Masallıda jurnalistlərin infoturu keçirildi
Masallıda jurnalistlərlə vaxtaşırı görüşlər təşkil etmək artıq ənənə şəklini alıb
Masallıda jurnalistlərlə vaxtaşırı görüşlər təşkil etmək artıq ənənə şəklini alıb. Bu dəfəki görüş isə maraqlı günə - Beynəlxalq Qadınlar Gününə təsadüf etmişdi. Masallı Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirin sonuna Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da qatılıb və geniş çıxış edib. Bu tədbirə ölkənin aparıcı qəzetlərinin – “Azərbaycan”, “Xalq qəzeti”, ”Respublika” qəzetlərinin, AZpress.AZ, Qafqazinfo, Publika.az, virtual.az, APA saytlarınının əməkdaşları, “Azadlıqradiosu”nun, ölkə televiziyalarının region təmsilçiləri, eləcə də, “Cənub xəbərləri” qəzeti qatılmışdı.
Tədbir iştirakçıları öncə rayonda istifadəyə verilmiş H. Əliyev Mərkəzi, Boks, Taekvando mərkəzi, Mədəniyyət evi və sair obyektlərdə oldular, hazırda inşa olunan Diyarşünaslıq, Uşaq İncəsənət məktəbi və sair obyektlərin layihə və maketləri ilə tanış oldular. Daha sonra H. Əliyev Mərkəzində kiçik toplantı oldu. İştirakçılar burada Masallının son illərdəki nailiyyətlərini əks etdirən qısametrajlı filmə baxdılar. Elə buradaca “Kaspi”, “Xalq qəzeti”, Virtual.az, publika.az saytlarına Masallı həqiqətlərini daha yaxşı işıqlandırdıqları üçün, “Cənub xəbərləri” qəzetinə isə Masallı ilə bağlı araşdırma yazılarına görə diplom və mükafatlar verildi. Tədbirdə həmçinin Masallı haqqında
daim qərəzli yazılar çap etdiyi üçün “GündəlikBakı” qəzetinə rəmzi zibilqabı “mükafatı”nın verildiyi elan edildi.
Tədbirin növbəti hissəsi Masallının İstirahət mərkəzində, yeni istifadəyə verilmiş restoranlardan birində baş tutdu. 30-a yaxın jurnalistin şərəfinə verilən, İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun da qatıldığı ziyafət məclisi maraqlı diskussiya şəraitində keçdi. Öncə İcra başçısı Rafil Hüseynov çıxış edərək buradakı qadınların bayramını təbrik etdi. Daha sonra son illər Masallıda görülən işlərdən, problemlərdən, çətinliklərdən söz açdı. O, çıxışında qeyd etdi ki, hər birimizin bir-birimizə ehtiyacımız var. Üzbəüz görüşlərin faydası isə daha faydalı olur. Bəzi müqayisələr aparsaq görərik ki, Masallının ən fərqli cəhəti odur ki, burada hər kvadratmetrə düşən insanların sayı ölkə üzrə müqayisədə ən azı 3 dəfə çoxdur. Artım dinamikasına nəzər salsaq, bu gün 212 min əhalisi olan Masallıda 218-ci ildə 247, 2030-cu ildə isə təxminən 295-300 min nəfər insan yaşayacaq. Öncə biz buna hazır olmalıyıq.
Ölkəmizin inkişaf tempinə nəzər salsaq, yaxın 3 ildə Masallının əksər problemləri həll olunacaq.
Əgər belə demək mümkünsə, Masallının şəhər problemi var. Ötən ilin göstəricilərinə görə 212 min əhalisi olan bir rayonun 9 minlik əhalisi, 98 hektarlıq şəhər ərazisi var idi. Bu sahədə məqsədəuyğun tədbirlər nəticəsində hazırda Masallı şəhərinin ərazisi 2400 hektara çatıb. Şəhərdəki küçələrin sayı azı 2 dəfə artıb. Lakin təəssüf ki, bu işdə də pərakəndəçilik var - bəzən bir küçəyə 3 ad verilib.
Artıq Masallı şəhərinin baş planı hazırlanıb,
Nazirlər kabineti tərəfindən təsdiq edilib və dövlət planına daxil edilib. Yəqin ki, bu baş plana uyğun şəhər mərkəzində müfafiq dəyişikliklər aparılacaq...
Çətinliklər, uyğunsuzluqlar az deyil. Məsələn, Masallı şəhərindəki məktəblərin tutumu 3,5 mini keçmir. Lakin bu məktəblərdə təhsil alanların sayı 5 mini ötür. Bizdə uşaq bağçalarının sayı ölkə üzrə göstəricilərdən xeyli aşağıdır.
Biz bu problemlərin aradan qaldırılmasında həm dövlətin, həm xeyriyyəçilər köməyindən istifadə etməyə çalışacağıq. Bizdə bir çox xeyriyyəçi insanlar var. Onları bəzilərini rayondan küsdürüblər. Çalışırıq, onları bir araya gətirək. Ötən il 2 iş adamı ayrı-ayrılıqda boks və Taekvando mərkəzi tikdi. Palmali şirkəti Masallı stadionunda yenidənqurma işlərinə başlayıb. Burada Uşaq Futbol Akademiyasının inşasına da hazırlıq görülür.
Ümumiyyətlə, turizm məsələsi fəaliyyətimizdə başlıca istiqamət təşkil edəcək. Biz istəyirik ki, elə istirahət bazası yaradaq ki, bu mərkəzlər bütün ilboyu və yüksək xidmətlə işləyə bilsin.
