MASALLI — tarixlə müasirliyin qovuşduğu diyar
Xalq qezeti
08.02.2016
Masallı rayonu Bakı - Astara yolunun 232-ci kilometrliyində – Lənkəran ovalığında yerləşir. Buranın iqlimi yayda mülayim-isti və quraq, qışda isə mülayim və yağıntılı keçir.Yayda bəzi dövrlərdə temperatur 40 dərəcəyədək isti, qışda ən soyuq hava mənfi 10 dərəcəyədək olur. Rayon Lənkəran, Lerik, Yardımlı, Cəlilabad və Neftçala rayonları ilə həmsərhəddir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur.
Masallı rayon olaraq 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Hazırda rayonun tərkibinə107 kənd, bir qəsəbə və bir şəhər daxildir. Əhalisi 183,5 min nəfərdir. Masallıda tarixən əkinçilik, çayçılıq, tərəvəzçilik, qismən də maldarlıqla məşğul olublar. Mənbə və ədəbiyyatda Masallının ipək təsərrüfatı, ucsuz-bucaqsız tut bağları haqqında da məlumatlar vardır.
“Masallı” toponimi haqqında
Masallının yaşayış məntəqəsi kimi yaranma tarixi XI - XII əsrlərə aid edilsə də, onun adına ilk dəfə XIX əsr mənbələrində rast gəlinir. “Masallı” toponiminin mənşəyi haqqında bir neçə mülahizə mövcuddur. Bir sıra müəlliflər onu guya, buranın camaatı söhbət əsnasında çoxlu məsəl çəkərək danışdığına görə “məsəlli yer” kimi izah edirlər. Bəzi müəlliflər isə hətta bu toponimi İraqdakı “Mosul” şəhərinin adı ilə bağlayırlar (Masallı - Mosullu. Yəni Mosuldan köçüb gələnlərin yeri). Bundan başqa, sözügedən toponimi nəvaxtsa burada yaşamış Masal bəy adlı birinin adına bağlayanlar da var.
Biz isə bu mülahizələrin heç birinin üzərinə kölgə salmadan demək istəyirik ki, toponimləri izah edərkən təkcə sözün “şəklini”, başqa toponimlərlə zahiri oxşarlıqlarını nəzərə almaq azdır. Toponimləri açarkən, ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat fəaliyyətinin formaları, tarixi-siyasi proseslərin xarakteri, müxtəlif dövrlərdə baş vermiş miqrasiyalar və digər məsələlər də araşdırılmalıdır. Bu baxımdan “Masallı” toponiminin də daha dərin elmi tədqiqata ehtiyacı var və fikrimizcə, aşağıdakı deyəcəklərimiz bu məsələlərə müəyyən qədər işıq sala bilər.
Böyük Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanovun “Gülüstani - İrəm” (1841), Mirzə Səyidəli Kazımbəyoğlunun “Cəvahirnameyi Lənkəran” (1869), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbarnamə” (1883) əsərlərində, həmçinin, bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində və qeydlərində Azərbaycanın digər şəhər və bölgələri ilə bərabər, Masallı haqqında da qiymətli məlumatlar əksini tapmışdır. Məsələn, “Cəvahirnameyi-Lənkəran” əsərinin bir neçə yerində bir zamanlar Talış xanlığının Dəştvənd mahalına (Çar hakimiyyəti dönəmində Lənkəran qəzasına), hazırda isə Masallı rayonunun tərkibinə daxil olan bir neçə yaşayış məntəqəsinin (Ərkivan, Siqdəşt, Çaxırlı və s.), o cümlədən, “Masallı” adlı kəndin adı çəkilir. Əsərdə, həmçinin, hazırda İranın Gilan vilayətinə daxil olan “Masal” bölgəsi haqqında da məlumat verilir. Bu barədə “Cəvahirnameyi-Lənkəran”dan oxuyuruq: “...Masal” İranda Talış şəhristanının Masal-Şandermen rayonlarından biridir. Masal rayonu şimaldan Şadermen, cənubdan Fümənin Taniyan bölüyü, şərqdən Kəsgər, qərbdən Xalxal ilə Talış arasındakı silsilə dağlarla hüdudlanır. Bu rayonun şərqi çöllük, qərb hissəsi isə dağlıqdır”.
