Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
14 yanvar 2016-cı il tarixdə Masallı rayonu Yeyənkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında Masallı rayon İcra hakimiyyəti başçısının Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Barat Nağıyevin “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Natiq bildirmişdir ki, Müstəqil Azərbaycan Dövlətinin banisi, Görkəmli Dövlət Xadimi, Türk dünyasının böyük oğlu Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı hərtərəfli, düşünülmüş və müdrik siyasət nəticəsində. Azərbaycan dövləti günü-gündən inkişaf edir, çiçəklənir, xalqımızın maddi rifah halı yaxşılaşır.
Ölkə başçısının yeritdiyi daxili və xarici siyasətin düzgünlüyü, Azərbaycan xalqının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar, verdiyi hər bir vədə əməl etməsi xalqın ona olan inamını daha da artırır. Ölkəmizin hər bir guşəsində eləcə də Bakı və digər şəhərlərdə müasir tələblərə cavab verən təhsil və səhiyyə ocaqlarının, eləcə də 2015-ci il 1-ci Avropa yay oyunlarının uğurla keçirildiyi iri miqyaslı idman komplekslərinin tikilib istifadəyə verilməsi Ölkə başçısının gərgin və məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir. Ölkəmizin digər bölgələri kimi, Masallı rayonuna da səfərləri zamanı Möhtərəm Prezidentimiz bir sıra obyektlərin açılışında iştirak edir, öz tövsiyələrini verir, rayonumuzun əhalisinin sosial vəziyyəti ilə maraqlanır və beləliklə də hər dəfə Möhtərəm Prezidentimizin rayonumuza gəlişi bir bayrama çevrilir. Xüsusilə prezidentin sonuncu dəfə 2013-cü ilin sentyabr ayında rayonumuza səfəri zamanı rayonda gedən abadlıq-quruculuq işlərindən razı qalması və buna görə rayonumuzun inkişafı üçün digər rayonlardan fərqli olaraq böyük miqdarda maliyyə vəsaitini ayırması Prezidentin Masallı camaatına xüsusi diqqət göstərməsindən xəbər verir.
Hörmətli Rafil Müəllimin rayonumuza İcra Başçısı təyin olunmasından sonra Masallı şəhəri ilə yanaşı rayonumuzun ayrı-ayrı kəndlərində o cümlədən bizim ərazidə də abadlıq-quruculuq işləri inamla davam etdirilir. Belə ki, Kəndimizə gələn mərkəzi yol asfaltlanmış, mərkəzi yolun kəndimizə giriş hissəsinin hər iki tərəfinə ağaclar əkilərək yaşıllaşdırılmış, ağacların damcı üsulu ilə suvarılması təşkil edilmiş ərazidə antisanitariya zibilləri təmizlənmiş, və digər həlli vacib problemlər həll edilməkdədir.
Məlumat üçün bildirirəm ki, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində ərazinin hər üç kəndində ümumi uzunluğu 11.7 km olmaqla kənd arası yollara çınqıl döşənmişdir.
Bundan Yeyənkənd kəndində 3.5 km, Abasbəyli kəndində 3.6 km, daha sonra isə Xəlfələr kəndində 4.6 km kənd arası yolların smeta layihə sənədləri hazırlanmış və hər bir kənd üzrə yaradılmış kənd icmalarının iştirakı ilə həmən yollara qum çınqıl döşənmiş və qrederlə hamarlanmışdır.
Həmən layihənin xətti ilə Yeyənkənd kəndində həkim məntəqəsi inşa edilmiş və hazırda son tamamlama işləri aparılır. Həmçinin onu da bildirmək istəyirəm ki, yenə də həmən layihənin xətti ilə Xəlfələr kəndinin həm aşağı həm də yuxarı məhəlləsində su artezian quyularının yanında su çənlərinin qaldırılması və həmən su çənlərindən ayrı-ayrı küçələrə su kəmərləri çəkilməsi planlaşdırılır. Ümumiyyətlə ərazidə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi xətti ilə aparılan bu abadlıq-quruculuq işləri Ərazinin rəhbərliyi ilə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi əməkdaşlarının arasında olan qarşılıqlı etimadın yüksək səviyyədə olmasından xəbər verir. Ümidvarıq ki, bu əməkdaşlıq gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Hörmətli Yığıncaq iştirakçıları! Üç kəndi əhatə edən Yeyənkənd kənd inzibati ərazi dairəsi rayon mərkəzindən 7 km məsafədə olmaqla rayonun inkişaf etmiş ərazilərindən sayılır. Ümumi sahəsi 610 hektar olan Yeyənkənd kənd inzibati ərazi dairəsində 3338 nəfər əhali yaşayır.
