Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaq xeyir-bərəkət mənbəyidir

20 oktyabr 2019 | 16:00

Dünya yaranandan torpaq insanların dolanışıq yeri olub. Axı, insanlara gərək olan bütün ərzaqlar torpaqda yetişdirilir. Əkin-biçinli torpaqlar kənd təsərrüfatı adlanır. Deməli kənd özünün təsərrüfat həyatını həmişə ahənglə yaşatmalıdır. Bu ahəng pozulduqda ərzaq bolluğu tənəzzülə uğrayır.
Torpaqsız həyat yoxdur. Odur ki, onun qədir-qiyməti, şirinliyi insanın canına hopub. Masallı torpaqları da bərəkətli olub həmişə. Ötən əsrin 70-80-cı illərində rayonumuzun dövlətə satdığı taxılı, tərəvəzi, çayı, sitrus meyvələri, heyvandarlıq məhsullarını yada salsaq bunu bir daha arzulayarıq.
On-on beş il bu torpaqların sahibsiz qalması adamların əlini işdən soyutdu. Hektarlarla torpaq uzun illər əkin-biçinsiz qaldığından ərzaq məhsullarının qıtlığı özünü göstərdi. Masallıya şan-şöhrət gətirən torpaq insan nəfəsindən cana gəlməli idi. Nə yaxşı ki, torpaqsevənlər doğma yurd-yuvanı tərk edib torpağa arxa çevirmədilər.
Müstəqillik torpağa da müstəqil yanaşma bəxş etdi. Əkin sahələri ilbəil artdı. Əvvəlcə taxıla üstünlük verənlər bu sahənin azgəlirli olduğunu görüb seçim etdilər. unudulan sahələr dirçəldildi. Təsərrüfatın yeni sahələri yaradıldı. Yenidən tərəvəzçiliyə üstünlük verildi, sonra kartofçuluğa maraq artdı. Qonşu rayonların əməkçiləri çiyələkçilikdən yaxşı gəlir gətirirdilər. Çox keçmədi ki, rayonda da bu sahə yaradıldı. İndi Təzə Alvadı, Təklə, Çaxırlı çiyələkçiləri hər il on tonlarla məhsul satmağa nail olurlar. Ötən illərdən fərqli olaraq bazarlarda çiyələk bolluğu yaranıb. Çiyələyin isə sağlamlığımıza böyük faydası var.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına göndərilən müəllif məktubunda yazılır ki, hamı torpağın əkilməsinə məsuliyyətlə yanaşmalıdır. Üstündə gəzdiyimiz torpağa biganə yanaşırıqsa bolluq necə yaranar? Bir neçə il əvvəl qonşu İrandan bizə xeyli göy-göyərti, bostan məhsulları, düyü gətirilirdi. Yaxşı ki, bu vəziyyət çox davam etmədi. Son illər daha bir neçə təsərrüfat sahəsi bərpa edildi. Çayçılığa önəm verildi. Təkcə Sığaçoladə 100 hektar plantasiya yaradıldı. İndi buradakı görüntü könül oxşayır, xoş ovqat yaradır.
Bu gün bazarda noxud, lərgə, mərci, lobya bol və ucuzdursa deməli bu bitkilər becərilir. Yadımdadır, bir neçə il əvvəl noxudun kiloqramı 5 manata idi. Ancaq indi 1 manatdır. Bir vaxtlar Masallı düyüsü adnan idi. Belə vacib sahənin tam unudulması xaricdən gətirilən, mənşəyi bilinməyən düyüləri bazar-dükanımızda bollaşdırmışdı. İndi Masallı düyüsü təkcə rayonda deyil paytaxt bazarlarında və hətta xaricdə da yaxşı alınır.
Masallıda tütünçülüyün və baramaçılığın bərpası da rayona böyük iqtisadi fayda verəcək. Çünki hər iki sahə ilbəil inkişafdadır.
Bu günlərdə Boradigah, Tüklə, Şıxlar, Xıl, Yeddioymaq ərazilərində oldum. Çəltik sahələrinə baş çəkdim. Saralan sünbüllər könül açır, bol məhsuldan xəbər verir. Bir neçə gündən sonra buralarda kombaynların səsi gələcək. Yetişdirilən bol məhsul dəyirmanlıq olacaq. Masallı düyüsü yenə də alıcıları sevindirəcək. 217,6 hektar sahədən 3-3,5 ton məhsul versə bu il 700 tondan çox məhsul əldə olunacaq.
Gözəl nemətimiz olan çəltiyi vaxtında biçib yığışdırmaq üçün ciddi səy göstərilməlidir.

Keçidlər