Masallı rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağı
19 fevral 2016-cı il tarixdə Masallı şəhər Niami Gəncəvi adına Mədəniyyət Mərkəzində Masallı rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Masallı şəhər Mədəniyyət Mərkəzində təşkil olunmuş yığıncaqda 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını salamladı və tədbirdə iştirak edən qonaqları təqdim etdi. Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cıi ildə qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir.
Natiq məruzədə qeyd etmişdir ki, Müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda bütün regionlarımızda geniş miqyaslı abadlıq və quruculuq işlərinin aparılması, illərlə yığılıb qalmış problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur.Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Əfsuslar ki, mövcud olan münaqişələr 2015-ci ildə öz həllini tapmadı. Əksinə, dünyada və xüsusilə bizim regionumuzda yeni təhlükə ocaqları yaranmışdır. Əlbəttə ki, bu hadisələr regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir.
Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə, 3-4 dəfə aşağı düşmüşdür. Bu, bizim gəlirlərimizə mənfi təsir göstərmişdir. Yəni, 2015-ci ildə geosiyasi və geoiqtisadi mənzərə çox narahatedici və ağırdır. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqla hesablaşmalıyıq. Əlbəttə ki, bu reallığı nəzərə alaraq öz siyasətimizi bu il və bundan sonrakı illərdə davam etdirəcəyik.
Azərbaycan 2015-ci ildə də uğurla inkişaf etmişdir - deyən cənab Prezident bildirmişdir ki, qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox uğurlu olmuşdur. Azərbaycan bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini bildirir, ifadə edir. Bizim mövqeyimiz haqq-ədalət, beynəlxalq hüquq əsasında formalaşır.
Əfsuslar olsun ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir. Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik.Bizim mövqe beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın.
Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir. Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir.
Cənab Prezident bildirmişdir ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir, bizim əsas göstəricimizdir.
Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni, 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.
Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır.
Sosial infrastruktur layihələri icra edilmişdir. Altmışa yaxın tibb müəssisəsi, 20-dən çox məktəb təmir edilib-tikilib və hazırda 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir.
Cənab Prezident xüsusilə vurğulamışdır ki, regionların inkişafı 2015-ci ildə də sürətlə getmişdir. Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Bununla bərabər, onu da deməliyəm ki, 40 min iş yeri bağlanmışdır. Ancaq bununla bərabər, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir.
2015-ci ildə ölkəmizin həyatında tarixi hadisə baş vermişdir. İlk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirə bilmişdir. Bu Oyunlar göstərdi ki, biz ən mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə bilərik. Əlbəttə ki, idmançılarımız da bizi sevindirdilər. Azərbaycan komanda hesabında ikinci yeri tutub. İdmançılarımız 56 medal qazanmışlar ki, onlardan 21-i qızıl medaldır. Biz idman gücümüzü də göstərdik. Əslində idman hər bir ölkənin ümumi inkişafını əks etdirir. İnkişaf etmiş ölkələr idman meydanlarında daha çox qələbə qazanırlar. Azərbaycan idman dövlətidir, inkişafda olan dövlətdir və biz bu tarixi missiyanı şərəflə yerinə yetiririk.
2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin həyatında əlamətdar hadisə idi. Parlament seçkiləri ədalətli, şəffaf və demokratiya şəraitində keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının nümayəndələri, MDB ölkələrinin nümayəndələri və digər müşahidəçilər parlament seçkilərini birmənalı şəkildə yüksək qiymətləndirmişlər ki, seçkilər ədalətli, şəffaf şəkildə və demokratik şəraitdə keçirilmişdir.
Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yekun nitqində bildirmişdir ki, biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik.
Xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq.
Biz bu il xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Eyni zamanda yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar. Dövlət qurumları isə-həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar.
Sahibkarlara güzəştli kreditin verilməsi təmin edilməlidir. Keçən il güzəştli şərtlərlə təxminən 250 milyon manat məbləğində kreditlər verilmişdir.
İstehlak qiymətlərinə də çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir.
Keçən il “Kənd təsərrüfatı ili” idi. Mən çox şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, qeyri-neft sektorunun inkişafıdır. Vəzifəmiz isə özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Ərzaq təhlükəsizliyi bu deməkdir.
Bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Bu Qlobal Forumun Azərbaycanda keçirilməsini, ümumiyyətlə, bu sahəyə verdiyimiz diqqəti və əldə etdiyimiz nailiyyətləri nəzərə alaraq mən bu ili Azərbaycanda “Multikulturalizm ili” elan edirəm. Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2015-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika əldə olunmuşdur. Yeni qəbul olunmuş III Dövlət proqramı bu inkişafın daha sürətlə aparılmasını və əhatə dairəsinin genişlənməsini təmin edəcəkdir.
Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 562,3 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 3,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,3 faiz artmışdır.
2015-ci ildə adambaşına düşən pul gəlirləri 2573,0 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 281,0 manat olmuşdur.
Hesabat ilində əmək haqqları istisna olunmaqla digər sahələrdə qənaət tədbirləri görülmüş və büdcəyə qənaət olunmuşdur. Masallı rayonunun gəlirləri 28 milyon 222 min manata qarşı 27 milyon 741 min 153 manat və ya 98,2 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 28 milyon 222 min manata qarşı 26 milyon 434 min 215 manat və ya 96,7% icra edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni müəssisələrin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması, investorların rayon iqtisadiyyatının müxtəlif sahələrinə yatırımlar etməsinin təşviqi fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 274 layihə üzrə 2 milyon 589 min 500 manat kredit verilməsi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 331 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2015-ci il “Kənd Təsərrüfatı ili” elan olunmuşdur. Sərəncamdan irəli gələn məsələlərin həlli və rayonda aqrar sahənin inkişafının təmin edilməsi ilə bağlı hazırlanan tədbirlər planının icrası nəzarətdə saxlanılmışdır.
Masallı Respublikanın mühüm kənd təsərrüfatı rayonudur. Dövlət himayəsinə xüsusi ehtiyacı olan sahə kimi kənd təsərrüfatının inkişafı cənab Prezidentin diqqət mərkəzindədir. Neft və neft məhsullarının dünya bazarında qiymətinin kəskin şəkildə azalması qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafının zəruriliyini bir daha təsdiq edir.
2015-ci ildə rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 111,6 mln manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 mln manat və ya 3,9 % çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 176,6 manat olmuşdur.
01 yanvar 2016-cı il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın sayı 73 145 başa, xırda buynuzlu mal-qaranın sayı 84 769 başa çatmışdır. Hesabat dövrü ərzində süd istehsalı 49 018 tona, ət istehsalı 5 821 tona, yumurta istehsalı 56 264 000 ədədə çatmışdır.
Rayonda 11 891 ha taxıl əkilmişdir ki, ondan 8 143,5 hektarını buğda, 3 747,5 hektarını arpa əkini təşkil edir. Əkilmiş taxıl sahəsindən ümumilikdə 28832 ton məhsul götürülmüşdür ki, ondan da 19 871 tonu buğda, 8 961 tonu arpa olmuşdur. Bundan əlavə 1 282 ha kartof sahəsindən 18 694 ton, 515 ha bostan sahəsindən 4 045,6 ton və 2 541,3 ha tərəvəz sahəsindən 35 595,3 ton məhsul götürülmüşdür.
Hesabat ilində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 41,7 ton kartof, 19 ton soğan, 5,9 ton kələm, 9,4 ton xiyar, və 24 150 ədəd yumurta göndərilmişdir. Yaxın xarici ölkələrə 15 min ton faraş kartof, 26 min ton tərəvəz məhsulları ixrac olunmuşdur.
Masallıda tərəvəzçilik, çayçılıq və faraş kartofçuluq əsasən ənənəvi kənd təsərrüfatı sahələri hesab olunur. Dəfələrlə qeyd etdiyimiz kimi əkin dövriyyəsində bu sahələrin böyük üstünlük əldə etməsi üçün hazırda əkilməyən 7 min hektara yaxın torpaq sahəsinin əkin altına salınması minlərlə yeni iş yerinin açılmasına və əhalinin rifah halının yüksəlməsinə səbəb olacaqdır.