Yeyənkənd kəndində 1735 nəfər Abasbəyli kəndində 822 nəfər, Xəlfələr kəndində isə 781 nəfər. Ərazidə 625 fərdi yaşayış evi, 962 təsərrüfat və 987 ailə vardır. Əhalinin yaş tərkibi 0-6 yaş 323 nəfər, 6-18 yaş 686 nəfər, 18 yaş və ondan yuxarı isə 2329 nəfərdir. Əhalinin 2424 nəfəri Ərazidə 225 nəfəri Respublikanın şəhər, rayon və kəndlərində, 689 nəfəri isə müxtəlif xarici ölkələrdə yaşayırlar. Ümumi torpaq sahəsinin 240 hektarı Yeyənkənd kəndinə, 100 hektarı Abasbəyli kəndinə, 270 hektarı isə Xəlfələr kəndinə məxsusdur. Ümumi torpağın 264 hektarı xüsusi mülkiyyətdədir. Torpaqlarımızın əsas hissəsi 3-cü keyfiyyət qrupuna, az hissəsi isə 2-ci keyfiyyət qrupuna aiddir.
Həmişə xalqımızın maddi rifahı halının yaxşılaşdırılması və sosial vəziyyətinin yüksəldilməsini diqqət mərkəzində saxlayan cənab Prezidentimiz 2015-ci ili kənd təsərrüfatı ili elan etməklə qeyri neft sektorunun inkişafın prioritet məsələ kimi irəli sürmüşdür. Dünyada neftin qiymətinin sürətlə ucuzlaşdığı, xarici valyutanın sərbəst buraxıldığı, Azərbaycan manatının alıcılıq qabiliyyətinin sürətlə azaldığı bir vaxtda, kənd təsərrüfatının inkişafı hazırkı vaxtda həyatın bir nömrəli tələbi kimi irəli sürülür. Ancaq təəssüf ki, ərazimizin əhalisi ona verilmiş pay torpaqlarında yüksək məhsuldarlıq götürmək əvəzinə həmən torpaqları biçənək kimi saxlamağa üstünlük verirlər. Fikrimizcə bütün pay torpaqlarında olmasa da, Viləş çayının yatağında yerləşən pay torpaqlarında kartof, pomidor, digər tərəvəz və bostan bitkiləri əkməklə yüksək mənfəət əldə etmək olardı. Bir məsələni acı təəssüf hissi ilə bildirmək istəyirəm ki, öz torpaqlarını üzvi və qeyri üzvi gübrələrlə münbitləşdirmək əvəzinə bəzi vətəndaşlar pula hərislənərək gələcəyi nəzərə almadan torpaqlarının qazılaraq yararsız hala salınmasına şərait yaratmışlar.
Halbuki torpağın az, əhalinin çox olduğu ərazidə elə məhsullar əkilib becərilməlidir ki, bazarda tələbat çox mənfəəti yüksək olsun. Dövlətimiz kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi üçün bütün şəraiti yaratmışdır. Dənli bitkilərin hər hektarının əkilib biçilməsi üçün 100 manat güzəştli şərtlərə motor yağları, gübrələr verməklə kənd təsərrüfatının inkişaf etdirilməsinə həmişə dəstək göstərir. Fikrimizcə bütün bu güzəştlərdən istifadə edərək əhalimiz birgə fermer təsərrüfatları yaratmaqla kənd təsərrüfatından yüksək mənfəət götürə bilərlər. Əminəm ki, əhalimiz bu deyilənlərdən ciddi nəticə çıxaracaqlar.
Bir məsələni xüsusi qeyd etmək istərdim. Bəzən əhalimiz “Torpaq Haqqında Qanun”un müvafiq maddələrini kobud surətdə pozaraq pay torpaqlarında və ya bələdiyyə torpaqlarında qeyri qanuni fərdi yaşayış evləri və digər qanunsuz tikililər tikməklə əkinə yararlı torpaqları əkin dövriyyəsindən çıxarırlar və bəzən də heç bir qanuni sənədi olmadan bələdiyyə və ya pay torpaqların zəbt edirlər. Buna görə də ərazinin Abasbəyli və Yeyənkənd kəndlərində artan təsərrüfatlara vermək üçün torpaq sahəsi qalmamışdır. Torpaqları zəbtdən azad etmək barədə həmən vətəndaşlara dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq hələ də vətəndaşlar həmən torpaqları zəptdən azad etmirlər.
