Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli sakini: Doğma yurdda ocağımız daha da gur yanacaq

19 oktyabr 2020 | 16:00

Sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun tutarlı cavabı – düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb.

Füzuli rayonunun bir neçə kəndinin, o cümlədən Füzuli şəhərinin, kənd Horadizin işğaldan azad edilməsi hər kəsin, xüsusən füzulililərin böyük sevincinə səbəb olub.

27 ildir ki, Masallı rayonunda məskunlaşan Əliyevlər ailəsi bir neçə gündür bu möhtəşəm qələbə sevincini yaşayır. Axı, onların doğma kəndi – Qərvənd də işğaldan azad edilib.

Sevinc hisslərini bizimlə bölüşən Dayandur Əliyev şad xəbəri televiziyadan alıb: “Müharibənin ilk günündə, “Real Tv”nin xəbərlər proqramından kəndimizin işğaldan azad olunduğunu eşidəndə göz yaşlarıma hakim ola bilmədim. Elə bil, qabaqcadan ürəyimə dammışdı. İki gün öncə, Lənkəran şəhərində məcburi köçkünlər üçün tikilən evdən mənzil təklif olunanda imtina etmişdim. Səmimiyyətimə inanın. Çünki ailəlikcə doğma torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirdik.”

D.Əliyev çətin də olsa yaddaşını təzələməyə çalışır: “Kənddən çıxanda 17 yaşım vardı. O ağrı-acılı günləri xatırlamaq elə də asan deyil. Kəndimiz çoxlu şəhidlər verdi. Bir həftə yol gəldik – atam, anam, 2 bacım, 2 qardaşım və mən. 3 gün atamdan xəbərsiz qaldıq. Bir-birimizi itirmişdik. 2 ay İmişli rayonunda qaldıq. Sonra Masallıya gəldik, Seybətin kəndində məskunlaşdıq.”

O, sözünə davam edir:” Erməni qəsbkarlarının torpaqlarımızı işğal altında saxlaması səbr kasamızı doldurmuşdu. Köçkünlük dövründə doğmalarımızı bir-bir itirdikcə ümidimiz də tükənirdi. Əmim, nənəm, atam Cəmil kişi yurd həsrətilə dünyasını dəyişəndə düşünürdük ki, biz də bu xəbəri eşitmədən köçüb gedəcəyik. Onların ən böyük arzusu doğma Füzuliyə - Qərvəndə qayıtmaq idi. İndi isə hədsiz dərəcədə qürurlanırıq. Əsgərlərimiz qisasımızı alır. İnşallah yenə kəndimizə qayıdarıq. Gözəl təbiəti var Qərvəndin – 15 quyulu kəhrizləri, bulaqları, dərələri, geniş otlaq sahələri ...”

     44 yaşlı Dayandur deyir ki, kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq, üzümçülük, taxılçılıq olub. Əliyevlər ailəsi isə şəxsi təsərrüfatda 570 baş xirda buynuzlu mal-qara bəsləyirmiş. Dayandur kəndə dönən kimi yenidən təsərrüfatını quracağını vurğulayır.

O, əlavə edir:”Şükür Allaha ki, məcburi köçkün statusundan qurtulduq, gələcək nəslə deməyə sözümüz var – biz qələbə çaldıq. Uşaqlıqdan hər cığırına bələd olduğum o ərazilərə - Füzuliyə, Qərvəndə getmək üçün səbirsizlənirəm. Hər kəsə doğulub boya-başa çatdığı yurdu əzizdir. Bu xoş xəbəri eşidəndən sanki illərdən bəri itirdiyimi tapmış kimiyəm.

Bura da bizim üçün vətəndir. Masallılar, Seybətinlilər də bizə doğmadır. Neçə illərdir ki, bu səmimi, qayğıkeş insanlara qaynayıb-qarışmışıq. Onlardan ayrılmaq bizim üçün çətin olacaq. Qardaşlarım Oruc, Bayandur və mən burada ailə həyatı qurmuşuq. Hər birimiz üç övlad atasıyıq. Qardaşım qızı və iki bacım buradakı evimizdən gəlin köçüb.

Peyk vasitəsilə kəndimizin xəritəsinə baxmışam, evimiz uçulub-dağılıb, boş divarları qalıb. Artıq o günlər arxada qalıb. Füzulidə zəfər bayrağımız dalğalanır. 72 yaşlı Minayə anam hər gün Prezidentimiz üçün dua edib deyir ki, Allah dövlətimizin başçısına ömür versin, ona inamımız sonsuzdur, yenə oraları cənnətə çevirərik. Əminəm ki, Qərvənddəki ocağımız daha da gur yanacaq.”

         Oktyabrın 17-də ölkə rəhbərinin xalqa müraciətində söylədiyi kimi:”Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik... Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq.”

Keçidlər