Masallıda qızğın iş gedir
Masallı rayonu respublikamızın əhalisi ən sıx olan bölgələrindən biridir. Burada 228 minə yaxın əhali yaşayır və hər kvadrat kilometrə 316 nəfər adam düşür. Deməli, burada adamların təması da daha sıx ola bilər.
Elə buna görə də rayon icra hakimiyyəti və digər müvafiq icra strukturları koronavirus pandemiyasının qarşısının alınması, ziyanın minimuma endirilməsi üçün təxirəsalınmaz tədbirlər görməkdədirlər. Belə ki, bu məqsədlə rayonda xüsusi qərargah yaradılmışdır.
Tədbirlər davam etdirilir
Qərargahın göstərişinə əsasən, rayon Gigiyena-Epidemiologiya Mərkəzi və Dezinfeksiya Stansiyası birlikdə 95 təhsil ocağında, 2 məktəbdənkənar, 19 məktəbəqədər təhsil müəssisəsində, 140 məsciddə, rayon icra hakimiyyətində, "Asan xidmət” Mərkəzində, Sənaye Məhəlləsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində, Olimpiya İdman Kompleksində, Kapital və Beynəlxalq Bank filiallarında, "Masallı” və "Viləş” hotellərində, ticarət obyektlərində, küçə və meydanlarda, bazarlarda, yaşayış binalarının yerləşdiyi ərazilərdə, nəqliyyat vasitələrində, habelə başqa zəruri yerlərdə 4-5 dəfə dezinfeksiya işləri həyata keçirmişlər.
Rayonun inzibati ərazi üzrə nümayəndələri, bələdiyyə üzvləri, YAP-ın fəalları yaşı 65-dən çox olan 10 min 343 nəfərlə görüşərək vəziyyətləri ilə maraqlanmış, onlarla maarifləndirici söhbətlər aparmışlar. Həmçinin DSMF-nin rayon şöbəsinin əməkdaşları bu yaş kateqoriyasından olan insanlara baş çəkir, onların sosial-məişət şəraitləri ilə maraqlanır, gündəlik tələbat mallarına, dərman vasitələrinə olan ehtiyaclarını öyrənir, bu işdə hər birinə kömək göstərirlər.
Rayon icra hakimiyyəti aparatının əməkdaşları, polis işçiləri, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları 37 mobil qrupda birləşərək mütəmadi şəkildə vətəndaşların yanında olur, onlara maska və spirt paylayırlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov inzibati orqanların rəhbərləri ilə birlikdə Heydər Əliyev prospektində, 20 Yanvar, Azərbaycan, Qarabağ küçələrində, Xətai parkında vətəndaşlarla söhbətlər aparmış, onlara evdə qalmaları və zəruri ehtiyac olmadan evdən çıxmamaları barədə tövsiyələr vermişlər.
Bu ağır günlərdə dövlətimizlə bərabər xalqımızın imkanlı, səxavətli insanları aztəminatlı ailələrin, yaşlıların yanında olur, onları hər vasitə ilə dəstəkləyirlər. Masallıdakı xeyriyyəçilik aksiyalarında rayon icra hakimiyyəti, YAP-ın rayon təşkilatı, Milli Məclisə yeni seçilmiş deputatlar Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşir Paşazadə, sahibkarlardan Ramazan Mirzəyev, Tahir Niftullayev, Laçın Sadıqzadə, "Ümid Sənsən” İctimai Birliyinin rəhbəri Fidan Abbaslı və onlarca başqaları fəal iştirak edirlər.
Kənd təsərrüfatı işləri geniş vüsət alır
Yazın gəlişi ilə havalar istiləşir, günlər uzanır. Bu isə torpağın hər bir kənd adamını, fermeri, sahibkarı öz qoynuna səsləməsi deməkdir. Masallı rayon əhalisinin də dədə-babadan çörəyi əsasən torpaqdan çıxıb. Dövlət tərəfindən kənd təsərrüfatına göstərilən diqqət və qayğı nəticəsində, hər yerdə olduğu kimi, Masallı rayonu da sürətlə inkişaf etməyə başlamışdır. Çəltikçilik, çayçılıq, sitrus meyvəçiliyi, tərəvəzçilik, tütünçülük rayon üçün uzun illərdən bəri ənənəvi sahələr olmuşdur. Lakin keçən əsrin 90-cı illərinin məlum hadisələrindən sonra həmin sahələr, demək olar ki, başlı-başına buraxılmışdı. Çay plantasiyaları, meyvə bağları, tərəvəz əkilən ərazilər mal-qara üçün otlaq yerinə çevrilmişdi. 2004-cü il fevral ayının 11-də ölkə başçısı cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında respublikanın hər yerində olduğu kimi, Masallıda da kənd təsərrüfatının dirçəldilməsi məqsədilə tədbirlər nəzərdə tutulmuş və onların icrasına start verilmişdir. II və III Dövlət proqramları çərçivəsində həmin məsələlər mərhələ-mərhələ öz həllini tapmış, IV Dövlət Proqramı isə uğurla davam etdirilməkdədir.
Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, 2016-cı ildə rayon üzrə əgər 7,6 hektara çəltik əkilmişdisə, bu rəqəm keçən il 217 hektar olmuş və orta məhsuldarlıq 33,5 sentner təşkil etmişdir. Yetişdirilən "Haşimi”, "Apolo”, "Okean”, "Sədri” sortları keyfiyyətli və ekoloji cəhətdən təmiz olduqları üçün alıcılar tərəfindən rəğbətlə qarşılanır. Cari ildə əkin aparılacaq sahələrdə hazırlıq işləri görülür. Su təchizatı nəzərə alınmaqla, qarşıdakı illərdə çəltikçiliyin daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün təsdiq edilmiş Dövlət Proqramının icrası ilə bağlı keçən il rayonda 35 hektarda tütün əkilmiş, məhsuldarlıq 16,4 sentner olmuşdur. Qurudulan 57,4 ton tütün Şəki və Zaqatala rayonlarındakı qəbul məntəqələrinə təhvil verilmişdir. Bu il rayon üzrə 5 hektarda tütün əkilməsi planlaşdırılmış, bunun üçün şitilliklər salınmışdır. Sahələrdə əkinə hazırlıq işləri aparılır.
Yaz yağışları taxıl zəmilərini cana gətirmişdir. Arpa əkilən yerlər artıq sünbül bağlayıb. Ümumilikdə rayon üzrə keçən ilin payızında 6 min 878 hektara buğda, 2 min 770 hektara arpa, 2 min 680 hektara vələmir əkilib.
İndiki halda yazlıq əkinlərin becərilməsi davam etdirilir. Mövcud 828 hektar kartof, 620,3 hektar tərəvəz, 130 hektar bostan, 11,1 hektar zəfəran, 345,5 hektar paxlalı bitki sahəsində becərmə işləri aparılır. Bu günlərdə novbar badımcan və faraş kartof məhsulunun yığılmasına başlanılacaqdır. 227,8 hektarda çiyələk əkilmişdir və burada da qızğın iş gedir.
Keçən il Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində rayonda daha 15 hektar yeni çay plantasiyası salınmışdır. Cari ildə çay əkini daha da genişləndiriləcəkdir.
Hazırda barama mövsümünə hazırlıq işləri görülür. Bu il rayonda vətəndaşlara 140 qutu barama toxumu paylanması nəzərdə tutulur. Bundan ötrü kümxanalar dezinfeksiya edilmiş, digər hazırlıq tədbirləri isə davam etdirilir.
Daha 10 ədəd subartezian quyusu qazılacaq
İstər təbiət olsun, istər cəmiyyət, susuz yaşaya bilməz. Buna görə də su həyat, ruzi, bolluq hesab edilir. Ölkə başçısı cənab İlham Əliyev əhalinin, əkinlərin suya olan tələbatının ödənməsi üçün ardıcıllıqla tədbirlər görür, sərəncamlar imzalayır. Bu mənada Prezidentin 18 sentyabr 2018-ci il tarixdə Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamı əhalini çox sevindirmişdir. Sərəncama əsasən, rayonda 3 min 230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik su tutarında zəruri təmizləmə-bərpa işlərinin aparılması üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ilkin olaraq 1 milyon manat həcmində vəsait ayrılmışdır. Sərəncamın icrası ilə əlaqədar indiyədək 13 sututarda təmir-bərpa işləri başa çatdırılmışdır. Qalan işlər davam etdirilir. Görülmüş tədbirlər suvarma işlərinin aparılmasına imkan verir. Hal-hazırda Viləşçay su anbarında 46 milyon kubmetr, Babeser su anbarında 2 milyon 800 min kubmetr, bərpa edilmiş kiçik su anbarlarında isə 2,5 milyon kubmetr su ehtiyatı yaranmışdır. Bunlardan əlavə, suvarma kanalları lildən təmizlənmiş, qapalı suvarma şəbəkələrində təmir işləri başa çatdırılmış, Viləş su anbarının suburaxıcı qurğusunda mexaniki, hidravlik və elektrik avadanlıqları təmir edilərək saz vəziyyətə gətirilmişdir. Ölkə başçısının 12 fevral 2018-ci il tarixli sərəncamı ilə təsbit edilmiş "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018- 2027-ci illər üçün Dövlət Proqramı”nda rayon ərazisində yerləşən Viləş su anbarının ikinci növbəsinin tikintisi nəzərdə tutulmuşdur. Bununla əlaqədar müvafiq tədbirlər görülməkdədir.
Ölkə başçısı tərəfindən yaxın ərəfədə - 15 aprel 2020-ci il tarixdə daha bir sərəncam Masallı rayon əhalisinin böyük sevincinə səbəb olmuşdur. Sənəddə 36 min 274 nəfər əhalisi olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulur. Bundan ötrü dövlət büdcəsindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 700 min manat vəsait ayrılmışdır.
Bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, keyfiyyətinin yaxşılaşmasına, habelə zəhmət adamlarının maddi rifah halının yüksəlməsinə gətirib çıxaracaqdır. Bunları dərindən başa düşən Masallı rayonunun kənd adamları yaz tarla işlərinə böyük inamla başlamışlar. Rayonda iş bulaq kimi qaynayır. Məlum virusla bağlı tədbirlərə əməl etməyi də unutmayan kənd zəhmətkeşləri ölkə üçün böyük əhəmiyyət daşıyan işlərə imza atmaqdadırlar.
Seyran CAVADOV,
"Azərbaycan” QƏZETİ