Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 663 hektar sahədə kartof yetişdirilir

25 aprel 2020 | 16:00

Masallı rayonunda kartofçuluğa da diqqət ildən-ilə artır. Kartofçuluğun iqtisadi səmərəsini görən fermerlər bu il əkin sahələrini genişləndirməyə çalışırlar. Əmək adamları ilin məhsulu üçün 663 hektar sahədə kartof yetişdirirlər.

Məhsuldarlığı artırmaq üçün tarlalarda əzmlə çalışan kartofçuların əməyi bəhrə verməkdədir.

Təkləlilər bu il də  kartof əkinində irəlidə gedirlər. Onlar 295 hektar sahədə kartof yetişdirirlər.

Təzə Alvadı ərazisində 210 hektar, Xırmandalıda 70, Köhnə Alvadı ərazisində 30 hektar kartof sahəsinə qayğı göstərilir.

Demək olar ki, kartof dünyanın bütün ölkələrində yayılmışdır. Dünya əkinçilik sistemində kartofun əkin sahəsi 20 milyon hektara yaxındır.

Son illər Masallıda da kartofçuluğu geniş meydan verilib. Onlar bilirlər ki, kartof ikinci çörək, qiymətli ərzaq bitkisidir.
Təcrübəli kartofçular bilirlər ki, kartof bitkisi cərgəarası becərildiyindən, məhsulu yığıldıqdan sonra torpaq alaqsız və yumşaq olur. Odur ki, bu bitki dənli taxıl, dənli-paxlalı və texniki bitkilər üçün yaxşı sələf hesab olunur. Kartofu eyni tarlada dalbadal əkdikdə fitoftora xəstəliyinə tutulur, yumrular məftil qurdları və başqa zərərvericilər tərəfindən daha çox zədələnir.

Növbəli əkin tarlasında kartof yenidən əkilərsə orada dənli-paxlalılar və çoxillik paxlalı yem otlarının əkilməsi ilə yanaşı üzvi gübrələrin verilməsi vacibdir. Kartofu bütün kənd təsərrüfatı bitkilərindən sonra becərmək mümkündür. Ancaq, ən yaxşı sələflər altına üzvi gübrələr verilmiş payızlıq dənli taxıl bitkiləri, birilik paxlalılar (noxud, paxla, mərcimək və s.) və çoxillik paxlalı otların ikinci ilindən sonradır.

Torpaq-iqlim şəraitindən, təsərrüfatın istiqamətindən, təsərrüfatda əkin tarlasının strukturundan asılı olaraq becərilən kartof bitkisini növbəli əkinin müxtəlif bitkiləri ilə növbələndirmək olar.

Keçidlər