov və başqaları Mahmudavarda çəltik əkinini dirçəltdilər. Çəltik şitilləri sancma üsulu ilə aparıldı. Onlar gecə-gündüz çəltik ləklərinin keşiyini çəkdilər. Nəticə çox uğurlu oldu. Hər hektardan 4-5 ton çəltik götürüldü. Yadımdadır, məhsul bolluğundan “yorulmayasınız” deyənlərə də pay göndərilirdi.
Burda yenidən bir araşdırmaya ehtiyac duyulur. Rayonda 12-13 min hektar sahədə taxıl əkilir. Hər hektardan1-2 ton məhsul əldə edilir. Demək olar ki, çəltiklə müqayisədə 30-40 faiz də məhsul götürülmür. Düyünün kiloqramı 3-5 manat, buğdanınkı isə 40-50 qəpikdir. Söz yox, taxıl çörəyimiz, dolanışığımız, həyatımızdır. Ancaq indiki halda Masallı taxılının 230 min nəfərə yaxın əhalisi olan rayon üçün dəyərini bilməmək əkinçilikdən, təsərrüfatın rentabelliyindən xəbərsiz olmaqdan irəli gəlir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə Masallı rayonunda son bir neçə ildir ki, çəltikçiliyə önəm verilir. Məhsulun emalı üçün zavod da hazırdır. Dünyanın ən yeni texnologiyaları əsasında qurulan bu müəssisədə düyünün xalisi bir, xırdası ayrı hazır olur. Hələ qablaşdırılıb Masallı brendi ilə ölkənin şəhərlərinə, xaricə də göndərilir.
Atalar misalıdır: Halva-halva deməklə ağız şirin olmur. Çərək iş görəsən, əməl göstərəsən, necə deyərlər, qol çırmayıb tarlaya girəsən, torpaqla ünsiyyət bağlayasan. Belədə torpaq deyir ki, öldür məni, dirildim səni. Torpağa istədiyini versən, niyyətinə də anil olarsan. Fermerlər çəltikçilkdən söhbət edəndə çətinlilərkdən danışsalar da yenə çəltikçiliyə üstünlük verirlər. Bəziləri hektardan 2 ton məhsul götürüb. Deyir ki, cari ildə nəticə daha yaxşı ola bilər. Çünki torpağı vaxtında şumlayıb əkinə hazırlayıb. Keyfiyyətli, məhsuldar toxum əldə edib. Su ilə əlaqədar müqaviləsi var. Kanallar suyun gətirməsi üçün vaxtında təmizlənib.
İndi rayonda çəltik əkininin qızğın çağıdır. Hamarlanan ləklərə su buraxılıb. Torpaq toxuma can verməyə hazırdır. Bəzi ərazilərdə hazırlıq işləri vaxtında hazırlandıqdan əkin başa çatdırılıb. Boradigah, Xıl, Tüklə, Sərçuvar, Şıxlar, Yeddioymaq əraziləri bu sahədə nümunə göstərirlər.
Çəltik əkini başa çatmaqdadır. İndiyə kini 230 hektar sahədə əkin başa çatmışdır. Atalar deyirlər ki, əkmək asandır, onu qorumaq, qayğı göstərmək bol məhsul deməkdir. İndi fermerlərin qayğılı günləridir. Əkiləni aqrotexniki qaydada becərmək, yeni əkinlərə rəvac vermək bolluğa qovuşduracaq. Nə qədər çox əkilsə bir o qədər də məhsul çox olar.