Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda çayçılıq inkişaf etdirilir

16 dekabr 2019 | 16:00

Payız günəşi üfüqdən baş qaldırır. Məni Kolatana aparan sürücü maşını geniş bir sahənin kənarında əyləyir, Mübarizin plantasiyası buradır, deyir. Adını soruşmadığım sürücü müxbir olduğumu bilib dedi:
-Bir vaxtlar bu sahələr yaşıl çay plantasiyaları ilə bəzənirdi, özümüz çörəyimizə bais olduq, qoruya bilmədik bu sərvəti.Sonra əlavə etdi: darıxmayın, bir azdan buralarda adamların zarafatları, gülüşləri eşidiləcək, deyib qayıtdı.
Torpağın üzərində düz xətlər boyu sıralanan körpə şitillər üzə gülür. Bir az irəlidə isə keçən il əkilən şitillər günbəgün böyüyür, xəyalən məni 30-35 il əvvələ aparır.
Yaşıl kollar ruha xoş ovqat bəxş edirdi. Muğdadın, Tacının, Əliağanın, Fikrətin... səsi-sədası hələ də qulağımdadır. Nə yaxşı ki, bu torpaq etibarlı çıxdı, keçmiş sərvətini arzuladı. Bu gün torpaq istəyinə çatdığından üzü gülür.
Əkini, torpağınhazırlanmasını nəzərdən keçirirəm. Şübhəsiz, hər aqrotexniki tədbir keyfiyyətli olar, çünki əkinə nəzarət edən Mübariz Abuşov uşaqlıqdan çay plantasiyalarında olub, hər kolu, hər yarpağı ilə nəfəs alıb.
Torpağın şumlanmasının, hamarlanmasının, şitil yetişdirilməsinin, əkin və becərmələrin, yaşıl yarpağın yığılmasının şahidi olub.
Bölgədə toxum müfəttişi kimi tanınan Mübarizçayı da yaxşı bilir. Atası Əvəzi də bu torpaq, çay plantasiyaları ucaltmışdı.Azərbaycan Ali Sovetinin deputatı olmuşdu, əməyi orden-medallarla qiymətləndirilmişdi. Bu torpaqsevərliyini övladlarına ərməğan edə bilmişdi.
Rayonda çayçılığın məhv edilməsi Mübarizə möhkəm toxunmuşdu. Axı, kənddəki sovxoz ölkədə ən böyük və təcrübəli çayçılıq təsərrüfatı olmuşdu.
Mübarizin iş günü başlayır. Hal-əhvaldan sonra dünən əkilən şitilləri göstərir, bunları gənc “Amalçılar” Türkiyədən gətiriblər, deyir.
Bu gün isə “Azərbaycan – 2” sortlu şitilləri əkirik.
-Əkində iştirak edənlərin hamısı gəncdir, briqadirdən başqa.Şitillərin aqrotexniki qaydada əkilməsinə nəzarət edir. Briqadir Aida isə Mübarizin ömür-gün yoldaşıdır, çayçılıqda böyük təcrübəsi var. Fikrət Qənbərovun briqadasında çalışıb, qabaqcıl çaybecərənlərdən olub.
Mübariz cərgəaralarını , şitillərin ara məsafəsini ölçür: cərgəaraları 1 metr 25 santimetr şitillər də bir qayda olaraq 25-30 santimetr məsafədədir. Bu stabilliyin faydası çoxdur, əkinçilik mədəniyyəti yüksək olanda, gələcəkdə becərmələrdə texnikaya çətinlik yaratmır.
Qızlar əkinə başlayırlar. Mübarizin qardaşı oğlu Rüstəm, övladı Bəylər əkini vaxtında və aqrotexniki qaydada başa çatdırmaq üçün bütün günü əlləşir, yorulmadan çalışırlar. Bilirlər ki, bu gözəl bitki Azərbaycanın çox lazımlı sərvətidir. Uzağı 5-6 ildən sonra bu yaşıl tarla bir neçə ailənin rifahını, dolanışığını təmin edəcək.
Gənc “Amalçılar” – Naibə Hüseynova, Könül Bayramova, Aygün Əliyevanın işə can yandırması nəticəsində yeni cərgələrin sayı anbaan artır.
Birqadir Aidə İsayeva məlumat verib deyir ki, torpağa rayonlaşdırılmış şitillər köçürürük. 60 sot sahədə yeni plantasiya yaradacağıq. Beləliklə, çay tarlamız 1,6 hektara çatacaq.
Mübarizlə söhbətimiz maraqlı anlarla yadda qalır. Təcrübəsindən çoxları faydalanan Mübariz neçə illər əvvələ qayıdır. Çayçılığın məhvindən, Prezident cənab İlham Əliyevin Lənkərandakı müşavirəsində çayçılığın inkişafı ilə əlaqədarverdiyi tövsiyə və tapşırıqlarından söhbət açır. Deyir ki, Prezidentin tapşırıqları çoxdan arzuladığım bir sahənin dirçəltmək yolunu nurlandırdı. Nəhayət, arzularımı reallaşdırdım. Ötən il 1 hektar sahədə plantasiya saldım. 30 sot da çay tingliyi yaratdım. Burada 150 min şitil yetişdirdim ki, bu da 7 hektar plantasiya salmağa imkan verəcək. Yayda su çətinliyi yarananda cənab Prezidentin sərəncamı, rayon icra hakimiyyətinin təşəbbüsü ilə tarlalamızın yaxınlığında Az.KİL- 2-nin layihəsinə qoşulmaqlaartezian quyusu qazıldı. Bu da bizi su çətinliyindən qurtardı.
Kolatanda bu sahəyə maraq göstərənlər ilbəil artır. Vaxtilə çayçılıqda çalışan Etibar Sadıqov, Fikrət Məmmədov, Valeh Mikayılov bu sahəyə yenə də maraq göstərirlər. Onlar çay əkini üçün torpaqları şumlayıb hazırlayıblar.
Əkin davam edir. Gənclər həvəslə çalışırlar. Bir neçə ildən sonra hər səhər dan yerindən tarlalara boylanan Günəşin şəfəqləri onları ötən illərin xatirələrinə qovuşduracaq. Yenə al-əlvan geyimli qız-gəlinlər plantasiyalara çıxıb “yaşıl qızıl”ıdərib qablara dolduracaq, dolanışıqlarını daha da yaxşılaşdıracaqlar. Yaşıl kollar bu yerlərin yaraşığına dönəcək.

Keçidlər