GƏNC ARIÇI
Qədim tarixə malik arıçılıq halallıq və zəhmət sevən gəlirli sahədir. Ölkəmizdə kənd təsərrüfatının digər sahələri kimi arıçılıq da sənaye üsulu ilə inkişaf mərhələsinə qədəm qoyub. Layihələr həyata keçirilir, sahibkarlara güzəştli kreditlər verilir, məhsulların idxal və ixracına əlverişli şərait yaradılır.
Dövlət arıçılığa yüksək səviyyədə dəstək olur, bu sahəyə subsidiya verilir. Bu da rayonda arıçılığın inkişafına təkan verir. Son illərdə rayonumuzda arıçılığa maraq və diqqət artır, min bir dərdin dərmanı olan balın istehsalı ildən-ilə yüksəlir. Hazırda rayon ərazisində 564 arıçıda 9918 arı ailəsi mövcuddur.Dövlət tərəfindən subsidya verilməsi arıçıları daha da ruhlandırmışdır. Hazırda rayonun ən böyük arıçılıq təsərrüfatı olan Sərçuvar kəndi ərazisində 36 arıçının öhdəsində 1210 ailə mövcuddur. Ərkivan qəsəbəsində 585, Yeddioymaq kəndi ərazisində 340, Xırmandalıda 560 arı ailəsi var. Təcrübəli və işgüzar təsərrüfatçılar arıçılığın sirlərinə yaxından bələddirlər.
Belə şəxslərdən biri də gənc arıçı Sübhan Şiriyevdir. O, rayonumuzun Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbində və şəhərimizdə fəaliyyət göstərən «Uğur» tədris mərkəzində coğrafiya fənnindən dərs deyir. 36 yaşı, 1 oğlu və 1 qızı var. Lənkəran Dövlət Universitetinin coğrafiya fakültəsinin bakalavr və magistr dərəcəsini bitirmişdir. Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının İdarə Heyətinin, həmçinin Gənclər Birliyinin üzvüdür. Həyat yoldaşı Günay xanım dil-ədəbiyyat müəllimidir. Ailə həm də arıçılıqla məşğuldur. Ümumiyyətə, Sübhan müəllimin əmiləri də arı ailələri saxlamaqla məşğul olur. Bu ənənə müharibə və əmək veteranı, həyatının 54 ilini pedaqoji cəbhədə keçirən 92 yaşında dünyasını dəyişmiş babası Sarıbala müəllimdən miras qalıb.
Sübhan müəllim bildirib ki, 50 yeşik arı ailəsinə qulluq edir. Ən keyfiyyətli bal mayda toplanan sarı rəngli çiçək balıdır. Hər arı ailəsindən 10 kiloqramdan artıq bal götürülür. Mövsüm ərzində arı ailələrinin gəzdirilməsi də məhsuldarlığa təsir göstərir. Muğanda əkmə yonca, dəvətikanı, biyan və s. ilə yemlənən arı ailəsindən avqustun axırında 20 kiloqramadək bal götürmək mümkündür.
-Son vaxtlar arı südü dünyanın müxtəlif ölkələrində insanların diqqətini cəlb edir. Bu, çox çətin prosesdir. Təzə arı südü qaymağa bənzəyir. Ağ rəngli arı südü qaldıqca müxtəlif rəng çalarlarını göstərir. Arı südündən səhiyyədə dərmanların hazırlanmasında istifadə edilir. Xüsusilə uşaqlarda yoluxucu xəstəliklərin müalicəsində önəmli rol oynayır, — deyə S.Şiriyev qeyd edərək söhbətinə davam edib:
-Arı zəhərindən də təbabətdə geniş istifadə edilir. O, oynaq revmatizminin və sinir xəstəliklərinin radikulit və uclu sinirin müalicəsində yaxşı nəticə verir. Eyni zamanda ürək əzələsinin işini nizamlayır, qan təzyiqini aşağı salır, bir çox sağalmayan yaralara da məlhəmdir.
Sübhan müəllim və əmiləri Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi sərgi və yarmarkalarda iştirak edir. Onların KTN yanında respublika baytarlıq laboratoriyasına təqdim etdiyi bal nümunələri ekspertiza rəyinə əsasən həmişə yararlı hesab olunub. Odur ki, sərgiyə çıxartdıqları qida məhsulu dəfələrlə I dərəcəli diploma layiq görülüb, arıçı qardaşlar fəxri fərmanla mükafatlanıb.