Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarixi abidələrimiz bizim toxunulmaz sərvətimizdir” mövzusunda onlayn tədbir

17 aprel 2021 | 16:00

17.04.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Tarixi abidələrimiz bizim toxunulmaz sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, N. Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri, Masallı şəhər 3 saylı tam orta məktəbin əməkdaşları, Tatyanoba kənd ümumi orta məktəbinin müəllim və şagirdləri, həmçinin Mahmudavar kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Mərkəzin direktoru Dilbər İbayeva tədbir iştirakçıarını salamlayaraq bildirib ki, YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.​ Tarixi abidələr hər bir xalqın konkret coğrafi məkanda min illər, əsrlər boyu formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Azərbaycan xalqının qədim mədəni sərvətləri içərisində tarix və memarlıq abidələri xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin əhəmiyyətli nümunələri olan bu abidələr mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır. Tarix və mədəniyyət abidələrimiz xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarlarıdır. Azərbaycan xalqının mədəni irsi kimi abidələr minilliklərin sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini, dövrün mədəni mühitini bu günə daşıdığı üçün həm də bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi kimi beynəlxalq əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra söz Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadəyə verilib. G.Vəkilzadə təqdimatla (slide show) geniş çıxış edərək bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi-mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”, – deyən ulu öndərin rəhbərliyi ilə bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılmışdır. Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində mühüm işlər həyata keçirilir. Son illər tarix və mədəniyyət abidələrimizin bərpasına diqqət və qayğı artırılmış, dünya əhəmiyyətli abidələrin bir neçəsi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır.​
Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas edib. G. Vəkilzadə Müzəffər Ordumuzun tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verdiyini qeyd edib.
Tədbir çərçivəsində Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecin Tarix müəllimi Nazim Əliyev və N. Nərimanov adına şəhər 2 saylı məktəbin direktoru Mehriban Əzizova mövzuyla bağlı çıxış ediblər. Onlar bildiriblər ki, ermənilər xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. 30 il müddətində işğal altında saxladıqları Qarabağda dünyada misli görünməmiş talançılıqla məşğul olub, bütün tarixi, dini abidələrimizi məhv ediblər.
Şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü erməni haqsızlığına, talançılığına, vəhşiliyinə son qoydu. Müzəffər sərkərdə bir daha həm erməni barbarlarına, həm də onların havadarları olan ölkələrə mesaj ötürdü ki, tezliklə bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılacağını qeyd ediblər.
Daha sonra Azərbaycanımızın tarixi abidələrini özündə əks etdirən video-çarx nümayiş olunub.
Sonda isə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinə ziyarət ediblər. Muzeyin direktoru Əntiqə Tağıyeva, mərkəzin əməkdaşlarını ekspozisiya zallarındakı eksponatlarla tanış edib. Masallı rayonun tarixi haqqında geniş məlumat verib.

Keçidlər