Camışçılıq - şərait və imkan olan yerdə
İnsan yaşadığı yerin şəraitinə uyğun yaşamalı, dolanışığını təmin etmək üçün imkanlardan yararlanmalıdır. Tanrı da deyir ki, səndən hərəkət, məndən bərəkət. Bərəkət də bolluq, firavanlıqdır. Gəncliyim ötən əsrin 70-80-ci illərinə təsadüf edir.
Xırmandalı bin-bərəkət meydanı idi. Torpaqlarımızda taxıl, tərəvəz, tütün yetişdirilərdi. Hamı çalışdığı təsərrüfat sahəsindən bəhrələnərdi. Kəndin inkişaf illərdə həmin dövrə düşdü. Adamlar yastı-yapalaq daxmalarını nisbətən yaraşıqlı evlərlə əvəz etdilər. Kənddə texnika artdıqca əkin sahələri genişlənir, yollar təmir olunur, adamların məişəti yaxşılaşırdı. Müstəqilliyimizin ilk illərində bu coşqu səngiməyə başladı. Bir sıra çətinliklər adamların əlini işdən soyutdu. Bu bir neçə il davam etsə də iqtisadi çətinliklərə səbəb oldu.
Ancaq kəndimizin ağsaqqal, ziyalı, müdrikləri adamları bu tənəzzüldən çıxarmağa səy etdilər. Çox çəkmədi ki, kənddə yenə də təsərrüfat həyatı qaynamağa başladı. Təcrübəli adamlar taxıla, bostançılığa, heyvandarlığa üstünlük verdilər.
Mən həmin dövrdə başqa sahədə çalışırdım. Ancaq fikirləşirdim ki, təqaüdə çıxanda bir işlə məşğul olmalıyam. Ata-babadan heyvandarlıqda səriştəmiz olub. Mən də bu sahəni seçdim. Mal-qaranı çoxaltmağa, cins tərkibini yaxşılaşdırmağa, ya da xəstəliklərə davamlı olan camışçılığı seçməyi qərar verdim.
Ərazimizdə camışçılıq üçün çox yaxşı şərait olduğundan mən də bundan istifadə etməyə çalışdım. Kəndimizin ərazisi dənizətrafı sahələrə qədər uzanır. Həm də buralarda camış üçün kifayət qədər otlaq sahəsi, su nohurları mövcuddur. Bu da imkan yaratdı ki, camışçılığa üstünlük verim.
Hazırda 6 başa camışım var. Onları sağlam böyütmək, məhsuldarlığı artırmağa çalışıram.
Atalar inəyin südü ağzındadır, deyiblər. Bu, camışa da şamil edilməlidir, ancaq bu heyvanın yeməyi əsasən çöllərdə olur, yəni dənizkənarı qamışlıqlar bol yem mənbəyidir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına Xırmandalı kəndindən fermer Telman Ağaşovun məktubunda qeyd olunur ki, camışçılıq çox sərfəli sahədir. Əvvəla, xəstəlikərə davamlıdır, ilin çox aylarında sahələrdə öz yemini tapır. Ən əsası da məhsulları – südü, qatığı, yağı can dərmanıdır. Ətlikdə də yüksək çəkisi ilə faydalıdır.
Bu günlər isə heyvandarlıqda qışlama dövrüdür. Havalar soyuyub, heyvanların tövlə şəraitinə keçmək vaxtıdır. Qarlı-şaxtalı günlərdə çamışın yeri isti, yemi bol, suyu yanında olmalıdır. Bunun da dövrü üç aydır. Martdan sonra camışlar yenə də dənizkənarı örüşlərə buraxılmalıdır. Yayda isə camışın qayğısı bol yemlə yanaşı su nohurlarındadır ki, bu imkanlar da vardır.