Koronavirusla bağlı qərargahın növbəti iclası onlayn keçirilmişdir
23 aprel 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov hüquq mühafizə orqanlarının və aidiyyatı idarə-müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, icma sədrləri və məktəb direktorları ilə qərargahın növbəti iclasını onlayn keçirmişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, ölkədə “COVİD-19” koronavirus infeksiyasının yayılmasının qarşısını alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. 4 may 2020-ci il tarixinədək ölkədə xüsusi karantin rejim elan olunmuşdur. Həyata keçiriləcəyi əvvəlcədən planlaşdırılan kütləvi tədbirlər, eyni zamanda daxili iclaslar, qapalı yerlərdə həyata keçirilən vətəndaşların qəbulu və səyyari görüşlər təxirə salınıb. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir.
Müasir texnologiyaların imkanı ilə keçirilən iclsada rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov vurğulamışdır ki, yerlərdə xüsusi karantin rejiminin tələblərinn təmin olunması, əhalinin maarifləndirilməsi və dezinfeksiya işlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Göstərib ki, ərazidə tempraturlu vətəndaşlar müəyyən edildikdə dərhal təcili yardıma və RİH-də yaradılmış operativ qərargaha məlumat verilməli və onlardan yaxma götürülməsinə nəzarət edilməlidir. Koronavirusa yoluxması aşkar edilmiş vətəndaşın ünsiyyətdə olduğu digər vətəndaşlar haqqında operativ məlumat toplanmalıdır. Koronavirus (COVİD-19) infeksiyası aşkarlanmış xəstələrin yoluxmamış insanlardan tam izolyasiya olunmasına, həmin ocaqda xəstəliyin ləğvinə yönəldilmiş epidemiya əleyhinə rejim (karantin) tətbiq edilərək epidemiya ocağında xüsusi dezinfeksiya işləri aparılmasına şərait yaradılmalıdır. GEM və rayon Dezinfeksiya Stansiyası ərazilərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirdiyi zaman ərazi nümayəndəsi ictimai iaşə və ticarət obyektləri, bankomatlar, terminallar, bir sözlə, əhalinin kompakt toplaşdığı bütün yerlərin, həmçinin küçə və məhəllə arası yolların dezinfeksiya edilməsi işinə nəzarət gücləndirilməlidir. İclasda rayon İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, karantin dövründə rayon ərazisində 10 mindən çox aztəminatlı ailələrə ərzaq və maddi yardım göstərilmişdir. Xeyriyyə aksiyasında iştirak edən hər bir Masallı vətəndaşına rayon rəhbəriyi istər yaxında, istərsə də uzaqda olanlara minnətdarlığını ifadə etmişdir.
Rayon İcra hakimiyyətinin başçısı vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin köçürülməsi prosesi davam etdirilir. Masallı rayon ərazisində 2445 nəfər işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı vətəndaşlar 190 manat birdəfəlik vəsait almışlar.
Məktəblilər “Evdə qal, dərsdən qalma” təşəbbüsünə daha aktiv qoşulmalı, ərazi nümayəndələri, valideynlərlə bu barədə maarifləndirmə işləri aparmalı, şagirdlərin onlayn qaydada dərslərə davam etməsinə nəzarəti gücləndimək məqsədilə məktəb direktorları valideynlərlə əlaqəni daha da möhkəmləndirməlidirlər.
Rayon Gənclər İdarəsinin 25 aprel-10 may 2020-ci il tarixlərdə 14-29 yaşlı gənclər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş onlayn qaydada “Evdə qal, evdə yarat”, “Rəsm və əl işləri” müsabiqələri haqqında gənclər məlumatlandırılmalıdırlar .
Daha sonra kənd təsərrüfatı işləri müzakirə olunmuşdur.
Yaz tarla işlərinin aparılması, sahələrdə tərəvəz əkinlərinə hazırlıq işləri barədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı müvafiq tapşırıq və tövsiyələrini vermiş və bildirmişdir ki, Masallı böyük kənd təsərrüfatı rayonudur. Son illər tərəvəzçilik, çəltikçilik, tütünçülük və çayçılıq geniş vüsət almış, xeyli kənd təsərrüfatı məhsulları istehsal olunmuş, cari ildə də əkin sahələrinə diqqət artırılmalıdır. Fermerlər məhsuldarlığı artırmalı, torpağı əkinə keyfiyyətli hazırlamalı, kartofçuluğun, çiyələkçiliyin inkişafı ildən-ilə artırılmalı və bu sahədən əldə olunan gəlir çoxalmalıdır.
Az vaxtda çox gəlir gətirən barama saxlanılacaq yerləri hazırlanır. Masallı rayonu üzrə ümumilikdə 37 ərazidə barama saxlanılması nəzərədə tutulan yemləmə otaqları qabaqcadan səliqəyə salınmışdır.
Təcrübəli kümçülər bu il daha çox fəallıq göstərməlidirlər.
Əkin-biçin vaxtı gecikdirilməməlidir. Bir neçə gündür ki, rayonda çiyələkçilər öz əkib-becərdikləri məhsulun nübar yığımına başlamışlar. Bir azdan intensiv yığım mövsümü başlanacaq və bu, sentyabra kimi davam edəcəkdir.