Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Gənclər arasında “QİÇS/HİV və digər yolxucu xəstəliklər” mövzusunda maarifləndirici seminar keçirilmişdir

15 fevral 2014 | 16:00

      14 Fevral  2014-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər arasında “QİÇS/HİV və digər yolxucu xəstəliklər” mövzusunda maarifləndirici seminar keçirilmişdir.

 72 nəfərin  iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gənclərimizə qarşıda duran məsələlər barədə məlumat verərək bildirdi ki, HİV virusuna yoluxma hadisələri narkotiklər qəbul edənlərdə daha tez-tez baş verir. Bu cür insanlarda HİV-ə yoluxma ehtimalı adi insanlara nisbətən dəfələrlə çoxdur.  Bu xəstəlik müalicə olunmur və çox vaxt insanlarda qəzəb hissi və mənfi emosiyalar yaradır.

Tədbirdə Masallı Rayon Mərkəzi Xəstəxanasının QİÇS-lə Mübarizə Mərkəzinin baş həkiminin müavini Mirdaməd Nəbiyev çıxış edərək bildirmişdir ki, İİV-XXI əsrdə, dünyanın faciəsinə çevrilmişdir. Digər infeksiyalara nisbətən, həm sürətlə yayılmasına, həm bütün yaş qruplarını əhatə etməsinə, xəstəliyin ilk vaxtlar simptomsuz inkişafına və ölüm faizinin yüksək olmasına görə, İİV bəşəriyyətin bəlasıdır. Əgər bu virus insanın qanına düşərsə o zaman artıq QİÇS xəstəliyi əmələ gətirir. QİÇS İİV infeksiyasının son mərhələsində, əsasən insanın xəstəliklərə müqavimətini təmin edən immun sisteminin dərin zədələnməsi nəticəsində yaranan və ağır, müalicə olunmayan ikincili xəstəliklərlə (müxtəlif infeksiyalar, bədxassəli şişlər və s.) səciyyələnən xəstəlikdir. Sonra isə Xəstəliyin necə baş vermə səbəbləri haqqında gəncləri məlumatlandırdı.

Tədbirdə Masallı rayon təhsil şöbəsinin metodisti Hüseyn Hüseynov  çıxş edərək bildirdi ki, son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlər görulür, lakin gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacibdir.

Daha sonra Rayon gənclərindən Niyazi Əliyev, Ramin Qasımov və başqaları çıxış edərək bildirmişlər ki, QÇİS-lə mübarizədə təbliğatın kütləvi aksiyalarla aparılması, təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri QİÇS-in fəsadları barədə məlumatlandırmaq, lazım olduğunu bildirdi.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər