Qışı bu gün görməliyik - Camışçılıq
Atalar deyirlər ki, inəyin südü, camışın qatığı. Doğurdan da həmişə buna diqqət yetirmişəm. Necə deyərlər, görmüşəm ki, camışın qatığını qaşıq kəsmir. Yağlı, dadlı, ləzzətli. Dostlarıma yarızarafat, yarıciddi deyərdim ki, gedək bizə səni camış qatığına qonaq edim. Çox vaxt onlar dəvətimi qəbul edər, camış qatığını pəh-pəhlə tərifləyərdilər.
Xırmandalı kəndindən fermer Telman Ağaşovun Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına göndərdiyi məktubda yazır ki, gözümü açandan qapımızda mal-qara görmüşəm. İnək, camış, qoyun-quzu evimizin xeyir-bərəkətini artırırdı. Atam bizə həmişə deyərdi ki, balalarım, nə vaxt maddi çətinliyiniz olsa mal-qara bəsləyin. Mal-qaramız, xüsusilə camışlarımız həftələrlə, aylarla həyətə gəlməzdi. Bunun səbəbini atamdan soruşanda o, deyərdi:
-Xeyrimiz elə bundadır. Dənizkənarı sahələr çörək yerimizdir. Camışçılıq üçün çox əlverişlidir. Bəzən aylarla gəlməyən camış bir də görərdin yanı balalı həyətə daxil olur. Odur ki, camışın əziyyəti az, bəhrəsi çox olur.
Təhsil alıb başqa sahədə çalışdım. Təqaüdə çıxandan sonra bu sahə ilə özüm məşğul oldum. Onda kənddə təsərrüfatın bir çox sahəsi unudulmuşdu. Tərəvəzçilik, kartofçuluq, taxılçılıq məhdudlaşır, bostançılığın səmərəsi təcrübədən keçirilirdi. Kəndə çoxları bostançılığı seçirdi. Polietilen örtük altında keyfiyyətli yemiş yetişdirənlər bu sahə ilə məşğul olmağa üstünlük verəndə mən camışçılıqda israrlı idim. Onsuz da şəxsi təsərrüfatımda bostançılıqla məşğul olurdum, ailəmin bu məhsullara olan ehtiyacını təmin edirdim. İndi şəxsi təsərrüfatımda 5 baş camış saxlayıram. İsti vaxtlarda örüş sahələrində otun olmamasından heyvanlara mütləq qüvvəli və qaba yem vermək məcburiyyətində qalırıq. Belə vaxtlarda camışın qədrini bilirik. Heyvanlar yenə də dənizətrafı sahələrdə yem tapır, nohurlarda suya oturur, həftələrlə həyətə gəlmir.
Camış həm də xəstəliklərə davamlıdır. İki ildə bir sağlam bala alıb satırıq. Evə gələn camışları sağıb südünü həm satırıq, həm də nehrə çalıb yağ əldə edirik. Hazırda bazarda inək yağı 8-10 manatadırsa, camış yağı 15 manatadır. Südü yağlı olduğundan inək südündən bahadır. Ancaq ataların bir məsəlini də unutmuruq:
Qışı yayda görən heyvandar həmişə sevinər. Odur ki, bu günlər tövlələri təmir edirik, yem tədarükümüzə diqqət yetiririk. Çünki qış sərt keçəndə camışlar tövlədə saxlanır ki, onda da tövləsi isti, yemi bol olmalıdır. Hazırda havalar mülayim keçir, mal-qara əsasən dənizkənarı sahələrdə olur. Bu da həm yemə qənaətdir, həm də məhsulun dəyərini artırır. Heyvandarlıq onda faydalı olur ki, az xərclə çox gəlir əldə edəsən.