“Əxbərnamə” müəllifi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu isə Ərkivan və Dəştvənd mahallarını ayrı-ayrı mahallar kimi təqdim edir və göstərir ki, Dəştvənd şimaldan və şimal-qərbdən Şirvan vilayəti, Şərqdən Xəzər dənizi, cənubdan Lənkəran və Dirığ mahalları (hazırda Lerik rayonu ərazisinə daxildir), Qərbdən Səbidəşt mahalı (hazırda Yardımlı rayonu ərazisinə daxildir) və İranla həmsərhəddir.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində tarixi Azərbaycan ərazilərində baş verən siyasi prosesləri, xanlıqlar arasındakı gərgin münasibətləri, həmçinin, fasilələrlə davam edən rus-İran müharibələrini nəzərə alsaq, “Cəvahirnameyi-Lənkəran” müəllifinin adını çəkdiyi Masallı kəndinin Gilan vilayətindəki Masal bölgəsindən köçüb gəlmiş əhali tərəfindən salındığını güman etmək olar.
Bundan başqa, hesab edirik ki, “Masallı” toponimini izah edərkən “Musalı” və Cənubi Azərbaycanda mövcud olan “Əsalem” (və ya “Asalem”. İran Talışında bölgə) kimi coğrafi adlara da diqqət yetirmək faydalı olar.
Tarix nə deyir?
Masallının tarixi qədimdir. Burada aparılan arxeloji qazıntıların nəticələri ərazidə insanların 15-20 min il əvvəldən yaşamağa başladığını təsdiq edir. Məsələn, Ərkivan ərazisində ibtidai icma dövrünə aid zəngin maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Xüsusilə ərazisinin Viləş çayı terraslarından tapılmış əmək alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların üst paleolit dövrünə aid olduğunu söyləmək olar.
XIX əsrin axırlarında Morqan qardaşları da Lənkəran və Masallı rayonları ərazisində arxeoloji qazıntı işləri aparmış, müxtəlif abidələrdən aşkar etdikləri zəngin dəfinələri və başqa maddi mədəniyyət nümunələrini özləri ilə Fransaya aparmışlar. Onlar hazırda Fransanın Sen-Jermen muzeyində saxlanılır.
Bundan başqa, ötən əsrin 70-80-ci, 2004-2007-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Masallı ərazisində Eneolit və Tunc dövrlərinə aid “Qala təpə”, “Balaca təpə”, “Nadir təpə”, “Qaratikan təpə”, “Yekə təpə” kurqanlarında, o cümlədən, orta əsrlərə aid qəbiristanlıqlarda arxeoloji qazıntı işləri aparılmışdır. Ərkivan qalası adlanan ərazidə tapılan antik və orta əsrlərə aid saxsı qab nümunələrinə əsasən qalanın V-VI əsrlərdə inşa edildiyini söyləmək olar. Qalanın yaxınlığında qədim şəhər yerinin xarabalıqları da aşkar edilmişdir.
Masallı ərazisindəki qədim qalalardan biri də Çaxırlı kəndi ərazisindədir. Bu qala haqqında nisbətən ətraflı məlumata XIX əsr müəllifi Səyid Əli Kazımbəyoğlunun “Cəvahirnameyi Lənkəran” əsərində (1869-cu il) rast gəlinir.
