Məhsuldarlığı yüksəltmək üçün - kartofçuluq
Rayonun iqtisadiyyatına müsbət təsir göstərən, adamların dolanışığını yüksəldən təsərrüfat sahələrindən olan kartofçuluğa önəm verilməsi əbəs deyil.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına göndərilən müəllif məktubunda yazılır ki, atalar kartofu ikinci çörək kimi dəyərləndirmişlər. Odur ki, bu bitki təkcə payıbəlli torpaqlarda deyil, şəxsi təsərrüfatlarda da əkilir.
Təsərrüfatın bu sahəsi ötən əsrin 90-cı illərindən təşəkkül tapıb. Muğan kəndlərində tərəvəzçiliyə, üzümçülüyə xitam veriləndən sonra adamların məhz kartofçuluğa keçməsi təsadüfi deyildi. Çünki yetişdirilən tərəvəz məhsullarına bazar tapmaq mümkün olmadı. Şərab zavodlarının fəaliyyəti dayandırıldı. Üzüm tənəkləri kəsilib yandırıldı. Bu zaman qonşu Cəlilabad rayonunda kartofçuluq geniş yayılmışdı. Gəliri, satışı göz qabağında idi. Bu onlarla qonşu olan Təzə Alvadı, Təklə ərazilərinin sakinlərinə də bu sahəni dirçəltməyə stimul verdi. Təzə Alvadı, Təklə ərazilərindən başqa Xırmandalı, Çaxırlı, Köhnə Alvadı, Qarğalıq, Banbaşıda da bu sahəyə üstünlük verildi. Ötən illərdə kartofçuluq adamların məşğulluğuna xeyli dərəcədə təsiri oldu. Bu məhsul böyük zəhmət tələb etsə də gəliri ilə əkinçiləri sevindirdi.
Bu il də təsərrüfatlarda kartofçuluğa maraq var. Rayon üzrə 844,5 hektar sahədə kartof yetişdirən fermerlər 14677, 4 ton məhsul istehsal edib satmağa nail olmuşlar. Məhsul satışında yenə də Təzə Alvadı, Təklə, Xırmandalı kartofçuları fərqlənmişlər. Təkləlilər 285 hektardan 4459 ton, Təzə Alvadı əkinçiləri 197 hektardan 3445 ton məhsul əldə ediblər. Təzə Alvadıda hər hektardan 174,9 sentner, Təklədə 156,5 sentner məhsul götürmüşdür. Rayon üzrə bu rəqəm 172,8 sentner olmuşdur.
Kartofun çox məhsuldar bitki olduğunu nəzərə alsaq nəticələr qanedici deyil, çünki bu sahədə orta məhsuldarlıq minumum 20-27 ton təşkil edir. Bu da ondan irəli gəlir ki, kartofçuluqda aqrotexniki tədbirlər vaxtında həyata keçirilmir. Torpaq vaxtında şumlanıb hazırlanmır, toxumun keyfiyyətinə, ziyanvericilərlə mübarizəyə məsuliyyətlə yanaşılmır becərmə və suvarmalar kimi lazım olan başqa tədbirlər düzgün həyata keçirilmir.
Torpaq məhsul yığımından dərhal sonra şumlanmalı, növbəli əkinə yer verilməli, keyfiyyətli toxum tədarük edilməli, xüsusilə suvarmaya diqqət yetirilməlidir. Kartof istehsalını yüksəltmək üçün mütəxəssislərin tövsiyə və nəzarəti mütləqdir.