Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
RİHB-nin Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsəddin Teymurov “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Natiq bildirmişdir ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daxili və xarici siyasətində əldə olunmuş uğurlar, qeyri neft sektorunun inkişafı, sahibkarlara verilən güzəştli kreditlər, regionların sosial iqtisadi inkişafı ilə bağlı məqsədyönlü tədbirlər, minlərlə yeni iş yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması üçün görülən dövlət tədbirləri, ümumi daxili məhsulun 2014-ci ilə nisbətən artması, müasir tipli yeni məktəblərin tikilməsi, minlərlə məktəblərin əsaslı təmiri, yolların salınması, yüzlərlə kəndlərin təbii qazla təmin olunması, dayanıqlı elektrik enerjisi, məcburi köçkünlər üçün tikilən yeni yaşayış binaları, Qarabağ əlillərinə, şəhid ailələrinə və Çernobıl əlillərinə verilən yeni mənzillər və maşınlar, Milli ordu quruculuğu, müdafiə sənayesinin genişləndirilməsi, rüşvətxorluq və korrupsiyaya qarşı xüsusi dairənin yaradılması və s. məsələlər insanlar tərəfindən diqqətlə izlənilir və bəyənilir.
Respublikamızda gedən quruculuq abadlıq işləri rayonumuzda da Masallı rayon İcra hakimiyyəti başçısı cənab Rafil Hüseynovun rəhbərliyi altında öz əksini tapmışdır. Bunun bariz nümunəsi kimi 2015-ci ildə rayonumuzda abadlıq-quruculuq işləri davam etdirilmiş, kəndlərdə yeni məktəblər tikilmiş, rayon ərazisində içməli su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşmaq üzrədir, rayonumuzun bir çox kəndləri təbii qazla təmin olunmuşdur və s .
Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, o cümlədən Masallı RİHB cənab Rafil Hüseynova öz minnətdarlığımızı bildiririk.
Masallı RİHB-nın Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2015-ci il hesabat ilini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələri, Milli Məclisin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, Masallı RİHB-nın əmr və sərəncamlarını rəhbər tutaraq, icra aparatının şöbələri, rayon idarə və təşkilatları ilə əlaqəli şəkildə işləmişdir.
Musaküçə inzibati ərazi dairəsi bir kəndi, Musaküçə kəndini əhatə edir. Struktur quruluş elədir ki, kənd torpaqlarının bir hissəsi “Dənizkənarı” hissədə yerləşir. Kənd təsərrüfatına yararlı 784 ha sahədə 631 ha torpaq sahəsi xüsusi mülkiyyətdədir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və qismən həsirçilikdir.
Musaküçə kəndində bir inzibati ərazi dairəsi, bir tam orta məktəb, bir sağlamlıq mərkəzi, bir mədəniyyət evi, ATS, Poçt və Musaküçə bələdiyyəsi fəaliyyət göstərir.
Hesabat ilində nümayəndəliyimiz, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2012-ci il tarixli 648 saylı Fərmanına əsasən “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən təsdiq edilmiş illik və rüblük perspektiv iş planları əsasında nümayəndəliyin fəaliyyətini təşkil etmiş, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını yerinə yetirmək üçün təşkilatı tədbirlər aparmışdır.
Nümayəndəliyimiz yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmiş, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyə ilə, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmişdir. Ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmış, “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq, yeni 2015-ci ilin başlanması ilə əlaqədar iş nomeklaturasına uyğun olaraq nümayəndəlikdə qeydiyyat kitablarının və digər qovluqların açılmasını təmin etmişdir.
Ərazi nümayəndəliyi olaraq öz növbəmizdə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxmış, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar vermişik.