Bu istiqamətdə atılan addımlar artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, Qızılağac və Kolatan kəndlərinin ərazisində “Azərsun” Holdinq tərəfindən salınan 100 hektarlıq tərəvəz və 100 hektarlıq çay plantasiyasının salınması artıq bu istiqamətdə ciddi nəticələrin əldə olunacağından xəbər verir. Qızılağac kəndində salınan 100 hektarlıq tərəvəz sahəsində 300 daimi, 100 mövsümi iş yeri açılmışdır ki, bu da Qızılağac və ətraf kəndlərin əhalisinin işlə təminatında mühüm rol oynayır. Bu il əlavə olaraq əkin işlərinin aparılması üçün “Azərsun” Holdinqə əlavə 40 hektar bələdiyyə torpağı icarəyə verilmiş və ümumi əkin sahəsinin həcmi 150 hektara çatdırılmışdır. Yaxın gələcəkdə rayon üzrə yeni texnologiya ilə əkilən tərəvəz sahələrinin ən azı 3 min hektara çatdırılması planlaşdırılır ki, bu da çox böyük miqdarda yeni iş yerlərinin açılmasına və məhsuldarlığın əsaslı şəkildə artırılmasına, maya dəyərinin aşağı salınmasına səbəb olacaqdır. Rayonda istilikxana təsərrüfatlarının yaradılması və genişləndirilməsi bu sahənin inkişafında əhəmiyyətli rol oynayacaqdır. Hazırda Masallıda 11 ha istilikxana təsərrüfatı fəaliyyət göstərir. Bundan əlavə Şərəfə kəndində 5 ha yeni istilikxana təsərrüfatının tikintisi başa çatdırılmaq üzrədir. Masallıda tərəvəzçiliyin inkişaf etdirilməsi ilk növbədə yeni əkin texnologiyalarının öyrənilməsi, tətbiqi və istehsal edilən məhsulların sərfəli qiymətə tədarük olunmasından birbaşa asılıdır.
Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi, rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozosiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisənin tikilməsi zərurətini yaratmışdır. Bu barədə təkliflərimiz müvafiq mərkəzi icra orqanları tərəfindən bəyənilmiş və onların həyata keçirilməsi istiqamətində işlər aparılır. Belə ki, Masallı şəhərində tədarük mərkəzinin-“Yaşıl market”in tikintisi ilə bağlı 3 ha torpaq sahəsi ayrılmışdır.
İlkin hesablamalar göstərir ki, rayon ərazisində kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə olunarsa, yəni mövcud az məhsuldar və gəlir gətirməyən taxıl sahələri tərəvəz və çay sahələri ilə əvəz olunarsa, habelə əkilməyən torpaqlar əkin dövriyyəsinə cəlb edilərsə rayonda təxminən 30 minə yaxın yeni iş yerinin açılmasına gətirib çıxara bilər. Bu artıq Masallıda işsizlik probleminin həll olunması deməkdir. Ona görə də bu istiqamətdə daha qətiyyətli addımlar atılmalıdır.
Rayon üzrə 24 964 ha əkin sahəsinin 17 000 hektarı suvarılan torpaqlardır. Ondan 9 892 ha və ya 40 faizə qədəri suvarma suyu ilə təmin edilir. Hesabat dövründə Viləşçay Su Anbarı İstismar İdarəsi və Masallı Meloservis idarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 180.5 min m3 həcmində və 29 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4 500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.
Rayonun muğan zonası adlanan ərazisində yerləşən kəndlər dəniz səviyyəsindən 20-80 metr aşağıda yerləşdiyi üçün həmin ərazilərdə torpaqların 85 faizi şoranlaşmış və ya təkrar şoranlaşmışdır. 12 000 ha əkin sahəsinin suvarma suyu ilə təmin olunması vacibdir. Ona görə də Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi və ərazilərdə kollektor-drenaj şəbəkələrin çəkilməsinə ciddi ehtiyac yarandığından aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılmışdır. Bu istiqamətdə məsləhətləşmələr davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda demişdir:
“Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə, keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır.
Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 20 ha sahədə meşə əkini, 60 ha sahədə meşə səpini işləri aparılmış, 10 ha sahə kollardan təmizlənmişdir. İl ərzində 30 min müxtəlif ağac və gül kolları əkilmişdir.
Rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir.
Masallı şəhərində su-kanalizasiya xəttinin çəkilişi zamanı küçələrdə qazıntı işləri aparılmış və bir çox küçələr ciddi dağıntılara məruz qalaraq bərbad vəziyyətə düşmüşdür.Əksər küçələrdə asfalt örtükləri, səkilər dağılmış, işıqlanma sistemləri və yaşıllıq zolaqları sıradan çıxmışdır.Hazırda küçələrin əksəriyyətində təmir bərpa işlərinə başlanılmışdır.