Ancaq nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2015-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüquqi olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və yaxud özbaşına tikinti işlərini aparmağa görə çox ciddi cəzalar 8000 manat-dan 10000 manata qədər cərimə və ya 1 ildən - 3 ilədək azadlıqdan məhrumetmə cəzalar nəzərdə tutulmuşdur.
Ona görə mən xahiş və tələb edirəm ki, tezliklə, ən qısa zamanda zəbt edilmiş torpaqlar zəbtdən azad edilsin. Əminəm ki, əhalimiz bu deyilənlərdən nəticə çıxaracaqlar.
Hal-hazırda ərazidə 625 fərdi yaşayış evi vardır ki, bunun da yarısı müasir üslubda tikilmiş yaraşıqlı evlərdir. Bu, bir tərəfdən bizi sevindirirsə də, digər tərəfdən qanunsuz zəbt edilmiş torpaq üzərində özbaşına tikildiyindən bizdə təəssüf hissi doğurur.
Ərazi nümayəndəliyi belə neqativ hallara qarşı həmişə barışmaz mövqe tutmuşdur. Qanunsuz və özbaşına tikintilərin qarşısının alınmasından ötəri aidiyyəti orqanlar qarşısında məsələ qaldırmış və müsbət həll olmasından ötəri fəallıq göstərmişdir. Biz bu istiqamətdə inzibati tədbirlərə deyil daha çox əhalimizin könüllülük prinsipi əsasında qanunamüvafiq hərəkət edəcəklərinə bel bağlayırıq.
Bizi çox narahat edən bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm. Ərazinin əsasən Yeyənkənd kəndində, xüsusilə ərazinin giriş qapısının ətrafına Xəlfələr kəndində isə kəndin cənub hissəsindən keçən su kanalına camaat tərəfindən zibillərin tökülərək antisanitariya yaradılması və gələcəkdə yolxucu xəstəliklər üçün münbit şərait yaradılması bizdə yalnız təəssüf hissi doğurur.
Viləş çay dəryaçası İdarəsinin rəhbərliyinin dəfələrlə Viləş su kanalının ərazimizdən keçən hissəsinin zibillənməsinin qarşısının alınmasına köməklik olunması barədə bizə müraciəti ilə bağlı əhalimiz arasında dəfələrlə izahat işləri aparmışıq. İndi su kanalının zibillənməsinin qarşısı alınmışdır. Ancaq ümumilikdə ərazinin zibillənməsinin qarşısı tam alınmamışdır. Fikrimizcə bu məsələni də müsbət həll etmək olar.
Bunun üçün əhali bələdiyyənin vergilərini tam ödəməli, bələdiyyə isə öz növbəsində zibil qutularının alınmasını və toplanmış zibillərin daşınmasını təmin etməlidir. Əks təqdirdə ərazinin zibillənməsinin və yoluxucu xəstəliklərinin yayılmasının qarşısının almaq mümkün olmayacaq.
Ümid edirik ki, kəndin ağsaqqalları, ziyalıları, fəalları səsimizə səs verəcək, ərazinin zibillənməsinin qarşısının alınmasında bizə yardımçı olacaq, kəndimizin abad, gözəl və füsunkar görünməsinə öz töhfələrini verəcək.
Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi aparatında 3 nəfər rəhbər işçi çalışır. Hər üçü ali təhsillidir. Ərazi nümayəndəsi aparatı hesabat ilində öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyin 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamə”-yə uyğun olaraq illik və rüblük iş planlarına uyğun qurmuş və iş planlarında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmişdir.
Belə ki, ərazi nümayəndəsi RİH Başçısının tapşırıqlarını yerinə yetirmək və səlahiyyətlərinə uyğun təkliflər verməyə təşəbbüs göstərmişdir. Digər orqanlar və Bələdiyyə ilə öz işini qarşılıqlı əlaqəli qurmuşdur. Hesabat ilində ərazi nümayəndəliyi üzrə 7 əmr və 44 sərəncam verilmişdir. Əmrlər işçilərin növbəti məzuniyyətə buraxılması və mükafatlandırılması barədə, sərəncamlar isə Perspektiv illik iş planında göstərilmiş işlərin yerinə yetirilməsinə aid olmuşdur.
Sərəncamlarda ərazi nümayəndəliyində vətəndaşların qəbulu, onların qaldırdıqları problemlərin həllinə, rəy və təkliflərinin dinlənilməsinə, kargüzarlığın vəziyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətin eləcə də rabitə xidmətinin yüksəldilməsinə, istifadə edilmiş elektrik enerjisi haqlarının vaxtında toplanmasına və digər məsələlərin həllinə xüsusi diqqət yetirilmişdir. Ərazi nümayəndəsi hər bir sərəncamın vaxtında icra edilməsini nəzarətdə saxlamışdır.
