Masallı rayonunda 2015-ci ilin III rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
16 oktyabr 2015-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 2015-ci ilin III rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2015-ci ilin III rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki,
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 12 oktyabr 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu, özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki böyük nailiyyətdir. Bunun bir səbəbi var.
O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.
Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikultralizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir.
Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artmışdır. Nəzərə alsaq ki, biz bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artmışdır və bu da aparılan islahatların nəticəsidir.
Sənaye istehsalı təxminən 2.1 %, qeyri-neft sənayesi isə 10%-dən çox artmışdır. Bu da çox müsbət göstəricidir və onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir.
Bu il “Kənd təsərrüfatı ili” elan edilib. Şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatımız da 6,7 faiz artmışdır.
Cənab Prezident qeyd etmişdir ki, ölkəmizə 9 ayda 16 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox ölkələr öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır.
Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur deyən cənab Prezident bildirmişdir ki, biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər.
Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk.
Cənab Prezident bildirmişdir ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2015-ci ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Masallı Respublikanın mühüm kənd təsərrüfatı rayonudur. Dövlət himayəsinə xüsusi ehtiyacı olan sahə kimi kənd təsərrüfatının inkişafı ali dövlət rəhbərliyinin diqqət mərkəzindədir və bu səbəbdən də “2015-ci il kənd təsərrüfatı ili” kimi qeyd olunmuşdur. 2015-ci ilin doqquz ayında rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 78.215 min manatlıq məhsul istehsal edilmişdir.
01 oktyabr 2015-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73403 başa, xırda buynuzlu mal-qaranın baş sayı 83287 başa çatmışdır. Hesabat dövrü ərzində süd istehsalı 34095 tona, ət istehsalı 4472.2 tona, yumurta istehsalı 45.640.000 ədədə çatmışdır.
Rayonda 11891 ha taxıl əkilmişdir ki, ondan 8143.5 hektarını buğda, 3747.5 hektarını arpa əkini təşkil edir. Bundan əlavə 1282.1 ha kartof, 515 ha bostan və 2541.3 ha tərəvəz əkilmişdir.
2015-ci ilin doqquz ayı ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında
Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 23.7 ton kartof, 13.3 ton soğan, 5.9 ton kələm, 6.1 ton xiyar, və 21450 ədəd yumurta göndərilmişdir.
Rayon üzrə 24929 ha əkinə yararlı torpaq sahəsi mövcuddur ki, ondan 7500 ha torpaq sahəsi uzun müddətdir ki əkilmir. Hal hazırda əkilən torpaq sahələrinin 12 min hektara yaxınını taxıl sahələri təşkil edir ki, buradan heç bir gəlir götürmək mümkün deyildir. Nəzərə alsaq ki, 215,0 min nəfər əhalisi olan Masallı rayonunda əhalinin 80 %-ə yaxını kəndlərdə yaşayır və yeganə gəlir mənbəyi torpaqdır. Ona görə də Masallıda kənd təsərrüfatının inkişafı və torpaqdan səmərəli istifadə olunması çox böyük əhəmiyyət daşıyır.
Bu istiqamətdə atılan addımlar artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, Qızılağac və Kolatan kəndlərinin ərazisində “Azərsun” Holdinq tərəfindən salınan 100 hektarlıq tərəvəz və 100 hekatarlıq çay plantasiyasının salınması yaxın gələcəkdə bu istiqamətdə ciddi nəticələrin əldə olunacağından xəbər verir.
Qızılağac kəndində salınan 100 hektarlıq tərəvəz sahəsində 300 yeni iş yeri açılmışdır ki, bu da Qızılağac və ətraf kəndlərin əhalisinin işlə təminatında mühüm rol oynayır. Bu il əlavə olaraq əkin işlərinin aparılması üçün “Azərsun” Holdinqə 100 hektar torpaq sahəsi icarəyə verilmiş və ümumi əkin sahəsinin həcmi 200 hektara çatdırılmışdır. Yaxın gələcəkdə bu sahənin min hektara çatdırılması planlaşdırılır ki, bu da çox böyük miqdarda yeni iş yerlərinin açılmasına səbəb olacaqdır. İlkin hesablamalar göstərir ki, rayon ərazisində kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə olunarsa, yəni mövcud taxıl sahələri tərəvəz və çay sahələri ilə əvəz olunarsa, habelə əkilməyən torpaqlar əkinə cəlb edilərsə bu rayonda təxminən 50 minə yaxın yeni iş yerinin açılmasına gətirib çıxara bilər. Bu artıq Masallıda işsizlik probleminin həll olunması deməkdir.