Səyid Əli Kazımbəyoğlu “Cəvahirnameyi-Lənkəran” əsərində Dəştvənd mahalı adlanan Masallı bölgəsinin əhalisi və təsərrüfatı haqqında da geniş məlumat verir. Əsərdən oxuyuruq: “...Dəştvənd mahalı ki, bəzi hallarda ona Ərkivan da deyirlər, xalqı şiə məzhəbli, qəyyur, vuruşan və döyüşdə qorxmazdır. Adlı-sanlı süvarilər o diyarda çoxdur. Burada düyü, buğda və digər taxıl növləri, eləcə də, küncüd, lobya, pambıq, noxud, qarğıdalı, çay, yemiş, qarpız və qeyriləri boldur. Viləş çayı buradan axır, bütün tarlalar suvarılır və bu çayın hesabına çoxlu dəyirmanlar işləyir. Buranın aşağı hissəsi Xəzər dənizinin sahilində yerləşən Qızılağac, Qadirlu, Yeddi Oymaq və digər kəndlərdir. Torpağın gücü o dərəcədədir ki, qış fəslində tarlalarda yük heyvanları otlasa, yaz mövsümü üçün bərpa olunmaz və məhsul zay olar. Ərazinin geniş olması inək, camış, qoyun və at saxlamağa imkan yaradır. Lakin Rusiyanın ayrı-ayrı yerlərindən bura köçmüş malakan, subbotnik və yəhudilərin hücumları nəticəsində yerli əhalinin güzəranı pozulmuş, həyatları ağır vəziyyətə düşmüşdür. Torpaq sahələri dolanmaq üçün kifayət deyil. Bu yerlərdə yaz fəslində süd verən mal-qaranın gündə üç dəfə sağılması çəmənliklərin, otlaqların nə dərəcədə qüvvətli olduğundan xəbər verir. Dağlıq yerlərin adətinə görə, heyvanı gündə iki dəfə, yəni səhər və axşam vaxtı sağarlar. Lakin buradakı mal-qaranın günorta zamanı da döşləri südlə dolduğundan, onlar çöldə tab gətirməyib, yiyəsinin evinə qaçar, sahibləri onları həyacan içində yenidən sağıb, yenidən çölə qaytararlar.
İpəkçilik də burada yaxşı məhsul verir. Amma tut bağlarını salan azdır, çünki onlardan alınan mənfəət mal-qaranın verdiyi faydadan aşağıdır. Burada boyaq bitkisi (marena) da yaxşı olur. Bir rus məmuru onun üçün bir əkin sahəsi ayırmış və məhsul almışdır. Onun əkdiyi bitki Dərbənd növündəndir. Amma bu diyarın əhalisi ərazinin və qüvvənin azlığından bu bitkinin yetişdirilməsində maraqlı deyil. Sadəcə olaraq, yabanı halda murdabların qıraqlarında bitməsi onun yaxşı məhsul verəcəyinə bir işarədir...".
Təbiət möcüzələri muzeyi
Bəli, Masallını obrazlı şəkildə bu cür də adlandırmaq olar. Qalın meşələr, zümrüd bulaqlar, həzin laylay çalan şəlalələr, ucsuz-bucaqsız əkin-biçin sahələri, bağlar-bağçalar, abad yollar, rayon mərkəzindən az fərqlənən kəndlər və s. sadəcə göz oxşayır. Lakin Masallıdan danışanda, Masallının adı çəkiləndə ilk növbədə İstisu yada düşür. Təkcə Masallını deyil, bütün Azərbaycanı şöhrətləndirən ecazkar Masallı İstisuyu. Rayon mərkəzindən 12 km aralıda yerləşən və təbiətin təkrarolunmaz neməti olan bu möcüzəli su çox dərdlərin və xəstəliklərin - yel, oynaq əzələ, əsəb sistemi, dəri, habelə mədə-bağırsaq və qadın xəstəliklərinin əvəzsiz loğmanıdır. Burada ötən əsrin 60-cı illərində yaradılan müalicə-istirahət zonası 2007-ci ildə sanatoriya statusu qazanıb. Müalicə prosesi mineral su vannalarında aparılır və müştərilərin rahatlığı üçün burada hər bir şərait yaradılmışdır. Bundan başqa meşələri ilin bütün fəsillərində insanlara gözəllik və xoş əhval-ruhiyyə bəxş edir.
İstusu ərazisində qaynar çeşmələrlə yanaşı, bumbuz kükürdlü su mənbələri də vardır. Bu suyu dərman kimi stəkanlara doldurur və dadını hiss etməmək üçün birnəfəsə içirlər. Təsadüfi deyil ki, buradakı bulaqların üzərində tez-tez “böyrək suyu” və “mədə suyu” sözlərinə də rast gəlmək olur. Bu suların mədə yarası və böyrək ağrılarını sağaltdığı söylənilir.