Ərazi nümayəndəliyində mövcud təsərrüfatbaşına kitablar eləcə də vətəndaşların qəbulu, onlardan daxil olan şifahi və yazılı müraciətlərin qeydiyyatı, yuxarı və digər orqanlardan daxil olan həmçinin göndərilən sənədlərin qeydiyyatı kitabları il boyu təlimata uyğun və aydın xətlə yazılmış, sənədlərin saxlandığı qovluqlar iş nomenklaturasına uyğun nömrələnmişdir.
Məlumat üçün bildirim ki, hesabat ilində Yeyənkənd ərazisindən Prezident Administrasiyasına 7 nəfər Azərbaycan Respublikası Milli Məclisə 1 nəfər, Fövqəladə hallar Nazirliyinə 1 nəfər Nazirlər kabinetinə 1 nəfər vətəndaş müraciət etmişdir.
Bu müraciətlərin 4-ü vəziyyətinin pis olması barədə Abasbəyli kənd sakini Mehdiyeva Mehparə Cəbrayıl qızı, 3-ü evlərinin qarşısında torpaq sürüşməsi barədə Xəlfələr kənd sakini Tağlyeva Elminaz Qələndər qız, 1-i maddi kömək istəməsi barədə Qədirov Əbülfəz İsaq oğlu, 1-ni iş istəməsi barədə Məmmədov Şahin Raqib oğlu 1-ni isə Xəlfələr kəndinə Qaz xəttinin çəkilişi ilə bağlı Manafov Səyədulla Yunusur oğlu etmişdir.
Masallı rayon İcra Hakimiyyəti Aparatına birbaşa ərazidən 11 müraciət daxil olmuşdur ki,bu müraciətlərin 7-ni Yeyənkənd kənd sakini Qədirov Əbülfəz İsaq oğlu maddi yardım istəməsi barədə, 1-ni Abasbəyli kənd sakini Əhədzadə Şahnisə Soltan qızı nəvələrini onun qəyyumluğuna verilməsi barədə,2-si isə Əliyeva Arifə Şəki qızı ÜSY istəməsi barədə yazmışdır.Ərazidən Rayon İcra Başçısının Aparatında Qəbulda torpaqla bağlı 4 nəfər, ÜSY-la bağlı 2 nəfər, maddi yardım və söküntü material istəməsi ilə bağlı 2 nəfər müraciət etmişdir ki, onların da müraciətləri müsbət həll edilmişdir. Nəzərinizə çatdırıram ki, 14.10.2015-ci il tarixdə Rayon İcra Başçısının Yeyənkənd ərazisində Səyyar Qəbulu keçirildi. Səyyar qəbulda Aslanova Meysaba Yunus qızı qəzalı elektrik dirəyinin dəyişdirilməsi və xəstə uşağı üçün pensiya istəməsi barədə xahiş etdi. Onun evinə gedən qəzalı elektrik dirəyi dəyişdirildi, Pensiyaya görə Rayon tibbi Ekspert Komissiyasına müraciət etməsi məsləhət görüldü. Əhmədov Mirhəsən Səftər oğlu görülən işlərə və vətəndaşların yerlərdə qəbuluna görə cənab Prezident İlham Əliyevə minnətdarlıq etdi. Məcidov Habil Əjdər oğlunun Səyyar qəbul zamanı səsləndirdiyi təzə məhəllədə transformatorun dəyişdirilməsi, zədələnmiş qaz kəmərinin düzəldilməsinə köməklik olunması, yolların təmir olunması, rabitə xəttinin düzəldilməsi barədə müraciətlərinin hamısı müsbət həll olundu.
Pay torpağının sərhədlərinin göstərilməsi barədə müraciətlə əlaqədar Musayev Raci Eldar oğluna məsləhət görüldü ki, Rayon Ə.K.Dövlət Reyester Xidmətinə müraciət etsin. Xəlfələr kəndinə qaz xəttinin çəkilməsinə köməklik olunması barədə Şirəliyev Sərxoş Xalıq oğlunun müraciəti ilə əlaqədar bildiririk ki, Xəlfələr kəndinə 2016-cı ildə qaz xətti çəkiləcəkdir.
