Şriftin ölçüsü :

Saytın rəngi :

Cins mal-qara sahibi olaq

24 sentyabr 2019 | 16:00

Təsərrüfatın bütün sahələri kimi heyvandarlıq da böyük zəhmət tələb edir. Götür-qoyu öz yerində, geniş örüşü, növbənöv yemi də öz yerində. Xəstəliklərlə mübarizə daha önəmlidir. Bəzən heyvana elə xəstəlik düçar olur ki, baytar həkimlərin təcrübəsi də kömək etmir. Bir heyvanın itkisi isə böyük iqdisadi ziyana səbəb olur.

Masallı rayonunun  Mahmudavar  kəndindən  heyvandar  Füzuli Abbasovun  Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına yazdığı məktubda qeyd edir ki,  Bu gün şəxsi təsərrüfatımda on başa yaxın mal-qara mövcuddur. Dörd-beş inək sağılır. Kəndli üçün bu, böyük nemətdir. Ailəsini dolandırmaq üçün inəklərin yemlənməsinə xüsusi diqqət göstərilməlidir.
Açığını deyim ki, sovetlər dönəmində mal-qara   bir neçə növdə yemlə təmin olunurdu. Heyvanlar üçün yonca, qarğıdalı, günəbaxan, çuğundur və s. əkilirdi. Yem rasionunda qüvvəli yemlər vardı ki, bu da məhsuldarlığa çox böyük təsir göstərirdi. Qeyd edim ki, həmin vaxtlar mal-qaranın cins tərkibi də nəticəsini göstərmişdir. Rusiyayanın Kostroma vilayətindən və Latviyadan isə gətirilən inəklər çox yüksək məhsuldarlığı ilə fərqlənirdi. Həmin cinsdən olan heyvanların kökəltməyə qoyulması da bəhrə verirdi.
Şəxsi təsərrüfatlarda da yarımcins heyvanlar yetişdirilirdi. Amma indi demək olar ki, şəxsi təsərrüfatlarda da ancaq yerli cinsdən olan inəklərdir ki, südü az, balası isə gec böyüyür.
Atalardan eşitdiyim “İnəyin südü ağzındadır” məsəli bu gün bizə çox şey deyir. Yəni inəyin axuru gün ərzində yemlə dolu olmalıdır. Amma bu gün gördüyüm isə yaxşı nəticə vəd etmir.    Qonşularımın da mal-qaraya qayğısı qənaətbəxş deyil. Səhərlər inəyini bomboş sahələrə buraxıb axşam axuruna bir qucaq quru yem tökməklə nə məhsul almaq olar? Az heyvandar var ki, səhər-axşam inəyin axuruna qüvvəli yem (kəpək, arpa yarması) qoyur. Sahələrdə otlamaqla bir dəri, bir sümük olan heyvan bir-iki litr süd verirsə çəkilən zəhmətə dəyərmi?
Maraqlı və çətin sahə olan heyvandarlığın inkişafı üçün mütləq cins mal-qara yetişdirilməlidir. Bu sahədə dövlət də bizə kömək göstərməlidir. Düzdür xaricdən hər cür cins mal-qara   gətirilir. Ancaq bu, çox azdır. Həvəskarlara, fermerlərə cins heyvanların verilməsi hər kənddə onların sayının ilbəil artırılmasına səbəb olacaq.
İnkişafın digər tərəfi süni mayalanma işinin yaxşılaşdırılmasıdır. Heyvandarların əksəriyyətinin bu sahədən xəbəri yoxdur. Onu da deyim ki, süni mayalandırma texnikləri bəzən təcrübəsiz olduğundan bu tədbir alınmır. Bu da heyvan sahibini əlavə xərcə salır. Qarşıdan soyuq, şaxtalı aylar gəlir. Heyvandar bu mövsümə tam hazır olmalıdır. İnəyin yemi bol, tövləsi isti olsa, keyfiyyətli yemlə təmin edilsə nəticə sevindirici olar.

Keçidlər