İstisu və onun ətrafı yay aylarında xüsusilə insanların ən çox baş çəkdiyi, istirahət etdiyi bir məkana çevrilir.
Bundan başqa, respublikamızın ən böyük və zəngin qoruqlarından biri olan olan Qızılağac qoruğu da Masallı ərazisindədir. Qızılağac körfəzi və “Pirman” adlanan sahələrdə yerləşən qoruqda Azərbaycan faunasının və adları “Qırmızı kitab”a düşən çoxlu sayda quşlar və heyvanlar vardır. Dünyada nadir ağaclardan sayılan “Qızılağac” ağacı (el arasında ona Razdar da deyilir) da Masallının nadir təbiət abidələrindəndir.
Sözlü-nəğməli diyar
Masallı özünün zəngin folklor ənənələri ilə də məşhurdur. Təsadüfi deyil ki, 2012-ci ildə bu şəhər Azərbaycanın Folklor paytaxtı seçilmiş, eyni zamanda, dəfələrlə respublika və beynəlxalq folklor festivallarına ev sahibliyi etmişdir. Bu festivallarda dünyanın 12-dən artıq ölkəsinin folklor kollektivləri təşrif buyurmuşdur.
Qeyd etmək vacibdir ki, Masallının tez-tez folklor festivallarının mərkəzi seçilməsi, burada müxtəlif xalq yaradıcılığı tədbirlərinin keçirilməsi heç də təsadüfi deyil. Çünki bu diyarda sinəsi, qəlbi sazlı-sözlü, nəğməli, məsəlli-misallı nənələrimiz, babalarımız, sənət adamlarımız kifayət qədərdir. Ən əsası isə Masallıda “Halay” folklor ansamblı kimi dünyaca məşhur bir folklor kollektivi - mahnı və rəqs ansamblı var. Milli folklorumuzun təkrarolunmaz örnəklərini bir daha yaddaşlara qaytarıb yaşadan “Halay” xalq kollektivi nəinki respublikamızda, onun hüdudlarından kənarda da yaxşı tanınır. Kollektiv 1957-ci ildə həvəskar mədəniyyət işçisi, mərasim və əmək nəğmələrinin mahir bilicisi Ümbülbanu Cəbiyeva tərəfindən Mahmudavar kəndində yaradılıb və ilk vaxtlarda cəmi 3 qızdan ibarət olan bu kollektiv artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir. Hazırda “Halay” gənclər və veteranlar olmaqla 2 kollektivdən ibarətdir və 40 dan artıq üzvü vardır. Kollektiv dəfələrlə xarici ölkələrdə - Macarıstan, İraq, Türkiyə, Rusiya və s. ölkələrdə qastrol səfərlərində olub.
Masallı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə xanım Mövsümovanın biləvasitə rəhbərliyi altında fəaliyyət göstərən “Halay”ın repertuarının əsasını xalq mahnı və rəqsləri təşkil edir. Az qala unudulmuş, yaddan çıxmış neçə-neçə qədim xalq nəğmələri “Halay”ın timsalında yeni həyat, yeni nəfəs qazanmışdır. Çəkilən zəhmət isə hədər getməmişdir. Həvəskar qızlardan ibarət qrup “xalq kollektivi” adına layiq görülmüşdür.
“Halay”dan başqa rayonun Şərəfə kəndində “Həcər” folklor ansamblı və daha 5 rəqs kollektivi də var ki, onları da tez-tez el şənliklərinə, rayon və respublika səviyyəli dövlət tədbirlərinə dəvət edirlər.
Masallı Xalq Teatrının fəaliyyəti də diqqətə layiqdir. 22-dən artıq üzvü olan bu kollektiv 1979-cu ildə yaradılmışdır. Onun repertuarında əsrlərlə yaşı olan bir çox oyun və tamaşalarla bərabər, günümüzün çox aktual mövzuları - Qarabağ müharibəsi, işğal edlimiş Vətən torpaqları, şəhidlərimiz və s. də mühüm yer tutur.