Rayon üzrə 24964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9892 ha torpaq sahəsi suvarma suyu ilə təmin edilir ki, bu da əkin sahəsinin 40 %-ə qədərini təşkil edir. Suvarılan sahələrin 4500 ha qapalı şəbəkələr vasitəsilə, 5392 ha açıq kanal vasitəsilə suvarılır. Qapalı və açıq suvarma şəbəkələri vasitəsilə aparılan irriqasiya işləri ərazidə olan əkinlərin 30-40 faizini əhatə edir. Rayonun Muğan zonası adlanan ərazisində yerləşən kəndləri dəniz səviyyəsindən 20-80 metr aşağıda yerləşdiyi üçün həmin ərazilərdə torpaqların 85 faizi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır.
Hələ sovet dönəmində “Viləşçay” Su Anbarının ikinci növbəsinin tikintisinə başlanılmış, lakin SSR-nin süqutundan sonra inşaat işləri yarımçıq dayandırılmışdır.
Layihəyə görə Viləşçay Su Anbarının ikinci növbəsinin istifadəyə verilməsindən sonra 5392 ha sahənin açıq kanallarla suvarılması, 9000 ha əlavə sahələrə yeni irriqasiya sistemlərinin çəkilməsi, onlar üzərində hidrotexniki qurğuların tikintisi nəzərdə tutulmuş və göl altında Dövlət meşə fondundan 192 ha torpaq sahəsi ayrılmışdır. Bu tikintinin aparılması məqsədilə 1990-cı ildə layihə hazırlanmış, ilkin işlər görülmüş, lakin işlər yarımçıq saxlanılmışdır.
Masallı və Cəlilabad şəhərlərinin, habelə 100 min əhalinin yaşadığı Masallı rayonu Muğan zonası kəndlərinin içməli su təchizatı layihələrin çərçivəsində ildə təxminən 12-15 mln kub. m suyun “Viləşçay” Su Anbarından götürülməsi nəzərdə tutulur. Odur ki, yaxın illərdə Anbarda ciddi su çatışmamazlığı baş verəcəkdir.
Kənd təsərrüfatı sahələrinin genişləndirilməsi və məhsul istehsalının artırılması, məhsulun daimi bazarının olmasından və sərfəli qiymətə satılmasından birbaşa asılıdır. Belə ki, torpaq mülkiyyətçisi istehsal etdiyi məhsulu sərfəli qiymətə sata biləcəyindən əmin olmalıdır. Bu əminlik insanları yenidən torpağa qaytaracaqdır. Buna görə də düşünürük ki, ilk növbədə dövlət tərəfindən yaradılan tədarük mərkəzlərinin vasitəsilə kənd təsərrüfatı məhsulları əhalidən güzəştli qiymətlərlə alınmalı, satışı və ixracı təşkil edilməlidir. Bu proses ilk mərhələdə dövlətə müəyyən miqdarda vəsait hesabına başa gəlsə də əvəzində açılan on minlərlə iş yeri bu zərəri kompensasiya etmək iqtidarındadır. Onsuz da hazırkı vəziyyətdə kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif yollarla kompensasiya və yardımlar verilir. Bu yardımlar əkin sahələrinə verildiyindən istənilən nəticənin əldə edilməsi mümkün deyildir. Çünki indiki vəziyyət ən yaxşı halda əkin sahələrinin primitiv qayda şumlanaraq taxıl səpilməsinə şərait yaradır.
Bu sahələrə əkilən taxılın böyük hissəsi ya ota çevrilir, ya da cüzi məhsul əldə olunur. Burada torpaq mülkiyyətçisinin əsas məqsədi torpaqdan gəlir götürmək yox, dövlət tərəfindən ayrılan subsidiyanın əldə edilməsidir. Amma bu yardım və kompensasiyalar birbaşa istehsal olunan məhsulun tədarükünə istiqamətlənərsə ölkədə aqrar sahənin inkişafı geniş vüsət alacaqdır. Zamanla dövlət üzərinə götürdüyü bu funksiyanı özəl sektora ötürmə imkanı əldə edəcəkdir.
Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu da bizim niyyətimizi, siyasətimizi göstərir.
Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin Qurtuluş, R. Abbasov küçələrində yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması işləri başa çatdırılmışdır.
Ümumi uzunluğu 3.3 km olan N. Gəncəvi (M.Talışxanov) küçəsində genişləndirilmə işləri aparılmış, yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması və yaşıllıq zolağının salınması davam etdirilir.
Masallı şəhərinin mərkəzi küçələrinin asfaltlanması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, Həzi Aslanov, Rəfail Abbasov, Qurtuluş, Sabir, Şəhriyar, Digah, N.Gəncəvi və Xətai küçələrinin asfaltlanması başa çatdırılmış və ümumilikdə 100 min kv. metrdən çox asfalt örtük döşənmişdir.
2014-cü ildə Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanılmışdır. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 230 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.
Eyni zamanda ümumi sahəsi 11000 m2 olan bayraq meydanının tikintisinə başlanılmışdır.
Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0.7 m olan hasar çəkilmiş və 60 metr hündürlükdə bayraq dirəyi quraşdırılmışdır. Hazırda Bayraq muzeyində tikinti işləri davam etdirilir. Bununla bərabər Masallı rayonlararası Mühafizə bölməsinin inzibati binası tikilib istifadəyə verilmiş, Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon İnzibati-laboratoriya binasının tikintisi isə davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına Masallı Tarix-Diyarşünaslıq muzeyində son tamamlama işləri aparılır, Uşaq İncəsənət məktəbinin tikintisi isə sürətlə davam etdirilir. Hər iki binanın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Hazırda 60 yerlik şəhər 2 saylı uşaq bağçası və Sosial təşəbbüslə inşa edilən 100 yerlik İsgəndərli uşaq bağçasının binalarında son tamamlama işləri görülür. Kolatan və Bədəlan kənd uşaq bağçaları isə istifadəyə hazır vəziyyətə gətirilmiş, Sərçuvar kənd uşaq bağçasında isə tikinti işləri davam etdirilir.
Dövlət Proqramı əsasında rayon mərkəzinin və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi layihəsi ilə əlaqədar hazırda Qızılağac, II Yeddioymaq, Şıxlar, Qasımlı, Öncəqala, Hüseynhacılı, Sığıncaq, Xıl, Qodman, Sığdaş Məmmədoba kəndlərində yeni qaz xətlərinin çəkilişi davam edir. Bala Təklə, Sirəbil, Babaküçə, Xanalion kəndlərində isə yeni qaz xətlərinin çəkilişinə hazırlıq işlərinə başlanılmışdır. Hesabat dövründə rayonun Kolatan, Alışanlı, Ətcələr, Səmidxan, Sərçuvar, Kalinovka, Təzəkənd kəndlərinə qaz xətləri çəkilərək istifadəyə verilmiş və ümumilikdə 2090 abonent qazla təmin olunmuşdur. İlin sonuna qədər Masallı rayon yaşayış məntəqələrinin 95 faizinin qazla təmin olunması nəzərdə tutulur ki, bu da dağlıq ərazilərdə yerləşən kəndlər istisna olmaqla Masallı rayonunun tamamilə qazlaşması deməkdir.
Sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə, miqyası genişlənməkdədir. Hesabat dövründə Masallı Elektrik şəbəkəsi tərəfindən 10/04 kvt-lıq xətlərdə təmir bərpa işləri aparılmış,
108 ədəd dəmir beton, 20 ədəd isə ağac dirək dəyişdirilmiş, 6.3 km uzunluqda köhnə naqillər yenisi ilə əvəz olunmuşdur. Əhalini daha dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı şəhərinin elektrik xətt təsərrüfatı yenidən qurulmuş və abonentlər “Smart” tipli sayğaclarla təmin olunmuşdur. Növbəti mərhələdə rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Ərkivan qəsəbəsinin elektrik xətt təsərrüfatının yenidən qurulması nəzərdə tutulmuşdur ki, artıq bu istiqamətdə işlərə başlanılmış və qəsəbə ərazisində yol boyu 36 ədəd 0.4 kilovatlıq dayaq dəyişdirilmiş naqillər SİP kabelləşdirilmişdir. Bundan əlavə rayonun Qızılağac, Əhmədli, Hüseynhacılı və Təklə kəndlərində də SİP kabellərin çəkilişinə başlanılmışdır
Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən
Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Müəyyən maliyyə çətinliklərinin yaşanmasına baxmayaraq hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 19 km-ə yaxın magistral xətt çəkilmişdir.