6
Hörmətli Yığıncaq iştirakçıları! 2015-ci ildə ərazi nümayəndəliyinə vətəndaşlar tərəfindən 27 şifahi, 11 yazılı müraciət daxil olmuşdur. Şifahi müraciətlərin 2-si yol ilə, 6-sı yağış sularının axıdılması, 3-ü ailə münaqişəsi, 3-ü telefon nasazlığının düzəldilməsinə köməklik olunması barədə, 6-sı torpaqla bağlı, 2-si pensiya ilə bağlı, 3-ü maddi köməklik olunması barədə, 1-i elektrik sayğacı barədə, 1-i daimi qeydiyyata alınmağa aid olmuşdur.
Yol ilə bağlı Şükürova Sitarə İsmayıl qızı və və Mikayılov Bəhlul Atakişi oğlu müraciət etmişdir ki, bu müraciətlərin hər ikisi müsbət həll edilmişdir. Yağış sularının axıdılması barədə müraciətlərin həlli bəzi çətinliklər törətsə də sonda müsbət həll edilmişdir.
Bəzən vətəndaşlarımız özlərinə məxsus fərdi yaşayış evinin yanındakı su kanalını təmizləmirlər. Halbuki hər bir vətəndaş öz su kanalını özü təmizləməli və mühafizə etməlidir. Ailə münaqişəsinə aid üç, məsələdən biri müsbət həll edilmiş, digəri isə araşdırılmasından ötəri məhkəməyə verilmişdir, sonuncusu isə hər iki tərəf ərazi nümayəndəliyinə dəvət edilərək məzəmmət edilmiş və sonda müsbət həll edilmişdir. üç müraciət telefonlarının nasaz işləməsinə görə edilmişdir. Hər üç müraciətlə bağlı 78 saylı EATS-in işçiləri ilə əlaqə saxladıq və hər üç telefon nasazlığı qısa zamanda aradan qaldırıldı.
Hörmətli Yığıncaq iştirakçıları! Hesabat ilində torpaqla bağlı 5 müraciət daxil olmuşdur ki, bunların da 4-ü biçənəklərin biçilməsi zamanı sərhədlərin pozulmasına görə 1 müraciət isə Xəlfələr kəndində torpaq sürüşməsinə görə edilmişdir. Torpağın sürüşməsi barədə Rayon Fövqəladə Hallar Komissiyasına ,Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional İdarəsinə həmçinin digər aidiyyəti, orqanlara tərəfimizdən məlumat verilmişdir. Yay vaxtı həmən sürüşmüş torpaq götürülərək öz əvvəlki yerinə tökülsə də sonrakı güclü yağışlar zamanı sürüşmə yenidən baş vermişdir.
Ümid edirik ki, aidiyyəti orqanlar bu məsələdə köməklik göstərəcəklər. Bundan başqa daxil olmuş şifahi müraciətlərin 2-si pensiya sənədləri ilə bağlı, 3-ü maddi köməklik olunması barədə 1-i isə yeni tikilmiş evə elektrik sayğacının qoyulmasına köməklik olunması barədə olunmuşdur ki, bunlar da öz növbəsində hər biri müsbət həll edilmişdir.
Nəzərinizə çatdırım ki, yuxarıda deyildiyi kimi, 2015-ci ildə ərazi nümayəndəliyinə 11 ərizə daxil olmuşdur ki, bu ərizələrdən 1-i maşın yolunun tutulmasının qarşısının alınmasına köməklik göstərilməsi ilə, 1-i torpaqla bağlı, 8-i təsərrüfatın ayrılmasına köməklik göstərilməsi ilə bağlı, 1-i isə qonşu münaqişəsinə aid olmuşdur. Maşın yolunun tutulmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə Nağıyev İsrafil Arzuman oğlunun müraciəti ilə bağlı tərəfimizdən şikayət yerinə baxış keçirildi və hasarın çəkiləcəyi yeri müəyyən edildi.
Torpaqla bağlı şikayət də yerində araşdırıldı. Müəyyən olundu ki, sözü gedən yer əhalinin ümumi istifadəsində olan örüş sahəsidir. Örüş sahəsindən hamı birgə istifadə edə bilər.
Daxil olan ərizələrin 8-i təsərrüfat ayrılmasına aid olduğundan həmən ərizələrlə bağlı vətəndaşların hər birinin evinə gedilmiş və onların ev şəraiti barədə müxtəlif vaxtlarda aktlar tərtib edilərək təsərrüfatların ayrılması məqsədəmüvafiq sayılmış və ərazi nümayəndəsinin müvafiq sərəncamları ilə həmən vətəndaşların təsərrüfatları ayrılmışdır. Qonşu münaqişəsi ilə bağlı bildirmək istəyirəm ki, hər iki tərəf ərazi nümayəndəliyinə dəvət edildi onlarla söhbət aparıldı və onlar arasında olan narazılıq aradan qaldırıldı. Sonda hər iki tərəfin nümayəndələri söz verdilər ki, bir daha belə münaqişəyə yol verməyəcəklər.
Göründüyü kimi Ərazi nümayəndəliyinə vətəndaşlar tərəfindən daxil olan hər bir müraciət həmişə tərəfimizdən diqqətlə araşdırılmış və müsbət həll olunmasından ötəri fəallıq göstərilmişdir. Bir məsələni də qeyd etmək istəyirəm. Ərazidə baş verən hər hansı bir hadisə barədə tərəfimizdən İcra Hakimiyyətinə məlumat verilir.
Ancaq elə hadisələr bəzən baş verir ki, vətəndaş ərazi nümayəndəsinə və ya bələdiyyəyə məlumat vermədən digər yuxarı təşkilatlara və ya 101, 102, 103 xidmətinə və digər xidmətlərin qaynar nömrələrinə müraciət edirlər.
Nəticədə ərazi nümayəndəsi həmən hadisədən xəbərsiz olur. Xahiş edərdik ki, ərazidə baş vermiş hər hansı hadisə barədə ilk növbədə ərazi nümayəndəsinə və ya bələdiyyə sədrinə məlumat verilsin.
“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərindən biri də ərazidə fəaliyyət göstərən seçki məntəqələrinin fəaliyyətinə qanun çərçivəsində köməklik göstərməkdir. Ərazimizdə 69 və 70 saylı seçki məntəqələri fəaliyyət göstərir. Hesabat ilində seçicilər siyahısının dürüstləşdirilməsi, seçki məntəqələrinin texniki avadanlıqla təchiz edilməsi, seçki lövhələrinin hazırlanıb yerlərinin müəyyən edilməsi həmişə ərazi nümayəndəsinin diqqət mərkəzində olmuşdur. Ərazidə Parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün qanun çərçivəsində bütün şərait yaradılmışdır. Bunun nəticəsidir ki, 1 noyabr 2015-ci il parlament seçkiləri heç bir qanun pozuntusu qeydə alınmadan yüksək səviyyədə keçirildi Hörmətli Yığıncaq iştirakçıları! 1991-1994-cü illərdə Erməni faşistləri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları hələ də işğal altındadır. Torpaqlarımızın işğaldan azad olunması barədə əldə edilmiş Beynəlxalq qətnamələrin icrası nəticəsiz qalmışdır. Hər gün erməni quldurları atəşkəsi pozur, dinc əhalimizi gülləbaran edirlər.
Düzdür qəhrəman əsgərlərimiz layiqincə onları susdurur və düşmənə ağır zərbələr vururlar. Ancaq bizim dövlətimiz çalışır ki, bu münaqişə sülh yolu ilə həll olunsun.
Bununla paralel olaraq ölkə başçısı ölkənin hərbi qüdrətinin daim artırılmasını diqqət mərkəzində saxlayır. Burada bizim hər birimizin də boynuna müəyyən öhdəlik düşür.
Məktəbdə gənc yeniyetmələrlə hərbi vətənpərvərlik mövzusunda sənədli filmlərə baxış keçirilməlidir. İşğal altında olan torpaqlarımızın sülh danışıqları ilə azad olunmayacağı təqdirdə hərbi yolla mübarizəyə hazır olmalıyıq. Çünki beynəlxalq Qanun bizə bu hüququ verir. Məlumat üçün bildirim ki, əvvəlki illərdən fərqli olaraq ərazidə gənclərin hərbi xidmətə hazırlanması və yola salınması yüksək səviyyədədir. Gənclərimiz indi hərbi xidmətə sevinclə gedirlər. Əminik ki, bu vacib və əhəmiyyətli iş bundan sonra da yüksək səviyyədə davam etdiriləcəkdir.