Hişkədərə – quru dərə
Masallının öz təbiəti və tarixi ilə diqqət çəkən kəndləri də vardır ki, onlardan biri Hişkədərədir (Hışk - quru, dərə - dərə. Yəni Quru dərə). Hişkədərə mübaliğəsiz olaraq Masallının “güzgüsü” sayıla bilər; ən azı ona görə ki, 1952-ci ildən fəaliyyət göstərən Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi məhz bu kənddədir. Elə buna görə də biz Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılovun müşayiəti ilə ilk növbədə həmin kəndə getdik. Burada bizi muzeyin direktoru Əntiqə Tağıyeva qarşıladı.
Əntiqə xanım məlumat verdi ki, muzey bu kəndin tanınmış ziyalısı, Əməkdar müəllim, hazırda adı verilmiş Rəhim Tağıyevin şəxsi təşəbbüsü və misilsiz əməyi ilə yaradılıb. 15 il ictimai əsaslarla - Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət göstərdikdən sonra muzey üçün 1975-ci ildə ayrıca bina tikilmişdir. Məktəb muzeyində olan eksponatlar həmin binaya köçürülmüş və bundan sonra muzey artıq ölkəşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirmişdir.
Nazirlər Kabinetinin 13.08. 1977-ci il 283 saylı qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16.09.77-ci il 299 saylı əmri ilə muzey dövlət statusu almış və Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən muzey onu yaradanının - Rəhim Tağıyevin adını daşıyır.
Hazırda Hişkədərə Tarix-Diyarşünaslıq Muzeyi xeyli böyümüş və onun palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanıb. Müxtəlif illərdə rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerlərindən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur.
Əntiqə xanım muzeyin fəaliyyətindən ürəkdolusu danışır. Elə bizimlə söhbət əsnasında bura axın-axın insan gəldiyinin şahidi oluruq.
– Nə çox qonağınız var, maşallah!
– Həmişə belədir. Allaha şükür, qonaq sarıdan şikayətimiz yoxdur. İlin bütün aylarında ölkəmizin müxtəlif yerlərindən, o cümlədən, xaricdən gəlmiş qonaqlar Hişkədərə muzeyini ziyarətə gəlirlər.
Hazırda Masallı şəhərinin mərkəzində Tarix-Diyarşünaslıq Muzeyi üçün daha geniş, ən müasir tələblərə cavab verən yeni bina tikilir. Binanın bu il istifadəyə veriləcəyi gözlənilir.
Masallı ərazisi abidələrlə də zəngindir. Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə, rayon ərazisində 51 tarixi və memarlıq, 70 arxeloji abidə qeydə alınmışdır. Onların arasında XIV əsrə aid Hişkədərə kəndindəki Nəzirə Xanım türbəsini, III - IX əsrlərə aid Mahmudavar kəndindəki arxeoloji abidəni, IX - X əsrlərə aid Ərkivan qalasını; Qarğalıq ərazisindəki Orta əsrlər Şəhriyar yaşayış yerini, XIX əsrə aid Masallı şəhər Cümə məscidini, Boradigah məscidini, Qızılavar məscidini, Şərəfə kəndindəki məscidi və hamamı, Masallı şəhərindəki hamamı, Güllütəpə kəndindəki Əmir türbəsini, Boradigah Cümə Məscidini, Ərkivan kəndindəki Mehti bulağını, Sığdaş kəndindəki Mirsəli ocağını, Mahmudavar kəndindəki XVI əsrə aid Baba Seyidağa türbəsini, yenə də XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiqurlarını, Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə tunc dövrü kurqanlarını, Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə tunc və dəmir dövrü kurqanlarını, o cümlədən, Mir Seyid Sadiq Ağa məqbərəsini, Ninalov kəndindəki Səhhət qalasını, Ərkivan kəndində Şəhsəfi (Şeyx Səfi) bulağını və s. misal göstərmək olar. Bu abidələrin hər biri Masallının yaxın-uzaq keçmişi, buranın əhalisinin zəngin məişət və mədəniyyəti, təsərrüfat fəaliyyəti haqqında zəngin bir mənbə kimi çıxış edir.