Hesabat ilində nümayəndəlik 73 sərəncam, 8 əmr imzalanmış, sərəncam ların icrası nəzarətdə saxlanılmışdır. Ərazidə 1181 təsərrüfatda 4108 nəfər əhali yaşayır. Bunlardan 2065 nəfəri qadın, 2043 nəfəri kişilərdir. 785-dən yuxarı ailə təsərrüfatında 545 baş mal-qara, 650 baş qoyun saxlanılmışdır. Nümayəndəlik tərəfindən il ərzində 12 yazılı və 51 şifahi şikayətə, idarə, təşkilat və vətəndaşlardan gələn 21 məktuba bu və ya başqa formada 1126 arayış verilmişdir. Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatını və notariat hərəkətlərini aparmışdır. İl ərzində 20 nigah bağlanmış, yeni doğulanların sayı 55 nəfər, ölənlərin sayı 25 olmuşdur.
Ərazi nümayəndəliyinə daxil olmuş on iki yazılı ərizə əsasən vətəndaşların təsərrüfatdan ayrılmaları ilə bağlı olmuşdur. Ərizə ilə müraciət edən vətəndaşların hər birinin təsərrüfatları ayrılmış, təsərrüfatbaşına kitablarda onlar üçün yeni təsərrüfatlar açılmışdır və bu barədə vətəndaşlara arayışlar verilmiş , onlara məktub göndərilmişdir.
Hesabat ili ərzində ərazi nümayəndəliyinə 51 şifahi şikayət daxil olmuşdur. Olunmuş şikayətlərdən 5-i vətəndaşların evinə gedən elektrik xətlərinin qırılması, 6-sı ailə mübahisəsi, 2-si maddi yardım, 4-ü şəxsi məsələ, 4-ü ünvanlı sosial yardımla bağlı, 2-si pay torpaqlarının ipək yoluna düşməsi, 1-i rayonda çəkilən kanalizasiya xəttinin vətəndaşların pay torpaqlarına düşməsi, 2-si vətəndaşların əkin sahəsinə mal-qara salınması, 5 şikayət həyətyanı və pay torpaqları ilə əlaqədar , yerdə qalan şikayətlər su, kombayn çatışmamazlığı, küçələrə daş-çınqıl tökülməsi və telefon xətlərinin qırılması barədə olmuşdur. Hər bir şikayət yerindəcə araşdırılmış və demək olar ki, öz həllini tapmışdır. Olunmuş şikayətlərdən bir neçəsini aradan qaldırmaq bizim səlahiyyətlərimiz çərçivəsində olmadığı üçün vətəndaşlara aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaları tövsiyə olunmuşdur.
24 iyun 2015-ci il tarixdə Masallı RİH-nin başçısı cənab Rafil Hüseynov ərazidə olmuş və kənd vətəndaşları ilə görüş keçirmişdir. Səyyar görüş zamanı səkkiz nəfər çıxış etmiş və yeddi məsələ irəli sürülmüşdür. Bu məsələlərdən ikisi öz həllini tapdığı halda , beş məsələ, ərazidə yeni məktəb binasını tikilməsi, uşaq bağçasının əsaslı təmiri və istifadəyə verilməsi, rayon ərazisində tikintisi aparılan kanalizasiya xəttinin təmizləyici qurğusunun ərazimizdəki doqquz vətəndaşın pay torpağına düşdüyü halda kompensasiya ala bilməmələri, ərazinin SİP kabelləşməsi və içməli su ilə təmin olunması həll olunmamışdır. Lakin bütün bunlar barədə aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılmışdır.
Cari hesabat ilində ərazimizdən 22 vətəndaş RİHB-nın qəbulunda olmuşdur. Qəbul zamanı qaldırılan məsələlərdən səkkizi şəxsi məsələ olmuş və öz həllini tapmışdır, Ünvanlı sosial yardımla bağlı dörd müraciət olunmuş və onlardan üçü müsbət həll olunmuş digər vətəndaşa aprel ayında köməklik olunacağı bildirilmişdir, , qaz pullarını köçürə bilməməsilə əlaqədar bir, pay torpağı və yolla bağlı dörd, işsizliklə bağlı üç, ilə bağlı bir, DSMF və həyətyanı torpaq sahəsi ilə bağlı iki vətəndaş müraciət etmişdir. Bu müraciətlərlə bağlı iki vətəndaşın müraciətini çıxmaq şərti ilə yerdə qalanlar həll olunmuşdur. Belə ki, həyətyanı torpaq sahəsi ilə bağlı müraciət etmiş şəxs Bələdiyyədə torpaq növbəsinə durmuş , işə düzəlmək üçün müraciət edən vətəndaşa rayon işə düzəltmə bürosuna müraciət etməsi tövsiyə olunmuşdur.