Belə ki, şəhərin Qurtuluş, R. Abbasov küçələrində yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması işləri başa çatdırılmışdır. Ümumi uzunluğu 3.3 km olan N. Gəncəvi (M.Talışxanov) küçəsində genişləndirilmə işləri aparılmış, yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması və yaşıllıq zolağının salınması davam etdirilir.
Masallı şəhərinin əsas daşıyıcı küçələrinin asfaltlanması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, Həzi Aslanov, Rəfail Abbasov, Qurtuluş, Sabir, Şəhriyar, Digah, N.Gəncəvi və Xətai küçələrinin asfaltlanması başa çatdırılmış və təkcə 2015-ci ildə ümumilikdə 100 min kv. metrdən çox asfalt örtük döşənmişdir.
Masallı şəhərində böyük bir layihə - Viləş Park Bulvar kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanılmışdır. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 230 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.
2015-ci ildə ümumi sahəsi 11000 m2 olan Bayraq meydanının tikintisinə başlanılmışdır. Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0.7 m olan hasar çəkilmiş və 64 metr hündürlükdə bayraq dirəyi quraşdırılmışdır. Hazırda Bayraq muzeyində tikinti işləri davam etdirilir.
Bununla bərabər Masallı rayonlararası Mühafizə bölməsinin inzibati binası tikilib istifadəyə verilmiş, Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon İnzibati-laboratoriya binasında isə son tamamlama işləri görülür.
“ASAN HƏYAT” kompleksində tikinti işləri sürətlə davam etdirilir. Birinci mərhələdə tikintisi nəzərdə tutulan “ASAN” xidmət mərkəzinin binasının beton konstruksiya işləri başa çatdırılmış və hazırda divar hörgü işləri davam etdirilir. Cari ilin birinci yarısında bu layihənin birinci mərhələsinin başa çatdırılıb istifadəyə verilməsi nəzərdə tutulur. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, “ASAN HƏYAT” kompleksinin Masallı şəhərində tikilməsi çox böyük bir hadisədir və bu xidmət nəinki Masallı, bütün region üçün həyati əhəmiyyət daşıyır. Xüsusən də korrupsiya və süründürməçilik hallarının aradan qaldırılması, habelə vətəndaşlara yüksək səviyyədə xidmətin göstərilməsi “ASAN HƏYAT” kompleksinin hədəfidir. Fürsətdən istifadə edib bu kompleksin Masallıda tikilməsinə və Masallıya göstərdiyi daimi diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə bütün masallılar adından öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirmək istəyirik.
Hesabat ilində Yaponiyanın Azərbaycandakı səfirliyinin köməkliyi ilə məişət tullantıları emalı poliqonu istifadəyə verilmişdir. Bu poliqonun imkanlarından səmərəli istifadə olunmalıdır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə son 3 ildə rayonumuzda 60-a yaxın kəndin 173 km daxili yolları təmir edilmiş, Şərəfə, Türkoba kənd həkim məntəqələri, Əmirtürbə, Ləngan, Mololon kəndlərində əlavə sinif otaqları, Sərçuvarda 40 yerlik yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, icmanın abadlaşdırılması, içməli su xətlərinin çəkilməsi layihələri həyata keçirilmişdir.
Müvafiq Dövlət Proqramları çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Masallıda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu çərçivədə rayonda 47 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Son dörd ildə isə 15 yeni məktəb binası tikilmiş, 3 məktəb və 5 uıaq bağça binası isə əsaslı təmir olunmuşdur. Hazırda 4 məktəbin- 180 yerlik Şatıroba, 140 yerlik Çayqıraq, 140 yerlik Dəlləkoba və 120 yerlik Köhnə Zuvand kənd ümumi orta məktəblərinin tikintisi aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə daxili imkanlar hesabına tikilən 100 yerlik Masallı şəhər 5 saylı, 60 yerlik şəhər 2 saylı və 40 yerlik Sərçuvar kənd uşaq bağçalarının binalarında son tamamlama işləri görülür.
Rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrinin maddi- texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Son dörd il ərzində ümumilikdə 12 həkim məntəqəsi tikilmiş, iki sahə xəstəxanası əsaslı təmir edilmiş, Mərkəzi rayon xəstəxanasının isə əsaslı təmirinə başlanılmışdır. Hazırda Yeyənkənd, Xıl, Səmidxan, Gəyəçöl və Lürən kənd həkim məntəqələrinin tikintisi davam etdirilir.
Son illər mədəniyyət obyektlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmışdır. Masallı şəhər Mədəniyyət evi əsaslı təmir olunmuş, Heydər Əliyev mərkəzi isə yenidən tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına Masallı Tarix-Diyarşünaslıq muzeyində son tamamlama işləri aparılır, Uşaq İncəsənət məktəbinin tikintisi isə sürətlə davam etdirilir. Hər iki binanın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Masallı rayonunda Sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Artıq ilkin sənədləşmə və torpaq ayrılması işləri yekunlaşmaq üzrədir. 10 ha sahəni əhatə edəcək Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə yeni təkan verəcəkdir.
2015-ci ildə istifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir. Hesabat dövrü ərzində 2140 yeni iş yeri açılmışdır ki, onlardan 1780-i daimidir.
2015-ci ildə Masallı Rayon Məşğulluq Mərkəzinə 276 nəfər müraciət etmişdir. Onlardan 197 nəfəri işlə təmin olunmuşdur ki, onların da 39 nəfərini qadınlar təşkil edir.
Cənab Prezidentin tapşırığı ilə yeni iş yerlərinin yaradılması barədə aidiyyatı üzrə göstərişlər verilmişdir. Rayon üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədi ilə işlərin icrasına başlanılmışdır. Belə ki, Rayon MKTİB-nin sanitar təmizləmə sahəsində bir illik müqavilə bağlanması yolu ilə 100 yeni iş yeri yaradılmışdır. Bundan başqa rayon üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədi ilə şəhər ərazisindəki komunal binaların dam örtüklərinin əsaslı təmir olunması işləri nəzərdə tutulmuşdur ki, bu işlərin icrası zamanı 5 ay müddətində 214 nəfər işçi işlə təmin olunacaqdır.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lənkəran RQİİ Masallı Xidmət Sahəsi üzrə 1 illik müqavilə şərtləri əsasında 245 yeni iş yerinin yaradılması tapşırığı verilmişdi. Artıq bu sahə üzrə işçilərin işlə təmin olunmasına başlanılmışdır. Ümumilikdə bu proses çərçivəsində müxtəlif müəssisələrdə 1000 nəfərin məşğulluğu təmin olunacaqdır.
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən hesabat dövründə proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 5 637.6 min manata qarşı 4 884.7 min manat və ya 86.1 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 1 763.9 min manata qarşı 1 247.1 min manat və ya 70.7% yerinə yetirilmişdir. Şöbədə hazırda 27 min 605 nəfər əmək pensiyaçısı uçotdadır. Hesabat dövründə 807 nəfərə əmək pensiyası təyin olunmuşdur.
2015-ci ildə Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 2 980 ailə Ünvanlı Dövlət Sosial Yardımı almaq üçün müraciət etmiş, onlardan 2 768 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 212 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Bir ailəyə təyin olunmuş Ünvanlı Dövlət Sosial Yardım təyinatı isə ailənin maddi məişət şəraitinin təkrar müayinəsi zamanı gəlirləri barədə düzgün məlumat vermədiyindən dayandırılmışdır.
Sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə, miqyası genişlənməkdədir. Hesabat dövründə “Azərişığ”ın Masallı Elektrik şəbəkəsi tərəfindən 10/04 kvt-lıq xətlərdə təmir bərpa işləri aparılmış, əhalini daha dayanıqlı enerji ilə təmin etmək və itkilərin qarşısını almaq məqsədilə Masallı şəhərinin elektrik xətt təsərrüfatı yenidən qurulmuş və abonentlər “Smart” tipli sayğaclarla təmin olunmuşdur. Növbəti mərhələdə rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Ərkivan qəsəbəsinin elektrik xətt təsərrüfatının yenidən qurulması nəzərdə tutulmuşdur ki, artıq bu istiqamətdə işlərə başlanılmış və qəsəbə ərazisində yol boyu 36 ədəd 0.4 kV-luq dayaq dəyişdirilmiş naqillər SİP kabelləşdirilmişdir. Bundan əlavə rayonun Qızılağac, Əhmədli, Hüseynhacılı kəndlərində 597 ədəd 0.4 kV-luq köhnə dayaqlar yeni dəmir dayaqlarla əvəz edilmiş 8587 metr naqil SİP kabellə əvəz olunmuşdur. Təklə kəndində isə 150 ədəd 0.4 kV-luq köhnə dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənmiş, SİP kabellərin çəkilişinə başlanılmışdır.