Lakin rayon ərazisində hələ qeydə alınmamış çoxlu sayda arxeoloji və tarixi-memarlıq abidələri də vardır. XIX-XX əsrin əvvəllərinə aid qədim evləri, mülkləri, yararlı və artıq sıradan çıxmış su dəyirmanlarını, yaşı minllərlə ölçülən və insanların ibtidai inancları ilə səsləşən daş və ağac pirlərini də bura əlavə etsək, böyük bir siyahı alınar.
Xalq sənəti və sənətkarları
Masallı həm də Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən biridir. Tarixən burada ənənəvi sənətkarlğın ən müxtəlif sahələri inkişaf edib ki, onların da bir çoxu əsrləri adlayaraq günümüzdə də yaşamaqda davam edir. Belə ki, rayonun Qodman və Qəriblər kəndləri ağac sənətkarlığı, Musakücə və Şatıroba həsirçilik, Boradigah papaqçılıq, Ərkivan isə sandıqçılıq və dulusçuluq sənətkarlığı ilə bütün ölkədə məşhurdur. Biz də elə bu xalq sənəti növləri ilə daha yaxından tanış olmaq, onları yaşadan insanların işlərini gözümüzlə görmək məqsədilə həmin kəndlərə üz tutduq.
İlk olaraq Ərkivanda hamının tanıdığı və hörmət etdiyi sandıq ustası Şərafət Əzizovun evinə gəldik. Qapıda bizi elə ustanın özü qarşıladı və çay süfrəsinə dəvət etdi. Şərafət usta bu nəcib sənətin keçmişindən, indiki vəziyyətindən ürək dolusu danışaraq, sandıqçılığın onlarda nəsildən nəsilə keçən bir sənət olduğunu qeyd etdi.
— Keçmişdə sandıq ustaları çox olub. Çünkü tələbat da çox idi. İndi təlabat azalsa da, gəlin cehizlərinin içində sandığın da olmasını istəyənlər var. Çünkü sandıq dədə-babadan xoşbəxtlik rəmzi, gəlinin ən qiymətli bəzək və geyimlərini saxlamaq üçün ən vacib aksesuar sayılıb.
Şərafət usta daha sonra qeyd etdi ki, keçmişdə xonça təsvirli sandıqlar dəbdə olubsa, indi yeni dövrün tələblərinə uyğun sandıqlar sifariş edirlər. Azərbaycanın dövlət rəmzlərinin (bayraq və gerb) əks olunduğu sandıqların müştərisi daha çoxdur. Seyf formalı, musiqili və işıqları yanıb-sönən sandıqlar və mücrülər də düzəldirik. Qiymətlər də ki, münasibdir. Yəni ölçüsündən asılı olaraq 20-100 manat arasında dəyişir.
Biz Şərafət ustanın emalatxanası və iş şəraiti ilə tanış olduqdan sonra elə bu qəsəbədə fəaliyyət göstərən dulus ustası Cəsarət Nuriyevin iş yerinə yollandıq. Yol kənarında yerləşən emalatxananın həyətini Şərafət ustanın əl işləri bəzəyirdi. Müxtəlif ölçülü, formalı və təyinatlı dulus məmulatı bir anlığa insanı keçmişə aparır, ulu babalarımızın sehirli əllərinin nəyə qadir olduğunu əyani şəkildə göstərirdi.
Şərafət usta dulusçuluğun texnoloji əsasları haqqında bir az məlumat verdikdən sonra, dulus istehsalı prosesini əyani şəkildə nümayiş etdirdi.
– Dulus istehsalı çətin və çoxmərhələlidir. Bu iş dulus gilinin tədarük edilməsi ilə başlanır. Gil isladılır və bir gün qaldıqdan sonra taya şəklinə salınır. 3-4 dəfə ayaqla tapdandıqdan sonra xammal hazır vəziyyətə gətirilir. Sonra gil hissə-hissə kəsilir və dulus stolunun üstünə qoyuluraq hazırlanacaq qabın formasına uyğun kündələnir. Dulus çarxında formalaşdırıldıqdan sonra naxışalanan məmulat sonda dulus kürəsində bişirilir. Bu zaman qələm, daraq, qamış kimi alətlərdən istifadə olunur.
