Qızılağacda 5 hektar sahədə tütün əkiləcək
Cari ildə Qızılağac kəndində 2 hektar əvəzinə 5 hektar sahədə tütün əkiləcək
Son illər respublikamızda qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına böyük təkan verib.
Hazırda tütünçülüyün inkişaf etdiyi bölgələrdən biri də Masallı rayonudur. Artıq rayonda dördüncü ildir tütün əkilir.
Bu il hər kənddə iki hektar sahədə əkin aparılması nəzərdə tutulur.
Həftəlik «Yeni həyat» qəzetinə verilən məlumata görə bu günədək rayonda 7 hektarda əkin aparılıb.
Tütün əkininə əsasən rayonun Xırmandalı, Qızılağac, Sərçuvar və başqa kəndlərində başlanıb.
Bizə verilən məlumata görə şitilin bir hissəsi Zaqatala rayonundan gətirilib, bir hissəsi isə ərazilərdə yetişdirilib.
Masallı rayonunda əsasən bölgənin iqliminə uyğun olan məhsuldar , yerli “İmmonium” sortu əkilir. Digər sortlardan «Verzina»ya və «Berley»ə üstünlük verilir.
Kənd təsərrüfatı mütəxəssisləri də daim fermerlərin yanında olur, tövsiyələrini verirlər.
DAİM-in təcrübəli mütəxəssisi — uzun illərin aqronomu Fərasət Mikayılov deyir ki, keçmişdə Masallının tütün sahələrində “Samsunq”, “Trabzon” sortu əkərdilər. Əkinin cərgəarası 70-70-ə, bitkiarası 30-35 santimetr məsafə götürülür. “İmmonium” sortu bir az seyrək əkilir. Bu şitillər yüksəkboylu olur, 2-2,5 metrədək qalxır. Həm yarpaqları zərifdir, həm də qurudulmaya qarşı davamlı bitkidir. Tütün həmçinin suya tələbkar bitki olduğundan əkin su mənbələrinə, su kanallarına yaxın ərazilərdə aparılır. Ehtiyac olan ərazilərdə isə artezian quyuları qazılır.
Əkin sahələrinin genişləndirilməsi iş prosesinə daha çox işçinin cəlb edilməsinə imkan verir. Bu da öz növbəsində kənd sakinlərinin məşğulluğunun təmin olunması deməkdir.
Bir neçə gündür ki, Qızılağac kəndində də tütün əkininə davam edir. Təsərrüfatdan yaxşı baş çıxaran Şamil Məmmədov səhərdən axşamədək sahədə olur. O, kənddə bələdiyyə sədri seçilmişdir. Təkcə öz daşıdığı vəzifəsi ilə kifayətlənmir, əkin-biçin işləri ilə məşğul olur. O, bilir ki, bu gün əkilən şitil sabahın bol məhsulu deməkdir.
Danışır ki, cari ildə 2 kektar əvəzinə 5 hektar sahədə tütün şitili əkəcəyik. Şum vaxtında vurulub, keyfiyyətlidir. Cərgəaraları da əvvəl suvarılır, sonra şitil torpağa basdırılr. Ş.Məmmədov daha sonra bildirir ki, tütünbecərən qız-gəlinlər hər hektardan 1600 kiloqram tütün yarpağı yığmağı və dövlətə 8 ton məhsul verməyi planlaşdırıblar.
Qeyd edək ki, tütün yığımına iyunun axırlarında başlanacaq. Tədarük edilən quru tütün Şəkidə qəbul məntəqəsinə təhvil veriləcək.
Masallı rayonunda tütünqurutma və tütün qəbulu məntəqələri yaradılarsa, əkin sahələrini daha da genişləndirmək mümkündür.