01.01.2016-cı il vəziyyətinə rayon üzrə ümumi qaz abonentlərinin sayı 32215-dir. 2015-ci ildə qazlaşdırılması nəzərdə tutulmuş 22 kənddən (Kalinovka, Qızılağac, Yeddioymaq, Şıxlar, Qasımlı, Öncəqala, Hüseynhacılı, I Səmidxan, Ətcələr, Alışanlı, Bala Təklə, Sığıncaq, Xıl, Sərçuvar, Sirəbil, Təzəkənd, Qodman, Babaküçə, Xanalion, Məmmədoba, Sığdaş, Kolatan) 7-i Təzəkənd, Kalinovka, Ətçələr, Alışanlı, Səmidxan, Sərçuvar və Kolatan kəndlərində qazlaşma işləri yekunlaşdırılmış və ümumilikdə 2800 abonentin mənzilinə qaz sayğacları quraşdırılaraq birpilləli sistemlə qaz təchizatı təmin edilmişdir. Qızlağac və Məmmədoba kəndlərində qaz xətlərinin çəkilişi tam başa çatdırılaraq istismara hazır vəziyyətə gətirilmişdir. Qalan 13 kənddə podratçı şirkətlər tərəfindən qaz xətlərinin çəkilişi və Ərkivan qəsəbəsində qaz xətlərinin əsaslı təmirinə başlanılsa da hal-hazırda işlər dayandırılmışdır. Bu məsəslə ilə bağlı Lənkəran RQİİ-i Masallı Xidmət Sahəsinin rəhbərliyi problemin həlli ilə bağlı aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmalı və nəzarətdə saxlamalıdır.
Hazırda rayonun 103 yaşayış məntəqəsindən (1 şəhər, 2 qəsəbə və 100 kənd) 80-i qazla təchiz olunmuşdur ki, bu da ümumi abonentlərin 81%-ni təşkil edir. Qazlaşdırma sahəsində nəzərdə tutulan işlər tam başa çatdırıldıqdan sonra rayonda qazlaşma səviyəsi 95%-ə çatacaqdır.
Artıq 3 ildən çoxdur ki, Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu proses çərçivəsində görülən işlərdə uzunmüddətli gecikmələr və problemlər müşahidə olunsa da, son vaxtlar bu istiqamətdə müəyyən dönüş əldə olunmuşdur. Belə ki, 5000 m3 tutumu olan içməli və 15000 m3 tutumu olan çirkab su təmizləyizi qurğuların tikintisində işlər sürətlə davam etdirilir. Cari ildə işlərin tamamlanması nəzərdə tutulur ki, bununla da şəhərin ən böyük problemi öz həllini tapacaqdır. Hazırda su və kanalizasiya xətlərin çəkilişi başa çatmaq üzrədir. Belə ki, müxtəlif diametrli borularla 201,0 km içməli-su, 187 km kanalizasiya xətləri çəkilmişdir.
Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Müəyyən maliyyə çətinliklərinin yaşanmasına baxmayaraq hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 km-ə yaxın magistral xətt çəkilmişdir.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən gündəlik 340 min kv.metr sahədə təmizlik işləri aparılmışdır. Eyni zamanda şəhərin küçə və prospektlərində su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtı-vaxtında təmizlənməsi diqqət mərkəzində saxlanılmışdır.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.
Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
Son illərdə ali məktəblərə qəbul olan tələbələrin sayı ilbəil artmaqdadır. Bu il rayonumuzdan qəbul imtahanlarında iştirak etmiş 660 nəfərdən 321 nəfəri ali, 133 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Ali məktəblərə daxil olmuş abituriyentlərimizdən 64-ü 500 baldan yuxarı, 21-i isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Hesabat dövründə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
2015-ci ildə rayonda 2752 nəfər uşaq doğulmuşdur. Uşaq ölümü isə 2.2 promil olmuşdur.