2015-ci ildə Prezident aparatına 12, digər təşkilatlara 3 yazılı şikayət göndərilmişdir. rayon İcra hakimiyyətinə birbaşa iyirmi dörd müraciət daxil olmuşdur.
Kənddə hazırda bir məcburi köçkün ailəsi, üç şəhid ailəsi, səkkiz nəfər Qarabağ əlili və iki nəfər Çernobıl əlili yaşayır.
Keçən hesabat ili ərzində bütün tarixi hadisələrlə bağlı günlər, Ümummilli liderimiz Heydər Əliyevin anadan olma günü, Qayıdış, anma günləri, yanvar şəhidlərinin ildönümü, qadınlar bayramı, Novruz bayramı, Qurtuluş, Konstitusiya gün, Qurban bayramı, yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü və sair günlər nümayəndəlik tərəfindən qeyd olunmuşdur.
Hesabat ilində inzibati ərazi dairəsində yaşayan və çağırış günündən 18 yaşı tamam olmuş, 35 yaşınadək çağırışdan azad olunmaq üçün möhlət hüququ olmayan vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasını təmin etmişik. Bu işdə bir sıra uğurlar əldə etmişik, lakin bununla yanaşı bəzi çatışmamazlığımız da vardır, Beləki, Respublikadan kənarda yaşayanların və Respublikanın digər rayonlarında təhsil alanların qeydiyata düşmələrində çətinliklər var ki, onların arada qaldırılmasına çalışırıq.
Masallı RİHB cənab Rafil Hüseynovun rayonumuzda başladığı və uğurla davam etdirdiyi abadlıq-quruculuq işlərindən ruhlanan nümayəndəlik Musaküçə bələdiyyəsi ilə birlikdə kəndin sosial məsələlərin, abadlıq və təmir işlərin, ərazidə vətəndaşlar tərəfindən qeyri-qanunu zəbt olunmuş həyətyanı torpaq sahələrinin zəbtdən azad olunması, əhalidə əmlak və torpaq vergilərinin yığılması işlərini görməyə çalışmışdır. Belə ki, ilk növbədə nümayəndəliyi binasında cari təmir işləri aparılmış, nümayəndəliyin həyəti park halına salınmış, çoxlu bəzək ağacları əkilmiş, kəndarası yollar yaz və payız aylarında daş-çınqıl daşınmış, qreyderlə hamarlanmışdır. Kəndin mərkəzində 1941-1945-ci illər abidəsinin həyətində istirahət mərkəzinin tikintisi başa çatdırılmışdır. Bundan başqa ərazi nümayəndəliyinin həyətində, Musaküçə mədəniyyət evinin, Musaküçə tam orta məktəbinin, yeni qurulmuş istirahət mərkəzinin həyətində iki yüzdən artıq ağac əkilmiş və ərazidə mütəmadi iməciliklər keçirilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi vətəndaşlarımız əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Ərazimizdə 120 ha buğda, 30 ha arpa, 20 ha vələmir, 2.5 ha pomidor, 2.0 ha bostan əkilmiş, yazlıq əkinlər üçün şum vurulmuşdur. Vətəndaşların yetişdirdiyi taxılı vaxtında və itkisiz yığmaları üçün Aqrolizinqin Masallı rayon şöbəsinə müraciət etmişik və oradan bir neçə kombayn almışıq. Payızlıq şumun vurulmasında, taxıl səpininin aparılmasında əsasən ərazidə olan texnikanı səfərbər etmişik.