Bütün hallarda nəzərə alırıq ki, Masallı kənd təsərrüfatı rayonudur. Torpaq az, işləmək istəyən çox. Hazırda rayonda Aqroparklar qurmaq istəyirik. Bunun üçün 250 hektar yer də ayrılıb. Rayonun ərazisi dağlıq və aran hissədən ibarətdir. Dağlıq hissədə qələviləşmiş torpaqlar olduğu üçün burada taxılçılığın inkişafı mümkünsüzdür. Bütün güc çayçılığa və subtropik bitkilərə verilməlidir. Muğan zonasında isə şoran torpaqlar daha çoxdur. Ən adi müqayisələrdə də bəlli olur ki, bir hektarda əkilmiş kartof, çiyələk eyni miqdar
ərazidə əkilən taxıldan xeyli artıq gəlir gətirir və daha çox insanın işlə təmin olunmasına imkan yaradır.
Masallının sənaye potensialı qonşu rayonlara nisbətən xeyli çoxdur. Bu da Masallıda tikiti materiallarının (kərpic istehsalının) və mebel istehsalının daha çox olması ilə bağlıdır. Bu gün Masallıda şəxsi evlərdə elə yüksək keyfiyyətli mebellər istehsal olunur ki, onları Bakıda Türkiyə, Malayziya mebeli kimi satırlar.
Artıq Masallıda hər il folklor festivallarının keçirlməsi ənənəyə çevrilib. Bu ilin iyun ayında növbəti festival keçiriləcək.
R. Hüseynovun çıxışından sonra “Azərbaycan”, “Cənub xəbərləri”, “Xalq qəzeti”nin və “Azadlıqradiosu”nun əməkdaşları icra başçısına xeyli suallar ünvanladılar.
R. Hüseynov bildirib ki, Viləş çayının Masallı şəhərinin ortasından keçən hissəsindəki sağ-sol sahilinin bulvar olması məsələsi gündəmdədir. Artıq hər iki sahilin beton bloklarla bərkidilməsi üçün vəsait ayrılıb və bu iş yaxın vaxtlarda öz həllini tapacaq. Bazarın arxasında Olimpiya komleksinə kimi meşəlik salınması və yaşayış binalarının tikilməsi gündəmdədir. Bu ərazidə 3 körpü olacaq. Həmin bulvar hissəsində qədim mini-şəhər, uşaq-əyləncə mərkəzi və sair obyektlərin də salınması nəzərdə tutulub. Kosaküllə şəhəri birləşdirən hissədə də körpü nəzərdə tutulub. Ərkivanda piyadalar üçün yerustü keçidin layihəsi artıq hazırdır. Həmin körpülərin konstruksiyası, işıqlandırılması ən yüksək standartlara uyğun olacaq.
Bu ərazidə hamının ürəyincə olan meşə-park salınacaq.
“Cənub xəbərləri” qəzeti əməkdaşının “Stadionun ətrafındakı binaların taleyi necə olacaq?” - sualını cavablandıran başçı bildirdi ki, bizim təklifimiz belədir - həmin binalar sahiblərindən normal qiymətlərə alınsın, onun qarşılığında burada idman klubu üçün yardımçı binalar və sair inşa edilsin.
“Azadlıqradiosu” əməkdaşının suallarını cavablandıran icra başçısı bildirdi ki, rayonun büdcəsi 28 milyon manatdır ki, bunun 20 milyonu əmək haqqına sərf olunur. Qalan 8 milyon küçələrin abadlaşması, kommunal xidmətlərin yaxşılaşdırılması və sair məsələlərə sərf edilir. “Şıxlarlılar niyə icra başçısı tərəfindən qəbul edilməyib?” sualına isə icra başçısının cavabı belə oldu: “Mən həmin kənddə dəfələrlə olmuşam və sakinlərlə də açıq görüşlərim olub.
Təkcə şıxlarlıları yox, mən hamını hər vaxt qəbul edirəm - 1-ci gün virtual formada, 2-ci gün icrada şəxsən, 3-cü gün yerlərdə səyyar görüşlərlə. Bundan əlavə hər 5-ci gün kim istəsə, hətta gedib onu öz evində də qəbul edə bilərəm. Bəzi qəzetlər yazır ki, guya şikayətçiləri binanın arxa qapısından qəbul edirəm. Təsəvvür edin, bəzən 100-ə yaxın şikayətçi gəlir. Binanın arxasında bağ var, oturacaq var, şikayətçilərə pulsuz su, çay verilir. Bunun nəyi pisdir? Bir var, şikayətçiləri binanın qarşısında Günəşin, qarın, yağışın altında saxlayam, bir də var, onların normal şəkildə qəbula gəlməsinə şərait yaradam. Bir daha Şıxlar məsələsinə qayıdıram ki, burada bəzi qruplaşmalar var. Bəzi hadisələri bilərəkdən qışızdırırlar ki, narahatçılıq
yaratsınlar. Elə oğurluq hadisələri var ki, onları tam çılpaqlığı ilə aşkarlasaq, hec də xoş olmayan vəziyyət yaranır. Gör burada iş nə yerə çatıb ki, kənd bələdiyyəsinin sədri qanun pozanların önündə gedir və payıbəlli torpaqda oğluna ev tikir.
Bir daha bildirirəm ki, istənilən masallılını hər vaxt qəbul etməyə hazıram. Bəd niyyətlilər isə hər hansı formada bizi qorxuda, düz yolumuzdan sapdıra, çaşdıra bilməz. Belələrindən də heç bir çəkinəcəyimiz yoxdur.
Jurnalistlər görüşdən olduqca razı qayıtdılar və arzu etdilər ki, belə tədbirlər davamlı olsun. Eləcə də digər rayon rəhbərləri Masallıdan nümunə göstərib jurnalistlərlə belə açıq görüşlər keçirtsinlər ki, ilk mənbədən məlumat almaq daha asan olsun.