– Müştəri sarıdan korluq çəkmirik. Amma etiraf edək ki, tələbat azalıb. Yaxın keçmişə qədər təkcə Ərkivanda 10-15 dulusçuluq sexi var idi. İndi cəmi 4 sex qalıb. Biz ancaq ona çalışırıq ki, bu sənət yaşasın, ölməsin, unudulmasın. Qazanc ikinci dərəcəli məsələdir...
– Halal olsun usta! Əliniz-qolunuz var olsun, – deyib Şərafət ustadan ayrıldıq. Yolumuz Musaküçə kəndinədir. Bu kənd haqqında təkcə onu demək kifayətdir ki, sovet dönəmində oradan 4 Sosialist Əməyi Qəhrəmanı və bir neçə nəfər Lenin ordeni laureatı çıxıb. Kənd keçmişdə həm də həsirçilik sənətinin mərkəzlərindən olub. İndi burada həmin sənəti yaşadan çox az adam qalıb ki, onlardan biri də Fərzəliyevlər ailəsidir. Biz də Masallının, bütövlükdə cənub bölgəsinin simvoluna çevrilmiş bu sənətlə daha yaxından tanış olmaq üçün Güloğlan və Rəisə Fərzəliyevlərin evinə gedirik.
Güloğlan dayı həsirçilik sənətindən, onun xammalından, texnologiyasından, keçmiş və müasir vəziyyətindən o ki var, danışdı. Məlum oldu ki, həsir istehsalı üçün lazım olan xammal - pizə (lığ, dala) aprel-may aylarında su hövzələrindən biçilib gətirilir və 3-4 gün Günəş altında qurudulur. Toxuma prosesində istifadə olunan lığ, dala 2 cür olur: bir qismindən təsərrüfat ehtiyacları üçün, digərindən isə ev həsirləri üçün istifadə olunur. Bundan başqa, lığdan ip - kəndir də hazırlayırlar.
Keçmişdə həsirin istifadə arealı çox geniş olub. Ondan evlərin döşəməsinin və divarların örtülməsində (nəmin qarşısını alır), kosara düzəldib taxılın, çəltiyin qorunmasında geniş istifadə edilib. Bəzən eyvanı külək tutmasın deyə, həsirlə dövrələyirdilər. Güloğlan usta qeyd etdi ki, lığ və daladan Kolatan və Şatıroba kəndlərində papaq, zənbil də hazırlayırlar. Amma, təəssüf ki, bu gün həsirə tələbat azalıb. Bu səbəbdən də qiyməti də düşüb. Amma bu sənət dədə-baba sənəti olduğundan onu buraxmaq fikrində deyilik.
Masallı qəhrəmanları
Masallılar Böyük Vətən müharibəsində, Azərbaycanın azadlığı və müstəqilliyi, o cümlədən Qarabağ uğrunda gedən döyüşlərdə də fəal iştirak ediblər. Rayon statistika idarəsindən aldığımız məlumata görə, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinə getmiş 10 914 nəfər Masallı sakinindən 4 248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu həlak olub. I Qarabağ müharibəsində isə 5 min nəfərə yaxın Masallı sakini vuruşub ki, onlardan da 50 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu isə yaralanıb. 4 nəfər - Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 3 nəfərə isə Azərbaycan Bayrağı ordeni verilmişdir.
XX əsrdə Masallı Azərbaycana 230-dan çox elmlər doktoru və elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı-şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər bəxş edib. İqtisadiyyat sahəsindəki uğurlarına görə müxtəlif illərdə 50 nəfərdən çox Masallı sakini Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeninə layiq görülmüşdür.
Sonda “Masallı etnoqrafik ekspedisiyası” – nın səmərəli işləməsi üçün hər cür şərait yaratdıqlarına görə, Masallı Rayon İcra Hakimiyyəti və Masallı Rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyinə təşəkkürümüzü çatdırırıq.
Tofiq BABAYEV,
tarix üzrə fəlsəfə doktoru,
Tahir ŞAHBAZOV,
tarix üzrə fəlsəfə doktoru,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşları