Masallıda "Vətən sənə oğul dedi, Şəhidim" ədəbi-bədii kompozisiya
Masallı Dövlət Regional Kollecində müəllim və tələbələrin iştirakı ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda 4 günlük Aprel döyüşlərinə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Vətən sənə oğul dedi, Şəhidim" adlı ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Ara məsafəsi gözlənilmək şərti ilə tədbiri giriş sözü ilə açan Dövlət Regional Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Namik Ağayev şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etmişdir. Namik müəllim Vətən müharibəsində 1 müəllim və 12 nəfər tələbənin iştirak etməsini, 3 nəfər tələbənin şəhid oilmasını bildirərək, Ali Baş Komandan cənab İlham Əliyevin, Azərbaycan Ordusunun əsgər və zabitlərinin Böyük Zəfər Qələbəsinin hünərini qeyd etmişdir.
Kollecin Tarix müəllimi İradə İmanbəyli çıxışında bildirmişdir ki, zaman-zaman azərbaycanlılara qarşı yönəldilmiş məqsədyönlü, taleyüklü dərdlərdən biri də xalqımızın taleyinə hopmuş Qarabağ dərdi idi. Qarabağ tarixində işğal olunmuş torpaqlar, dağıdılmış məscidlər, xarabalığa çevrilmiş evlər, viran qalmış od-ocaqlar, talan edilmiş mədəniyyət abidələri ilə bərabər anaların ah-naləsi, körpələrin göz yaşları iz qoymuşdur. Düz otuz ildi ki, Qarabağ qəmli idi. Düz otuz ildi ki, torpaqlarımızda «Yallı» gedib, «Cəngi» çalan, dədə-babalarımızın məzarlarını tapdaq altına salan ermənilərin bu vəhşiliyinə son qoymaq üçün Azərbaycan Ordusu, Azərbaycan əsgəri, Müzəffər Ali Baş Komandan möhtərəm İlham Əliyevin əmrini gözləyirdi. Bu nisgilə, bu sitəmə son qoymaq üçün Ali Baş Komandan Əmr verdi. Hamı kimi kollecimizin tələbələri də silaha sarıldı, torpaqlarımızın azadlığı uğrunda döyüşə getdi və qanları, canları ilə tarix yazdılar. Torpaqlarımızı azad edərkən şəhidlik zirvəsinə ucaldılar. Onların arasında bu təhsil müəssisəsinin şəhid olmuş tələbələri Ağamalı Şamil oğlu Ağayev, Kənan Azad oğlu İbrahimli və Ağamoğlan Yusif oğlu Kərimov da vardır.
Bu günkü tədbirdə həmin şəhidlərin valideynləri və yaxın qohumları da çıxış edir, qəhrəmanlar haqqında xatirələrini söyləyirlər.Zəfər qələbəsi münasibətilə hazırlanmış ədəbi-bədii kompozisiyada qəhrəmanlıq ovqatlı şeir və musiqi ifaları ilə tamaşaçılara çatdırılıb. Tələbə aktyorlar və məktəblilər şəhidlərimizin qəhrəmanlığını Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin, Cəbrayılın, Füzulinin, Laçının, Ağdamın… bir sözlə, işğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimizin azadlığı və dirçəlişi ilə simvolizə ediblər. Tamaşada, həmçinin şagird və tələbələr tərəfindən musiqilər ifa edilib, azyaşlı və məktəblilər isə şeirlər səsləndiriblər. Ədəbi-bədii kompozisiyanın hazırlanması və səhnəyə qoyulmasında Cəmaləddin Əliyev, bədii qiraətçilər Səbinə İbrahimova, Nərmin Nəsirova, Günəş Məmmədova, Aysun Əliyeva, Ülviyyə Nəsirova, Dilrübə Dadaşova, Qönçə Məmmədova, Gülər Əliyeva, Nübar Şıxəliyeva, Xədicə Fərziyeva, Gülşən Şahbazova, Nuray Hüseynova və digərləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Aprel döyüşlərində və Vətən müharibəsində göstərilən qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Şəhər 4 nömrəli tam orta məktəbinin şagirdi Yusif Əzizlinin ifa etdiyi «Vətən yaxzşıdır» adlı «Xudayar təsnifi» hamını heyran qoydu: Fəal iştirakına görə bir qrup gəncə və məktəbliyə kollecin Diplomları verilmişdir.