Masallıda çəltik əkini
Masallı rayonunda çəltik əkini də müvəffəqiyyətlə başa çatıb. Ərazilərdə indiyə kimi 281,6 hektar sahədə çəltik əkilib.
DAİM-dən verilən məlumatda qeyd olunub ki, hər mövsümdə olduğu kimi bu mövsümdə də Boradigah, Şıxlar, Xıl, Tüklə, Ərkivan, Şıxlar, Yeddioymaq, Sərçuvar, Qızılağac kənd və qəsəbə fermerləri bu sahəyə diqqətlə yanaşırlar, bicarlıqları bol su ilə təmin edirlər.
Azərbaycanın Əməkdar müəllimi, tədqiqatçı alim Musarza Mirzəyev qeyd edir ki, ötən əsrin 60-cı illərindən başlayaraq çəltikçilik daha rentabelli, gəlirli təsərrüfat sahələri olan tərəvəzçilik, çayçılıq, sitrus bitkiləri ilə əvəz olundu.Ölkəmiz müstəqillik əldə edəndən sonra rayonumuzun Ərkivan, Qəriblər, Xıl, Sərçuvar, Sirəbil, Mahmudavar və digər kəndlərində çəltikçilik bərpa olundu. 2000-ci ildə rayonumuzda 372 hektar çəltik əkilmiş, hər hektardan 58 sentner məhsul əldə olunmuşdu.Çox təəssüf ki, bu təsərrüfat sahəsi yenidən unuduldu.Son vaxtlar çəltikçiliyə qayıdış mühüm əhəmiyyətli bir hadisədir.
2017-ci ilin sentyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki yekun nitqində bildirmişdir:
1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatmışdır və 5600 ton çəltik yığılmışdır. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var.
Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb.Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür-həm səpin, həm də yığım vaxtı.Ona görə, indi texnika gətirilib.Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq.Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir.Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var.Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir.
Toxumçuluğa da fikir verilməlidir.Burada bu məsələyə də toxunuldu.Bu da vacib məsələdir.
Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır. Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar getmişdir.
Masallı rayonunda bu istiqamətdə uğurlar əldə edilməkdədir.Yerli bazarda ötən illə müqayisədə ətirli düyu növlərinin qiymətlərində azalma müşahidə olunur.İnsanlar torpağa qayıdışın bəhrəsini görür, bunu güzaranlarında nəzərə çarpacaq dərəcədə hiss edirlər. Masallıda yeni texnologiya əsasında işləyən çəltik dəyirmanı gündə 20-30 ton çəltik emal edir.