Ərkivanlı gənc arıçının uğurları
Masallı rayonunda aqrar bölmənin ənənəvi və gəlirli təsərrüfat sahələrindən biri arıçılıqdır. Ölkəmizdə kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın inkişafına da göstərilən dövlət dəstəyi rayonda bu təsərrüfat sahəsinə marağı artırıb.
Masallıda arıçılıqla 564 nəfər məşğul olur. Onların təsərrüfatlarında 9918 arı ailəsi var.
Rayonda gənclər arasında da arıçılığa maraq göstərənlər az deyil. Onlardan biri Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbində və Masallı şəhərindəki “Uğur” tədris mərkəzində coğrafiya fənnini tədris edən Sübhan Şiriyevdir.
Dərsdən sonrakı asudə vaxtlarında arıçılıqla məşğul olan 36 yaşlı gənc arıçının həyat yoldaşı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay xanım da ona yaxından kömək göstərir.
Ailədə bu ənənənin müharibə və əmək veteranı, həyatının 54 ilini pedaqoji sahədə çalışan, 92 yaşında dünyasını dəyişmiş babası Sarıbala müəllimdən miras qaldığını, əmilərinin də arıçılıqla məşğul olduğunu vurğulayan S.Şiriyev 50 qutu arı ailəsinə qulluq etdiyini bildirib. Ən keyfiyyətli balın may ayında toplanan sarı rəngli çiçək balının olduğunu söyləyən gənc arıçı hər arı ailəsindən 10 kiloqramdan artıq bal götürdüyünü diqqətə çatdırıb: “Muğanda əkmə yonca, dəvətikanı, biyan və sair bitkilərlə yemlənən arı ailəsindən avqustun axırında 20 kiloqramadək bal götürmək mümkündür. Son vaxtlar arı südü dünyanın müxtəlif ölkələrində insanların diqqətini cəlb edir. Bu, çox çətin prosesdir. Təzə arı südü qaymağa bənzəyir. Ağ rəngli arı südü qaldıqca müxtəlif rəng çalarlarını göstərir. Arı südündən tibdə dərmanların hazırlanmasında istifadə edilir. Xüsusilə uşaqlarda yoluxucu xəstəliklərin müalicəsində önəmli rol oynayır. Arı zəhərindən də təbabətdə geniş istifadə edilir. O, oynaq revmatizminin və sinir xəstəliklərinin radikulit və sinir uclarının müalicəsində yaxşı nəticə verir. Eyni zamanda, ürək əzələsinin işini nizamlayır, qan təzyiqini aşağı salır, bir çox yaralara da məlhəm olur”.
Kənd Təsərrüfatı Nazirliyinin Bakıda təşkil etdiyi arıçılıqla bağlı sərgilərdə və yarmarkalarda Sübhan müəllim və əmiləri də fəal iştirak edirlər. Onların laboratoriyaya təqdim etdikləri bal nümunələri ekspertiza rəyinə əsasən həmişə yararlı hesab olunub. Bu səbəbdəndir ki, onların sərgilərdə nümayiş etdirdikləri məhsullar dəfələrlə birinci dərəcəli diploma və fəxri fərmana layiq görülüb.