Ərazimizdə bir tam orta məktəb fəaliyyət göstərir. Yeyənkənd tam orta məktəbində 494 şagird təhsil alır, bunların 266 nəfərini oğlanlar, 228 nəfərini isə qızlar təşkil edir. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 37 nəfər müəllim məşğul olur ki, bunların da 22 nəfəri ali, 15 nəfəri isə orta ixtisas təhsillidir. Müəllimlərin 23 nəfəri kişi, 14 nəfərini isə qadınlar təşkil edir. Yeyənkənd orta məktəbində 25 sinif vardır. Məktəbin I-IX-sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da. X-XI-sinif şagirdlərinin xüsusilə yuxarı sinifdə oxuyan qızların dərsə davamiyyətində çatışmamazlıqlar hələdə vardır. Çünki bu işdə məktəb rəhbəri və sinif rəhbərləri ilə yanaşı hörmətli valideynlərin də günahı az deyildir. Belə ki, valideynlər nəinki yuxarı sinifdə oxuyan qızlarını dərsə göndərirlər, əksinə qızları azyaşlı olduğu halda nişanlayırlar və beləliklə də onları, məktəbdən yayındırırlar. Bu isə qəbuledilməzdir.
Ümidvarıq ki, azyaşlı qızların ərə verilməsi nəticəsində törədə biləcəyi fəsadların ağır nəticələrini nəzərə alaraq hörmətli valideynlərimiz belə addımların atılmasından çəkinəcəklər. Məlumat vermək istəyirəm ki, bu işdə Rayon rəhbərliyi ilə yanaşı ərazi nümayəndəliyi də barışmaz mövqedədir. Bu istiqamətdə ərazi nümayəndəliyinin barışmaz mövqeyinin nəticəsidir ki, son zamanlar ərazimizdə az yaşlı qızların nişanlanması hallarına rast gəlinsə də ərə verilməsi qeydə alınmamışdır. Sadaladığımız nöqsanlarla yanaşı məktəbin uğurları da az deyildir.
Belə ki, hesabat ilində məktəbin məzunlarından 6 nəfəri Respublikanın ali məktəblərinə, 4 nəfəri isə orta ixtisas məktəblərinə, 2 nəfər peşə məktəblərinə qəbul olunmuşdur. Hal-hazırda onlar müvəffəqiyyətlə öz təhsillərini davam etdirirlər. Bildiyiniz kimi ərazimizin əhalisinin sağlamlığı ilə iki tibb ocağı məşğul olur.
Yeyənkənd həkim məntəqəsi və Xəlfələr feldşer-mama məntəqəsi. Hər iki tibb ocağında 6 nəfər tibb işçisi çalışır ki, bunların da 2 nəfəri ali, 1 nəfəri orta ixtisas və 3 nəfər isə orta tibb işçisidir.
Ümumilikdə bütün tibb işçiləri qarşılarına qoyulan vəzifələrin öhdəsindən layiqincə gələrək xəstələri vaxtı-vaxtında dispanser uçotun və profilaktiki tədbirlər aparır, məktəblilərin sağlamlığını yoxlayır, yoluxucu xəstəliklərin vaxtında aşkar olunmasını təmin edir, qarşısının alınması üçün təsirli tədbirlər görürlər. Xüsusilə gənc analarla mütəmadi müayinələr aparırlar, onlara elmi məsləhətlər verirlər. Bunun nəticəsidir ki, ərazidə uşaq ölümü minimuma enmişdir. Lakin tibb ocağında həlli vacib olan məsələlər də yox deyildir. Belə ki, hər iki tibb ocağının özünün uzun illər müstəqil binası olmamışdır, müvəqqəti olaraq uyğunlaşdırılmış binada yerləşirlər.
Məlumat üçün bildirirəm ki, son illər Yeyənkənd həkim məntəqəsi üçün yeni binanın tikilməsinə böyük ehtiyac və zərurət yaranmışdı. Ərazi nümayəndəsinin və bələdiyyənin təşəbbüsü, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi xətti ilə Yeyənkənd həkim məntəqəsi üçün bina tikilmiş və hazırda da son tamamlama işləri aparılır.
Bina hazır olan kimi həkim məntəqəsi tezliklə avadanlıqla təchiz olunacaq və maddi bazası möhkəmləndiriləcək. Aydın məsələdir ki, tibb ocağı üçün tikilmiş yeni binanın istifadəsindən sonra ərazidəki, tibbi xidmətinə də öz müsbət təsirini göstərəcəkdir. Ümid edirik ki, bundan sonra əhalimizə göstərilən tibbi xidmətinin səviyyəsi daha da yüksələcək. Ərazimizdə belə gözəl və müasir tələblərə cavab verən yaraşıqlı həkim məntəqəsi üçün yeni binanın tikildiyinə görə ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, ərazimizin inkişafına daim diqqət və qayğı göstərən hörmətli, cənab başçı Rafil Hüseynova ərazinin ictimaiyyəti adından öz dərin minnətdarlığımızı bildiririk.
