Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda çəltik biçini

15 noyabr 2021 | 16:00

      Masallıda 217.3 hektar çəltik sahəsinin məhsulu yığılıb. Ölkəmizin cənub bölgəsinin digər rayonları kimi, Masallı da qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçiliyi ilə məşhurdur. Ətirli Masallı düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub.
     Bu barədə  Masallı Rayon Statistika İdarəsindən məlumat verilib. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflərin həyata keçirilməsi üçün yeni məhsuldar çəltik sortlarının yaradılması, onların toxumçuluğunun təşkili, gübrə, pestisid, becərmə texnikaları ilə təminat, əkin sahələrinin genişləndirilməsi sahəsində Masallı rayonunda mühüm işlər görülüb.
     Dövlət Proqramının icrası istiqamətində görülən işlər və dövlət səviyyəsində sahibkarlara yaradılan şərait çəltikçiliyə marağı xeyli artırıb. Bunun nəticəsidir ki, rayonda çəltik sahələri ildən-ilə genişlənir.
     Rayonda çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Viləş çay su anbarının bu ərazidə yerləşməsi çəltik sahələrinin suvarılmasında mühüm rol oynayır.
     Bu il yay mövsümündə havaların normadan artıq isti və quraq keçməsi məhsul istehsalçıları üçün bir sıra problemlər yaratsa da, çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi və suvarmanın növbəlilik əsasında təşkili nəticəsində məhsuldarlığa bir o qədər təsir etməyib.
     İndiyədək 217.3 hektar çəltik sahəsində məhsul yığımı başa çatıb. Sahələrdən 771.4 ton çəltik biçilib. Hər hektardan götürülən məhsuldarlıq 35.5 sentner təşkil edib.Düyünün bir kiloqramının qiyməti növünə görə 1,80 - 4,20 manat arasındadır.
     Çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 30-40 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə baha satılır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat böyükdür.
    Qeyd edək ki, Bu il Masallı rayonunda 281.6 hektar sahədə çəltik əkilib. İndiyədək 217.3 hektar sahənin məhsulu yığılıb. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 35.5 sentnerdir.

Keçidlər