Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan uşaq ədəbiyyatının banisi - Abdulla Şaiq

29 avqust 2021 | 16:00

Masallı Rayon Mərkəzi Kitabxanasında Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin anadan olmasının 140 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov Abdulla Şaiqin əmək fəaliyyətinə müəllim kimi başladığını və ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr etdiyini bildirib. A. Şaiq müxtəlif illərdə bir-birinin ardınca “Milli Qiraət”, “Müntəxabat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni ədəbiyyat” adlı dərsliklər və proqramlar hazırlayıb, dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar, əsərlərindən nümunələr vermişdir. O, həmçinin vurğulayıb ki, “Əlifba”, “Uşaq çeşməyi”, “İkinci il”, “Gülzar” və digər bu kimi dərsliklərdə A. Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunub. Qeyd olunub ki, görkəmli ədib bədii yaradıcılığına gənclik çağlarından “Valeh” təxəllüsü ilə yazdığı qəzəllərlə başlayıb və ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. Ədib 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Xalq ədəbiyyatını toplayıb araşdıran A.Şaiq, bu örnəklər əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar yazıb. O, 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının təməlini qoyub.
Sonra çıxış edən Kitabxana əməkdaşı Rasif Dadaşov dünya ədəbiyyatı ilə yaxından tanış olan, rus və fars dillərini mükəmməl bilən A. Şaiqin bədii tərcümə sahəsində də səmərəli çalışdığını deyərək, onun Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsini, Daniel Defonun “Robinzon Kuruzo” əsərini, Uilyam Şekspir, Aleksandr Puşkin, Mixail Lermontov, İvan Krılov, Maksim Qorki və başqalarının bəzi əsərlərini Azərbaycan dilinə tərcümə etdiyini diqqətə çatdırıb.

Keçidlər