Ərazidə qanunçuluğun qorunması, oğurluq və ağ ölümün qarşısının alınması istiqamətində də xeyli iş görülmüşdür. Əhali arasında cinayətkarlığı törədən səbəblər və onların qarşısının alınması üçün geniş izahat işləri aparılır. Ərazidə hüquq mühafizə orqanlarının əməkdaşlarının mühazirələri təşkil edilir. Məlumat üçün bildirim ki, 2015-ci ilin iyul ayında ərazimizdə naməlum şəxslər tərəfindən oğurluğa cəhd halları olmuşdu. Dərhal polislə əlaqə yaratdıq. Polislə bərabər ərazinin fəalları da gecə-gündüz növbələr çəkir, əraziyə girişi və çıxışı daim nəzarətdə saxlayırdılar. Kənd camaatının narahatçılığını nəzərə alaraq Rayon polis şöbəsinin rəisi ilə ərazidə görüş keçirildi. Bunun nəticəsidir ki, ərazidə cinayətkarlıq minimum həddə enmişdir. Çalışacağıq ki, bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirək.
Qeyd edim ki, ərazidə köhnəlmiş, hətta çürümüş elektrik dirəkləri çoxdur. Tezliklə dəyişdirilməsinə ehtiyac vardır. Ərazi nümayəndəliyi istismar müddətini keçmiş elektrik avadanlıqlarının dəyişdirilməsi barədə məsələ qaldırmışdır və təbii ki, bu məsələ qısa zamanda öz həllini tapacaqdır.
Ərazi nümayəndəliyini narahat edən məsələlərdən biri də istifadə edilən elektrik enerjisinin haqqının tam ödənilməməsidir. Bu da təbii ki, açılmalara səbəb olur. Məlumat üçün bildirim ki, istifadə edilən elektrik enerjisinin haqqı yalnız yerli poçt şöbələrinə ödənilməlidir. Müasir həyatımızın əsas hissəsinə çevrilmiş rabitə, informasiya və internet sahəsi ərazimizdə yaxşı təşkil edilmiş, elm və texnikanın son nəaliyyətlərinə əsaslanan müasir texniki avadanlıqlarla təchiz edilmişdir. Yeyənkənd EATS-i 717 abonentə rabitə xidməti göstərir. İstər rabitə, istərsə də internet sahəsində narahatlıqlar da vardır. Belə ki, əhalimiz bəzən rabitə və internet abunə haqlarını vaxtında ödəmirlər və bu da haqlı olaraq açılmalara səbəb olur. Yaxşı olardı ki, hər bir abunəçi abunə haqlarını vaxtında ödəsinlər.
Ərazidə iki kitabxana fəaliyyət göstərir: Abasbəyli və Xəlfələr kitabxanaları. Hər iki kitabxananın binası yoxdur, müvəqqəti olaraq uyğunlaşdırılmış binada yerləşirlər. Kitabxanaların fəaliyyəti formal xarakter daşıyır. Oxucu kütləsi yoxdur. Kitabxanalarda oxucuları maraqlandıran tədbirlər keçirilmir. Kitab müzakirələri, disputların keçirilməsi zəifdir, demək olar ki, yox dərəcəsindədir. Ərazidə fəaliyyət göstərən klubda da görülən işlər qənaətbəxş deyildir. Hesabat ilində klubda bir sıra tədbirlər keçirilsə də, Klubun binası köhnə olduğu üçün bu tədbirlər müasir tələblərə cavab vermir.
Qarşıda çoxlu vəzifələr və görüləsi işlərimiz vardır. Cari ildə yolların əsaslı təmirinin başa çatdırılmasına, ərazinin Xəlfələr kəndinin qazlaşdırılmasına, köhnə, çürümüş elektrik və telefon dirəklərinin dəyişdirilməsinə nail olmaq, kanalların təmizlənməsini mütəmadi davam etdirmək, ərazinin daim yaşıllaşdırılması qayğısına qalmaq və bu kimi digər abadlıq quruculuq işlərinin yerinə yetirilməsini təmin edəcəyik .
Mən bir ərazi nümayəndəsi kimi, həmişə mənə göstərilən etimadı doğrultmağa çalışmışam. Bundan sonra da sizi əmin edirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının, Masallı rayon İcra hakimiyyəti Başçısı Cənab Rafil Hüseynovun tutduqları siyasi xəttə sadiq qalacaq, ərazinin sosial - iqtisadi inkişafını uğurla davam etdirəcək, əhalimizin firavan həyat səviyyəsinin yüksəldilməsi, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına çalışacağam.