“ASAN HƏYAT” kompleksində tikinti işləri sürətlə davam etdirilir. Birinci mərhələdə tikintisi nəzərdə tutulan “ASAN” xidmət mərkəzinin binasının beton konstruksiya işləri başa çatdırılmış və hazırda divar hörgü işləri davam etdirilir. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, “ASAN HƏYAT” kompleksinin Masallı şəhərində tikilməsi çox böyük bir hadisədir və bu xidmət nəinki Masallı, bütün region üçün həyati əhəmiyyət daşıyır. Xüsusən də korrupsiya və süründürməçilik hallarının aradan qaldırılması, habelə vətəndaşlara yüksək səviyyədə xidmətin göstərilməsi “ASAN HƏYAT” kompleksinin hədəfidir.
Fürsətdən istifadə edib bu kompleksin Masallıda tikilməsinə və Masallıya göstərdiyi daimi diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə bütün masallılar adından öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirmək istəyirəm.
2015-ci ilin doqquz ayında Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 2259 ailə Ünvanlı Dövlət Sosial Yardımı almaq üçün müraciət etmiş, onlardan 2133 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 125 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Bir ailəyə təyin olunmuş Ünvanlı Dövlət Sosial Yardım təyinatı isə ailənin maddi məişət şəraitinin təkrar müayinəsi zamanı gəlirləri barədə düzgün məlumat vermədiyindən dayandırılmışdır.
Ünvanlı sosial yardım proqramında çox yüksək dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin edilir və nəticədə ünvanlı sosial yardım alanların sayı 16 faiz aşağı düşmüşdür. Çünki heç bir kriteriyaya görə ünvanlı sosial yardım düşməyənlər artıq bunu almırlar.
Ancaq doğrudan da ehtiyac içində yaşayanlar bunu alır və onlara daha böyük məbləğ verilir. Bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə orta hesabla hər ay 153 manat dövlət tərəfindən yardım göstərilir.
“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan respublikası Prezidentinin Fərmanı və cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda verilmiş tapşırıqlara uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Hazırda elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2015-ci ilin doqquz ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 243 layihə üzrə 2 milyon 353 min 500 manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 290 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
Cənab Prezident müşavirədəki yekun nitqində bəzi neqativ hallar barədə öz iradlarını bildirmiş və bu problemlərin aradan qaldırılması üçün qəti tapşırıqlarını vermişdir. Xüsusilə də sahibkarlığın inkişafına maneələrin aradan qaldırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ölkə başçısının diqqət mərkəzində olmuşdur.
Cənab Prezident qətiyyətlə bildirmişdir ki, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni başqa sözlə onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet sahə olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal iş aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək.
Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər.
Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik.
Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə, sistem xarakterli islahatlar davam etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, “ASAN xidmət”in təcrübəsi geniş tətbiq edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin bu qəti tapşırıqlarına uyğun olaraq bütün idarə, müəssisə və təşkilat rəhbərlərinə bir daha ciddi şəkildə xəbərdarlıq edirəm ki, sahibkarlara və sahibkarlıq obyektlərinə qarşı qanunsuz hərəkətlərə yol verməsinlər. Eyni zamanda sahibkarlara müraciət etmək istəyirəm ki, belə bir hal baş verərsə və onlara qarşı qanunsuz tələblər irəli sürülərsə bizə müraciət etsinlər.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün rayonda fəaliyyət göstərən bir çox idarə müəssisələrdə hələ də korrupsiya və süründürməçilik hallarına yol verilir ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Buna görə də sonuncu dəfə xəbərdarlıq edirəm ki, korrupsiya və sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə hallarına son qoyulmalıdır. Əks təqdirdə biz qəti tədbirlər görmək məcburiyyətində qalacağıq.
Cənab Prezidentin cari ilin altı ayının yekunlarına həsr olunmuş iclasda dərman vasitələri bazarının tənzimlənməsi barədə verdiyi tapşırığın icrası olaraq, bir sıra qabaqcıl ölkələrin təcrübəsi əsasında təkmilləşdirilmiş metodologiya hazırlanmış və 2200-dək, yəni dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 25 faizdən çoxunun qiyməti təsdiq edilmişdir. Vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan qiymət tənzimlənməsi nəticəsində bu dərmanların qiyməti əvvəlki qiymətlərlə müqayisədə endirilmişdir.
