Şriftin ölçüsü :

Saytın rəngi :

Bol bibər, badımcan yetişdiririk

24 oktyabr 2019 | 16:00

On-on beş il əvvəl torpaqlarımız əkin-biçinsiz qalmışdı. Adamlar bu vəziyyətlə barışmırdılar. Çətinliklər davam edirdi. Nə əkək, necə əkək, yetişdirdiyimiz məhsulu kimə sataq? Ancaq bu vəziyyət çox çəkmədi. Cəsarətli, tədbirli torpaqsevərlər irəli düşdülər. Kənddəki texnikalar səfərbər edildi. Hələlik pomidor, badımcan, bibər əkilməsini qərara aldıq. Fikirləşdik ki, bu məhsulları necə olsa, yaxın bazarlarda satmaq olar.
Torpaq zəhməti bada vermir. Necə deyərlər əzirsən əzizlənirsən. Zəhmət çəkərsən, bəhrəsini görərsən. Təcrübəli, tədbirli adamlardan çox şey öyrəndim.
Badımcançılıqda ad çıxarmış Masallı rayonunun Hüseynhacılı kəndindən fermer Əhməd Talıbovun Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumatda deyilir ki, hamı mənə badımcan, bibər əkməyi məsləhət bildi. Mən də onların məsləhətini yerinə yetirdim. İlk uğuru elə birinci il qazandım. Yarım hektar sahədə polietilen örtük altında badımcan əkdim. Örtük altında məhsul yetişdirmək asan iş deyil. Şitil yetişdirmək, onu torpağa köçürmək, hava şəraitindən asılı olaraq örtükləri açıb-örtmək, suya tələbatını bilmək, zərərvericiləri vaxtında müəyyənləşdirib məhv etmək, suyunu kifayət qədər vermək, qabaqcadan şirkətlərdə, satış obyektlərində müştəri tapmaq . Bitkilər çiçəkləyəndə aqrotexniki tədbirlər düzgün həyata keçirilməlidir. Suyu bir gün gecikdirsən çiçəklər saralıb tökülür. Bu da məhsulu gecikdirmək və məhsuldarlığı azaltmaq deməkdir.
Bütün bu çətinliklər arxada qaldı. Oktyabr ayının sonuna kimi sahələrdən məhsul yığıb vaxtında satışa verdik. Həmin ildən uğurlarımız artdı. İkinci, üçüncü il daha fərəhli nəticələrimiz oldu. Qərara aldıq ki, tərəvəzçilik, bizə əl verəcək. Dolanışığımızı qaydaya sala bilərik.
İndi tərəvəzçilərimiz rayonda daha çox badımcan, bibər, pomidor yetişdirməkdə nümunə göstərirlər.
Ərazimizdə 90 hektar sahədə pomidor, badımcan, bibər əkilir. Bu da xeyli sakinin işlə təmin olunması deməkdir. Hələ taxıl əkən, mal-qara bəsləyənlər də var. Bu gün hamı çalışır ki, ailəsinin rifahı yaxşılaşsın, özünə ev-eşik düzəltsin. Zəhməti sayəsində buna nail olanlar da çoxdur.
Bu gün sakinlərdən Tələt Mirzəyev, Sabir Şükürov, Rafəddin Məmmədov, Adəm Novruzov və başqaları torpağa bağlı adamlardır ki, hamı onların nümunəsi ilə ayaqlaşmağa çalışır.
Mən də payıbəlli torpaqlarımdan maksimum yararlanmağa çalışıram. Yarım hektar sahədə tütün yetişdirirəm. Sahələrdən 4 dəfə məhsul yığıb qurutmuşam. Bu sahə çətin olsa da maddi durumum üçün vacindir. Yarım hektar sahədə isə örtük altında badımcan yetişdirmişdim ki, bu gün də məhsul yığırıq.
Bu bitki tərəvəzçilikdə ən çox gəlir gətirəndir. Həm də alıcısı çoxdur.
Həmyerlim Aydın Novruzov isə bir hektar payıbəlli sahəsində qarpız əkmişdi ki, nəticəsi sevindirici oldu. Deməli torpaqlarımız hər cür əkinə yararlıdır.
Hazırda ərazimizdə herik şumu davam edir. Həmin sahələrdə payızlıq bitkilər yetişdirəcəyik ki, bu da növbəti ilin bol məhsulu üçün bünövrədir.

Keçidlər