Bundan başqa keçən hesabat ilində Azərbaycan Respublikasında Parlament seçkiləri keçirilmişdir. Musaküçə inzibati ərazi vahidliyində iki 70/34 və 70/35 saylı məntəqələr yerləşir. İki məntəqədə birlikdə 2089 nəfər seçici vardır. Seçkilərin tam şəffaf və demokratik şəkildə keçirilməsindən ötrü yüksək səviyyədə hazırlıq işləri görülmüşdür. Hər iki Məntəqə seçkiyə hazır vəziyyətə gətirilərək Məntəqə Seçki Komissiyasına təhvil verilmişdir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 46.4-cü, 46.15-ci və 87.6-cı maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatlar dəqiqləşdirilmişdir.
Hesabat ilində ərazidə vətəndaşların əmlakını qiymətləndirilməsi, sığortası və sağlam mal-qara əldə olunması üçün süni mayalanma işləri aparılmışdır. Lakin bu işlərin aparılmasında bir sıra çətinliklər vardır ki, bunlarında əhali ilə aparılan maarifləndirmə ilə aradan qaldırmağa çalışırıq. Ərazidə dayanıqlı elektrik enerjisi əldə etmək üçün Rayon PEŞ-si tərəfindən 6 ədəd sıradan çıxmış elektrik dirəyi dəyişdirilmişdir. Bütün bunlar o demek deyildir ki, kəndin bütün problemləri həll olunmuşdur. Kənddə hələ də başa sala bilmədiyimiz işıq, qaz və digər vergi ödəmələrini vermək istəməyən vətəndaşlarımız da vardır. Bəzən imkansızlığı əsas tutan vətəndaşlarımızla yanaşı biganəlik göstərən də az deyil. Belə ki, elektrik enerjisindən qeyri-qanuni istifadə edən bir neçə vətəndaşımız cərimə olunmuş, qaz pullarını vaxtı-vaxtında vermədiyi üçün bir neçə vətəndaşa qaz verilişi dayandırılmışdır .
Musaküçə kəndində şəhid F. Xancanov adını daşıyan orta məktəbdə 473 nəfər şagirdin təlim tərbiyəsi ilə 37 müəllim məşğul olur. Masallı RİHB cənab Rafil Hüseynovun keçirdiyi şura iclasında məktəblərdə olan davamiyyət və məktəbli qızların erkən ərə verilməsi ön plana çəkilmişdir. Hər bir ərazi nümayəndəsinə və məktəb direktoruna xüsusi tapşırıqlar verilmişdir. Bu tapşırıqların nəticəsi kimi ərazi nümayəndəliyinin, Musaküçə orta məktəbinin direktoru və müavinləri, sahə müvəkkilinin apardığı ardıcıl tədbirlərdən sonra yuxarı siniflərdə dərsə davamiyyətə nail olmuşuq. Lakin bütün bunlarla yanaşı yuxarı sinif şagirdlərinə dərs deyən bəzi müəllimlərin və sinif rəhbərlərinin səhlənkarlıqları göstərilməlidir. Ərazi nümayəndəliyi tərəfindən məktəb üçün smetada nəzərdə tutulan bütün vəsaitlər vaxtında ödənilmiş, yanacaq və odunla təminatda heç bir çətinlik olmamışdır.
Musaküçə ərazisində bir sağlamlıq mərkəzi fəaliyyət göstərir, orada çalışan həkimlərin vaxtlı-vaxtında işə gəlməsi, bacarıqları səviyyəsində əhalinin sağlamlığının keşiyində durmaları qeyd olunmalıdır. Həkimlərimiz əhali arasında profilaktik tibbi söhbətlərin aparılması, xüsusi ilə erkən nigahla bağlı, uşaqların, məktəb şagirdlərinin vaxtlı-vaxtında peyvənd olunmasını yüksək səviyyədə təşkil etmişlər. Bütün bunlarla yanaşı sağlamlıq mərkəzində təmir işləri aparılmamış, mərkəzin həyəti səliqə-səhmana salınmamışdır.
Ərazimizdə bir poçt şöbəsi fəaliyyət göstərir. Poçt şöbəsi işıq və qaz pullarının yığılmasında öz köməkliyini əsirgəmir. Poçt şöbəsinin xidmətlərində ciddi narazılıqlar olmasa da poçt şöbəsinin müdirinə əhali ilə münasibətdə mehribançılıq yaratmaq və vaxtı-vaxtında iş yerində olması tövsiyə edilmişdir.
