Zərif qəlbli məğrur yazıçının 100 illiyi şərəfinə...
Masallı Rayon Mərkəzi Kitabxanasında yazıçı, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov XX əsr Azərbaycan nəsrində öz dəst-xətti ilə seçilən Ələviyyə Babayevanın müraciət etdiyi həyati mövzularla oxucuların rəğbətini qazanan ədiblərdən biri olduğunu bildirib. O, görkəmli yazıçının orta təhsilini başa vurduqdan sonra Tibb İnstitutuna qəbul olunduğunu, lakin üçüncü kursda oxuyarkən, qəlbində həkimlik sənəti yox, ədəbiyyat, şeir çağladığını hiss etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, sonrakı illərdə təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində davam etdirən Ələviyyə Babayeva, tələbə ikən ədəbi yaradıcılığa dərin maraq göstərir, mətbuatda müntəzəm olaraq məqalələrlə çıxış edir.
Sonra kitabxana işçilərindən Arzu Hüseynova və Gülər Kərimova mövzu ilə bağlı məruzə ilə çıxış ediblər.
Vurğulanıb ki, Ələviyyə Babayeva təhsilini başa vurduqdan sonra 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə çalışmağa başlayıb və “İki həyat” adlı ilk hekayəsi adıçəkilən mətbu orqanda dərc olunub. Bildirilib ki, onun bir-birindən maraqlı “Mənim müəlliməm”, “Bəlkə sabah olmadı”, “Son döngə”, “Rəngbərəng yuxular”, “Kölgə”, “Adamlar və talelər” əsərləri oxucular tərəfindən böyük maraqla qarşılanıb, ədəbiyyatımıza yeni nəfəs gətirib. Ədibin oxucuların qəlbinə yol tapan hekayələri geniş yayılaraq respublikanın hüdudlarından kənarda da oxunduğu qeyd olunub.
Tədbirdə həmçinin qeyd olunub ki, Ə.Babayeva bədii yaradıcılıqla yanaşı, tərcümə işinə də maraq göstərib, rus və sovet ədəbiyyatının görkəmli nümayəndələrindən L.Tolstoy, İ.Turgenev, A.Çexov, M.Qorki, V.Korolenko, A.Qaydar və başqalarının əsərlərini dilimizə çevirərək Azərbaycan oxucusuna sevdirib.