Kartofçuluq - zəhmət tələb edən sahə
Ötən əsrin 90-cı illərində dövlət təsərrüfatlarının dağılması nəticəsində bütün sahələrdə məhsul istehsalı, demək olar ki, dayandı. Rayonun torpaqlarında əsasən buğda, arpa yetişdirildi. Bu təsərrüfat sahəsi isə dağətəyi turş torpaqlarda yaxşı nəticə vermirdi. Muğan torpaqlarında 20-25 sentnerdən artıq məhsul götürmək mümükün deyildi. Bu da insanların dolanışığına, məşğulluğuna mənfi təsir göstərirdi.
Çox çəkmədi ki, rayonun Muğan torpaqlarında kartofçuluğa rəvac verildi. Adamlar qonşu Cəlilabaddakı kartofçulardan bu sahənin sirlərini öyrəndilər: Kartofçuluq üçün torpağın seçilməsi, şumlanması, keyfiyyətli toxum, zərərvericilərə qarşımübarizə tədbirləri, bitkilərin suvarılması və s.
Elə birinci il bilindi ki, kartofçuluq gəlirli sahədir.
İllər keçdikcə bu sahənin çox məhsuldar olduğunu yəqin etdik. Odur ki, sahələr ilbəil genişləndirildi. Məhsul istehsalı artdıqca adamların bu sahəyə maraq və qayğısı artırdı.
Təzə Alvadı kəndindən fermer Elçin Məmmədovun Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına göndərdiyi müəllif məktubunda qeyd edilir ki,ötən il ərazimizdə 164 hektar, bu il isə 196 hektar sahədə əkin keçirilmişdir.Hər hektardan 16,2 ton kartof götürüldü ki, bu da çox yüksək nəticə deyil. Əvvəllər bu rəqəm 25-26 tona çatırdı. Mən deyərdim ki, bunun əsas səbəbi torpağa keyfiyyətli toxumun əkilməməsidir.
Kartof elə bitkidir ki, ilin bütün fəsillərində yetişdirmək olur. Qışda polietilen örtük altında, yazda açıq havada. Belə olduqda ilin bütün fəsillərində bazara nübar məhsul çıxarılması mümkündür.
Ərazimizdə bu sahə üzrə təcrübəsi olanlar çoxdur. Əlicabbar Səfərov, Hadi İsmayılov, Zakir Fərəcov, Məmməd Məmmədov və başqaları hər il yaxşı nəticələrə nail olurlar.
Bu il də kartofçularımız əkinə səylə hazırlaşırlar. Növbəti ilin məhsulu üçün 200 hektar sahə şumlanmışdır. Bu qədər sahənin yarısı təkrar şumlanmışdır. Havalar əlverişli keçsə yanvar ayının əvvəlindən əkinə başlayacağıq.