Şriftin ölçüsü :

Saytın rəngi :

Torpağa qayıtmasaq

01 mart 2020 | 16:00

Torpaq Vətəndir. Bu Vətəni qorumaq üçün torpağı əzizləməliyik. Vətən anadırsa torpaq da anadır. Ana övladını dünyaya gətirib onu yedizdirir, əzizləyir. Torpaq da sinəsini bizə açıb yaşamağımıza rəvac verir. Minbir nemət yetirir ki, gün-güzəranımız yaxşılaşsın, başqa ölkələrə möhtac olmayaq. Bolluq isə torpağa sevgidən, qayğıdan başlayır:  Torpaq deyir, əz məni, əzizləyim səni. Torpağa bir verən, min götürər. Torpağın köksü çörək mənbəyidir. Torpaq ona əyiləni qaldırar. Torpağın yüksəltdiyi insan el hörməti qazanar. Torpağı sevənlər həmişə çörəkli olar. Çörək bol olarsa basılmaz Vətən. Yazının ən önəmli məğzi budur: Torpağı əkək, bolluq yaradaq ki, heç dövlətdən asılı olmayaq. Çörəyimiz, gündəlik işlətdiyimiz hər hansı ərzağımız bol olsun.

Bəs bu bolluğu kim yaratmalıdır? Torpağı olan kəndli özünü də təmin etməlidir, şəhərlini də. Bütün dünyada belədir. Yəni bazarlara məhsul çıxarıb satmalı, öz dolanışığını, ehtiyacını ödəməlidir.

Yəqin ki, ötən əsrin 60-70-ci illəri çoxlarının yadındadır. Tərəvəzçilik ən gəlirli sahəyə çevrildi. Masallı böyük sovetlər ölkəsinə 140 mindən çox pomidor, kələm, xiyar, badımcan satırdı. Masallı çayı şöhrətli idi. Sitrus bağlarından min tonlarla məhsul yığılırdı. Torpağın hər qarışı əkilirdi.

Bu gün torpaqlardan necə istifadə olunur? Birmənalı demək olar ki, qənaətbəxş saymaq olmaz. Rayonun bir neçə ərazisində torpağa qayıdış, torpağa münasibət yaxşıdır. Həmin ərazilərdə kartof, taxıl, bostan məhsulları yetişdirilir ki, bu da kəndlinin əsl məşğulliyyətidir. Əkir, həm bazarda bolluq yaradır, həm də dolanışığına təminat verir. Bu gün Xırmandalı, Təklə, Həsənli, Qarğalıq, Təzə Alvadı ərazilərində torpaq insanların bolluq mənbəyidir. Xüsusilə xırmandalıların 300-400 hektar sahədə faraş yemiş yetişdirməsi alqışlanmalıdır.

Həmin ərazilərdə əkinçiliklə yanaşı heyvandarlıq da inkişafdadır. Deməli, kəndlinin taxılı, tərəvəzi, kartofu ilə yanaşı heyvandarlıq məhsulları – əti, südü, yağı, qatığı da var.  Hər gün qəbulçulara 10-15 litr süd satır ki, bu da ailə büdcəsinə mənfəət gətirir. Amma dağətəyi ərazilərdə torpaq hələ də sahibini gözləyir. Bu kəndlərdə torpağa qayıdış, torpağa münasibət hələ ki, yoluna düşməyib. Hara baxırsan kol-koslu, boş sahələr görünür.

Bəzən televiziya ekranlarında Quba, Qusar, Zaqatala, Balakən və digər rayonlardakı  alma, armud, fındıq, ərik bağlarını görürük. Bölgəmizdə isə nədənsə bağçılığa diqqət yetirilmir. Hətta ötən əsrin 70-ci illərində salınan sitrus –limon, naringi, feyxoa bağları da tədricən sıradan çıxdı. Qodmanda əkilən 4 hektar dəfnə bağının taleyi acınacaqlı oldu. Son illər bəzi ərazilərdə meyvə bağları salınıb və deyilənlərə inansaq nəticə də pis olmayıb. Bəs niyə dağətəyi kəndlərdə fındıq, heyva, qoz, alma, armud, sitrus bağları salınmasına maraq yoxdur?

Bu sahədə Mahmudavardakı “Baba bulağı” təbiət evinin müsbət işi hamıya nümunə olmalıdır. Kollektiv hər il bağlardan on tonlarla naringi, feyxoa məhsulları yığıb satır.  Son 2-3 ildə 10 hektara yaxın ərik, alça, göyəm və başqa növlü meyvə ağacları əkib yetişdirir. Miyankü, Qodman, Məmmədoba, Qəriblər, Yeyənkənd, Güllütəpə ərazilərində də bağçılıq üçün belə əlverişli torpaq sahələri mövcuddur. Ancaq hələ ki, bu torpaqlarda nə çay plantasiyası salmaq, nə də təsərrüfatın başqa sahəsini yaratmaq haqqında düşünən var.

Kəndli bilməlidir ki, torpaq onun dolanışıq yeri, çörəyidir. Kəndin inkişafı da torpaqdan asılıdır. Əsl torpaqsevər adamlar tanıyıram ki, qış aylarında turp, kişniş, şüyüd, cəfəri, ispanaq yetişdirməklə ailəsini dolandırır. Bəziləri xiyar yetişdirməyə maraqlıdır və buna nail olur. Burada deyirlər ki, könlü balıq istəyən gərək dənizə girsin və ya çobanın könlü olsa təkədən pendir tutar.

Deməli hələ torpağa münasibətimiz yaxşı deyil, onun qədir-qiymətini bilmirik, ona əyilmirik, sinəsinə tumar çəkmirik. Nə qədər ki, torpağa qayıdışa barmaqarası baxırıq,  onun funksiyasını, gərəkliyini dəyərləndirə bilmirik kasıbçılığın daşını atıb torpaq sahibi ola bilmərik.

Keçidlər