Masallıda son on ildə 20-yə yaxın səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub. Bu ilin doqquz ayı ərzində isə 2 yeni həkim məntəqəsinin- Qarğalıq və Yolağac kənd həkim məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Yeyənkənd, Məmmədoba və Lürən kəndlərində tibb məntəqələrinin tikintisinə başlanılmış, Xıl və Gəyəçöl həkim məntəqələrinin tikintisinə hazırlıq işləri görülür.
İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi də diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 4727 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 529 vərəmli xəstə, 97 nəfər xroniki böyrək çatışmamazlığı, 65 nəfər hemodializ edilən xəstə, 830 nəfər onkoloji, 14 nəfər hemofiliyalı, 84 talassemiya xəstəsi dispanser qeydiyyatındadır.
Rayon əhalisinin tibbi müayinəsi uğurla başa çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən fevral ayının 1-dən may ayının 1-nə kimi 150182 nəfər rayon əhalisi tibbi müayinədən keçirilib. Bunlardan 11220 nəfəri uşaqlardır. Müayinələr zamanı 2761 nəfər xəstə aşkar edilmişdir. Bu xəstələrdən 2182 nəfər ambulator, 579 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
Aşkar olunan xəstələrdən 171 nəfəri daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə müxtəlif profilli klinikalara göndərilmişdir.
Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Yeni məktəb binalarının tikintisi və əsaslı təmiri geniş vüsət almışdır. Bu çərçivədə rayonda 47 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 4 məktəbin- Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kənd ümumi orta məktəblərinin tikintisinə başlanılmışdır.
Ali məktəblərə qəbulun səviyyəsi də ilbəil artmaqdadır. Bu il rayonumuzdan qəbul imtahanlarında iştirak etmiş 660 nəfərdən 321 nəfəri ali, 133 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Ali məktəblərə daxil olmuş abituriyentlərimizdən 64-ü 500 baldan yuxarı, 21-i isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ötən il respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında, məktəblilərin dünyagörüşlərinin daha da zənginləşməsində böyük rol oynamışdır.
Bu tur-aksiya çərçivəsində Masallı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri 22 avqust 2015-ci il tarixdə Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ölkənin qərb bölgəsinə ekskursiya etmişdir. Dörd gün davam edən tur-aksiyada məktəblilərimiz Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmuşdur.
9 noyabr 2014-cü il tarixdə isə Bakının Səbail və Yasamal rayonlarının müəllim və şagird kollektivi Masallı rayon Heydər Əliyev Mərkəzində olmuşdur. Artıq bu tur-aksiyanın bu il də davam etdirilməsi planlaşdırılmışdır. Bununla əlaqədar olaraq rayon təhsil şöbəsinə müvafiq tapşırıqlar verilmiş və aksiyada iştirak edəcək şagirdlərin seçilməsi, habelə digər məsələlər barədə hazırlıq işlərinə başlanılmışdır.
Bildiyiniz kimi 1 noyabr 2015-ci il tarixdə Azərbaycanda Parlament seçkiləri keçiriləcəkdir. Ölkəmizdə seçkilərin demokratik, şəffaf, ədalətli keçirilməsi üçün bütün şərait yaradılmışdır. Əminəm ki, qarşıdan gələn Parlament seçkiləri bütün ölkəmizdə olduğu kimi rayonumuzda da yüksək səviyyədə keçiriləcək və masallılar da seçkilərdə fəal iştirak edərək ən layiqli namizədlərə səs verəcəklər.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına, əhalinin rifahının yüksəldilməsinə daim göstərdiyi diqqətin nəticəsidir ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda ölkəmizin mühüm irəliləyişlərinə görə cənab Prezident 2015-ci il üzrə BMT-nin “Cənub-Cənub” mükafatı ilə təltif olunmuşdur. Fürsətdən istifadə edib bu münasibətlə bütün masallılar adından ölkə başçısı cənab İlham Əliyevi təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik
Hesabat yığıncağında çıxış edənlərdən Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişov, Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədov və başqaları 2015-ci ilin III rübünə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.