Bu il ərazimizdə vətəndaşlara daha yaxşı xidmət göstərmək üçün dövlət vəsaiti hesabına yeni ATS binası tikilmişdir. Kənd ATS-nin işindən narazılıq edən vətəndaşların sayı demək olar ki, azdır. Texniki işçilər başda olmaqla nasaz telefon xətlərini vaxtında təmir edirlər. Kabel təsərrüfatlarında olan köhnəlmələr və bəzən zədələnmələr müvəqqəti dayanmalara səbəb olsa da işçilər öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Altı yüzdən yuxarı abonenti olan ATS-ə sürətli internet xətti çəkilmişdir.
Hesabat ilində kənd Mədəniyyət evində və kənd kitabxanasında daxili imkanlar hesabına cari təmir işləri aparılmışdır. Mədəniyyət evinin foyesində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün, bilyard, domino, şaşki və şahmat stolları qoyulmuşdur. Ərazidə yerləşən 70/34 saylı seçki məntəqəsi mədəniyyət evində yerləşir. Tikildiyi ildən indiyə qədər burada əsaslı təmir aparılmadığından bu mədəniyyət ocağının əsaslı təmirə ehtiyacı vardır.
Hesabat ili ərzində büdcədən maliyyələşən məktəb (texniki işçilərinin əmək haqqı, yanacaq və dəftərxana vəsaiti)41.042 manat, ərazi nümayəndəliyi 24.169 manat, vəsait almışdır. Hər ay müəllimlərin aldığı əmək haqlarını, vətəndaşların aldığı pensiya və müavinət, əhalinin sosial müdafiə mərkəzindən aldığı birdəfəlik ünvanlı sosial yardımını, kənd təsərrüfatı məhsullarının istehsalında və əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsini də buna daxil etsək kəndlərə olan dövlət qayğısının təzahürünü görərik.
Hörmətli toplantı iştirakçıları bütün bunlarla yanaşı hələ də bəzi vətəndaşlarımız ölkəmizdə və rayonumuzda aparılan əsaslı yenidənqurma işlərini, fundamental layihələrin həyata keçirilməsini, Rayon rəhbərliyinin apardığı uğurlu siyasəti ya görmür, ya da görməməzlikdən gəlir. Biz hamılıqla və var qüvvəmizlə belə insanlara qarşı mübarizə aparmalıyıq, onların bu neqativ hərəkətlərinə son qoymalıyıq.
Vaxtaşırı əhali arasında olmaq, xeyir-şər işlərində iştirak etmək, ahıl qoca, kimsəsiz və məcburi köçkün ailələri ilə müntəzəm əlaqə saxlamaq işimizin əsas qayəsi olmuşdur. İl ərzində istər Novruz bayramında, istərsə də dini bayramlarda məcburi köçkün, şəhid ailələri, Qarabağ və Çernobıl ailələri həmişə diqqət mərkəzində olmuş, ahıl və tənha yaşayan ailələrə Musaküçə bələdiyyəsi ilə birlikdə yardımlar göstərilmişdir.
Ərazimizdə sosialyönümlü aşağıdakı məsələləri qarşımıza məqsəd qoymuşuq, kənddə içməli su xəttinin çəkilməsi, kənd-arası yolların isə daş çınqılla örtülməsi, tikintisi balanmış istirahət mərkəzinin başa çatdırılması, əraziyə verilən elektrik enerjisinin və təbii qazın fasiləsiz verilməsinə nail olmaq.
Cənab Başçı icazə verin sizi əmin edim ki, Musaküçə ərazi nümayəndəliyi Yerli İcra Hakimiyyəti Haqqında Əsasnamənin tələblərinə uyğun olaraq, ərazidə olan sosialyönümlü problemlərin həllini, rayon İHB-nın əmr və sərəncamlarını, göstərişlərini və tapşırıqlarını yerinə yetirməyə qüvvə və bacarığımı sərf edəcəyəm, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağam.