Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Şura iclası

24 fevral 2020 | 16:00

Masallı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir.

       Fevralın 24-də 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında Masallı Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı olmuşdur.
      Toplantı iştirakçıları Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoydular.
      Keçən ilki sosial-iqtisadi inkişafı əks etdirən videoçarx nümayiş etdirildi.

Masallıda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, 2020-ci il  yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.

     Cənab  İlham Əliyev çıxışında bildirdi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.

    Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2019-cu il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuşdur.
Şəhərimizdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, şəhərin Heydər Əliyev prospektinə, Qurtuluş, S. Vurğun, R. Axundov, S. Məmmədov küçələrinə asfalt örtüyü döşənmişdir. Şəhərin digər daxili asfalt olan küçələrinin ümumilikdə 6500 m2 olan hissəsində cari təmir işləri görülmüşdür.

Heydər Əliyev prospektinin “köhnə bazar” adlanan ərazisində və 20 Yanvar küçəsində yaranmış tıxacların aradan qaldırılması üçün həmin küçələrdə olan avtomobil yolu birtərəfli hərəkət istiqamətində tənzimlənmişdir. 20 Yanvar küçəsinə 10500 m2 asfalt örtüyü döşənmiş, yolun bir tərəfindən digər tərəfinə qrunt sularının keçirilməsi üçün 2 su ötürücü nov quraşdırılmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri zamanı rayon ictimaiyyəti Viləş çayının şəhərdən keçən 7 kilometrlik hissəsində 50 hektara yaxın ərazidə meşə-parkın, bu ərazinin 750 p/m hissəsində 6,6 hektara yaxın ərazidə park-bulvar kompleksinin salınması məsələsi qaldırmış və bu təklif ölkə başçısı tərəfindən bəyənilmişdir.

Bu istiqamətdə işlərə başlanılmış və çay yatağının sel-daşqın sularından mühafizəsinin təmin edilməsindən ötrü 750 p/m hissəsinin beton məcraya salınması ilə bağlı müraciətlərimiz nəzərə alınaraq 2014-2017-ci illə ərzində dövlət büdcəsindən vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına çayın 591 p/m hissəsi beton məcraya salınmışdır.

Viləş çayının şəhər hissəsindən keçən 159 p/m hissəsinin beton məcraya salınması üçün tələb olunan vəsaitin və Viləşçay park-bulvar kompleksinin tikintisinin 2020-ci ilin investisiya layihəsinə salınmasından ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinə rayon İcra hakimiyyəti tərəfindən məktub ünvanlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Masallının Muğan bölgəsində ciddi su problemi olan 23 yaşayış məntəqəsinin su təminatı layihələrinin icrasına başlanılmışdır.

Bu məqsədlə Viləşçay su anbarının aşağı hissəsində inşa edilmiş sutəmizləyici qurğudan həmin kəndlər istiqamətində 20 kilometr uzunluğunda magistral su kəməri çəkilmiş, bu günədək yalnız 5 yaşayış məntəqəsi içməli su ilə təmin edilmiş və sifarişçi “Azərsu” ASC tərəfindən 7 yaşayış məntəqəsi üzrə müvafiq layihə sənədləri hazırlanaraq qanunamüvafiq qaydada razılaşdırılmışdır. Lakin bu günə kimi birinci mərhələdə su çəkilişi həyata keçirilməli olan 18 kəndlə bağlı işlərə başlanılmamışdır.

           Natiq demişdir ki, hesabat ilində 4316 abonent üçün Smart tipli sayğaclar quraşdırılmışdır. Bu sayğaclardan 233 ədədi texniki şərtə əsasən quraşdırılmış, 4083 ədəd sayğacın isə istismar müddəti bitdiyindən onlar yeni Smart tipli sayğaclarla əvəzlənmişdir.

2018-ci ildə elektrik enerji haqlarının toplanması 82,6 % olduğu halda 2019-cu ildə bu rəqəm 85,2 % olmaqla 2,6 % artmışdır.

Hazırda Masallı elektrik şəbəkəsi 46200 əhali, 3813 qeyri-əhali olmaqla ümumilikdə 50013 abonentə xidmət göstərir.

            Rayon üzrə qaz alan əhali abonentlərin sayı 41854, sənaye abonentlərinin sayı 321-dir.

            Hazırda rayon üzrə 91 yaşayış məntəqəsi qazla təmin olunmuşdur. Lakin eyni inzibati ərazi vahidinin daxilinə olmasına 12 kəndin isə (Dəmbəlov, Əmirtürbə, Əzizabad, Xəlfələr, Köhnə Zuvand, Məmmədrzüküçə, Nəzəroba, Ninalov, Rüdəkənar, Şıxlar, Yeni Zuvand, Yolağac) qaz təchizatı həyata keçirilməmişdir.         

Natiq demişdir: -Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % artaraq 833,5 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 66,2 milyon manata çatmış, kənd təsərrüfatı məhsullarının həcmi 1,3 faiz azalmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,6  faiz artaraq 93,5 milyon manat olmuşdur.

         İl ərzində adambaşına düşən pul gəlirləri 2948 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 354,0  manat olmuşdur.

            2019-cu ildə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 5105 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onlardan 1105 nəfəri qadındır. Müraciət edən 5105 nəfərdən 3815 nəfəri işaxtaran, 1290 nəfəri isə işsiz kimi qeydiyyata alınmışdır. Həmçinin müraciət edənlərdən 4742 nəfəri pay torpağı, 448 nəfəri əlilliyi, 673 nəfəri ixtisası, 147 nəfəri isə peşəsi olanlardır. Onlardan 4632 nəfəri kənddə, 473 nəfəri isə şəhərdə yaşayandır.

         2019-cu ildə rayon Məşğulluq Mərkəzi tərəfindən 2054 nəfərə işə götürülməsi ilə bağlı göndəriş verilmiş, onlardan 1179 nəfəri işlə təmin olunmuşdur.

         Masallı rayonunda kənd təsərrüfatı dövriyyəsində olan 24964 hektar əkin sahəsi mövcuddur ki, 2019-cu ildə bu torpaqlardan 17330,2 hektarı əkilmişdir. 2019-cu ildə rayonda 35 ha tütün, 217,6 hektar çəltik, 53 hektar çiyələk, 844,5 hektar kartof əkilmiş, həmçinin 120 hektar ərazidə çay plantasiyaları salınması başa çatdırılmışdır.

            Rayonda 10282 hektar taxıl əkilmişdir ki, ondan 7496 hektarını buğda, 2786 hektarını arpa təşkil edir. Əkilmiş 10282 hektarlıq taxıl sahəsindən ümumilikdə 23508,6 ton məhsul götürülmüşdür ki, bundan 17550,6 tonu buğda, 5968 tonu arpa olmuşdur. Bundan əlavə 844,5 hektar kartof sahəsindən 14677,4 ton, 397,7 hektar bostan sahəsindən 5500,7 ton və 1843,8 hektar tərəvəz sahəsindən 49284,9 ton məhsul götürülmüşdür.

             1 yanvar 2020-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın sayı 73096 başa, xırda buynuzlu mal-qaranın sayı 92251 başa çatmışdır. Hesabat dövrü ərzində süd istehsalı 49248,8 tona, ət istehsal 6217 tona, yumurta istehsalı 58272 min ədədə çatmışdır.

             Masallı üçün ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyün inkişafına da əhali arasında  maraq xeyli yüksəlmişdir.  Belə ki, 2019-cu ildə rayon üzrə 217,19 hektar çəltik əkinləri aparılmışdır. Rayon üzrə çəltik sahələrindən ümumilikdə 735,4 ton məhsul yığılmış, orta məhsuldarlıq 33,8 sentner təşkil etmişdir.

   Rayonun ayrı-ayrı əraziləri üzrə 21 hektar üzüm, 17 hektar feyxoa və 29 hektar sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 hektar sahədə yeni sitrus (naringi), Güllütəpə ərazisində isə 3,2  hektar yeni fındıq bağları salınmışdır.

            Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.

            Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən hesabat dövründə yaşa görə 13798, əlilliyə görə 10264, ailə başçısını itirən kimi 2180 nəfərə əmək pensiyası ödənmişdir. Şöbədə hazırda 26 min 242 nəfər əmək pensiyaçısı uçotdadır. Hesabat dövründə 454 nəfərə əmək pensiyası təyin olunmuşdur. Onlardan 206 nəfərinə elektron qaydada təyinat aparılmışdır.

             “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Qanunun icrası ilə əlaqədar 117 şəhid ailəsinə təqaüd təyin edilmiş və ödənilmişdir.

             2019-cu il Masallı təhsili üçün uğurlu il kimi yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2019-ci il tarixli Sərəncamı ilə

5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Şərəfə kənd tam orta məktəbin Riyaziyyat müəllimi Seyfullayeva Jalə Adəm qızı “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Son illərdə ali məktəblərə qəbul olan tələbələrin sayı artmaqdadır. Ötən il qəbul imtahanlarında iştirak edən 727 məzundan 546 nəfəri (75,1%) ali məktəblərə qəbul olmuşdur ki onlardan 191 nəfəri (35%) qızlardır. Tələbə adını qazanmış 546 nəfərdən 82 nəfəri 500-700 bal toplamışdır ki, onlardan 31 nəfəri (38%) qızlardır. 57 nəfər 500-600 bal toplamışdır ki, onlardan 24 nəfəri (42%) qızlardır. 25 nəfər 600-700 bal toplamışdır ki, onlardan 7 nəfəri (28%) qızlardır.

Bundan əlavə orta ixtisas məktəblərinə sənəd vermiş 368 abituriyentdən 167 nəfəri respublikanın müxtəlif kolleclərinə qəbul olunmuşdur ki, onlardan 80 nəfəri qızlardır.

             Hesabat dövründə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.

            Hazırda rayonda 4 xəstəxana, 30 həkim məntəqəsi, 27 tibb məntəqəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 184 nəfər həkim, 445 nəfər orta tibb işçisi çalışır.

           Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanmış və ilkin razılıq əldə olunmuşdur. Bu layihənin icrası nəin ki, Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.

          Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və rayon İcra hakimiyyəti müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və hesabat dövrü ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan gənclər hərbi xidmətə yola salınmışdır.

Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2019-cu ildə rayon ərazisində 455 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 93,5 % olmuşdur.

            İl ərzində rayon icra hakimiyyətinə 2900 müraciət daxil olmuşdur ki, onlardan 1755 -i rayon İcra hakimiyyətinə, 1145-i isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 2413-ü ərizə, 456-sı şikayət, 31-i təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 943,  şikayətlərin sayında isə 85 ədəd artım olmuşdur. Bu dövr ərzində  keçirilən qəbullar zamanı ümumilikdə 1292 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 1020 nəfəri rayon İcra hakimiyyətində, 272 nəfəri səyyar qəbullarda qəbul edilmişdir.          

Təklə inzibati ərazisində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kütləvi ağacəkmə kampaniyasında ümumilikdə 5000 ədəd ağac əkilmişdir.

Həmçinin Güllütəpə inzibati ərazi dairəsinin Tatyanoba kəndində keçirilən ağacəkmə aksiyasında Dövlət Meşə Fonduna məxsus 10 hektar sahədə 15 min ərik və heyva ağacı, 5 hektar sahədə isə göyrüş və ağcaqayın ağacı əkilmiş, 5 hektar torpağa isə 800 kiloqrama yaxın palıd toxumu basdırılmışdır.

2019-cu ildə 6 nəfər masallılı Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə müxtəlif medallarla təltif olunmuşdur.

Masallı rayonunda 2020-ci ildə qazlaşmanın 100%-ə çatdırılması və elektrik xətt təsərrüfatının sürətlə yenilənməsi qarşımızda duran vəzifələrdəndir.

           Bildiyiniz kimi 2020-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Könüllülər İli” elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.

Natiq sonda demişdir:-Masallı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və sərəncamlarını, regionlara səfərləri zamanı verdiyi tapşırıq və tövsiyələri, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə 13 yanvar 2020-ci il tarixdə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə və fevral ayının 3-də “Azərbaycan Respublakası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyulan vəzifələri əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

        Masallı DAİM-in direktoru Seymur Nuriyev, DSMF-nin Masallı rayon şöbəsinin müdiri Rövşən Həzərxanov, maliyyə idarəsinin müdiri Azər Abdullayev, rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov, RİHB-nın Masallı şəhər ərazisi üzrə nümayəndəsi Kamal Mazanov, gənc könüllü Gülcahan Vəkilzadə və başqaları 2019-cu ildə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflər vermişlər.
        Toplantıda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev 2019-cu ildə Masallı rayonunun inkişaf durumunu yüksək qiymətləndirmiş, 2020-ci ildə görüləcək işlərin uğurlu olacağına əminlik ifadə etmişdir.
Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup fəala Fəxri fərmanlar və qiymətli hədiyyələrl verildi.
Sonda toplantı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevə müraciət qəbul etdilər.

Keçidlər