Bundan əlavə bu region üçün xarakterik olan vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş il ərzində 3033 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
Rayon əhalisinin tibbi müayinəsi uğurla başa çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən fevral ayının 1-dən may ayının 1-nə kimi 150182 nəfər rayon əhalisi tibbi müayinədən keçirilib. Bunlardan 11220 nəfəri uşaqlardır. Müayinələr zamanı 2761 nəfər xəstə aşkar edilmişdir. Bu xəstələrdən 2182 nəfər ambulator, 579 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. Aşkar olunan xəstələrdən 171 nəfəri daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə müxtəlif profilli klinikalara göndərilmişdir. Bununla bərabər hesabat ilində uşaqların dispanserizasiyası da həyata keçirilmiş və hazırda bu iş davam etdirilir. Hesabat ilində 45484 uşaq müayinə edilmişdir ki, bunlardan 4189 nəfərində müxtəlif xəstəliklər aşkar edilərək dispanser qeydiyyatına götürülmüş və müalicəyə cəlb olunmuşdur. 1 nəfər üç yaşadək uşaqda, 3 nəfər isə üç yaşdan yuxarı uşaqlarda anadangəlmə anomaliyalar aşkarlanmışdır.
İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi də diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 4887 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 97 nəfər xroniki böyrək çatışmamazlığı, 65 nəfər hemodializ edilən xəstəsi dispanser qeydiyyatındadır.
May ayının birindən başlayaraq nikaha daxil olan cütlüklərin tibbi müayinəsi həyata keçirilmişdir. İl ərzində nikaha daxil olan cütlüklərdən 1404 qan nümunəsi götürülərək müayinə olunmuşdur. Müayinə zamanı 65 nəfər talassemiya daşıyıcısı aşkar edilmişdir.
Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi il ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş, yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmış və rayonda istehsal olunan 20 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 122 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 44 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.
Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 438074 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 305450 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
Rayon Mədəniyyət və Turizm şöbəsi hesabat dövründə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Bölgələrdən Paytaxta” layihəsi çərçivəsində 10 fevral 2015-ci il tarixdə Bakı şəhərində Masallı mədəniyyət ustalarının konsert proqramı keçirilmişdir. Tədbirdə rayonun zəngin folklor nümunələrini, xalq sənətkarlığını, turizm potensialını, mətbəxini əks etdirən sərgi nümayiş olunmuşdur.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılmalıdır. Bunu nəzərə alaraq Masallı rayon İcra hakimiyyəti başçısının 2015-ci ildə təsdiq edilmiş müvafiq Sərəncamının icrası məqsədilə rayon ərazisində fəaliyyət göstərən turist obyektlərində monitorinqlər keçirilən zaman müəyyən olunmuşdur ki, rayonda fəaliyyət göstərən 31 turizm obyektindən cəmi 12-si müvafiq lisenziya ilə təmin edilmiş, 10-u lisenziya almaq üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmiş, 9 turist obyekti isə lisenziya müddətinin bitməsinə baxmayaraq hələ də müraciət etməmişdir. Bundan əlavə monitorinq zamanı lisenziyasız fəaliyyət göstərən turizm obyektlərində yanğın təhlükəsizliyinin, sanitar-ekoloji norma və qaydalarının tələblərinə riayət olunmadığı da aşkarlanmışdır. Araşdırmanın nəticəsi barədə əlaqədar təşkilatlara müraciət ünvanlanmış və lisenziyasız fəaliyyət göstərən obyektlər haqqında qanunamüvafiq tədbirlərin görülməsindən ötrü Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinə rəsmi məlumat verilmişdir. Bu istiqamətdə davamlı və qəti tədbirlər həyata keçirilməlidir.
Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin gücləndirilməsi, təsir vasitələrinin sərtləşdirilməsi, habelə turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə rayonumuzun turizm potensialının inkişaf etdirməklə iqtisadi cəhətdən daha böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır.
Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanmış və ilkin razılıq əldə olunmuşdur. Hazırda məsləhətləşmələr və araşdırmalar aparılır. İnanırıq ki, bu layihənin icrası nəyin ki, Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.
Burada bir məsələni də qeyd etmək istəyirik ki, Masallının Avropa Termal şəhərlər Assosasiyası üzvülüyə qəbul edilməsi üçün ilkin addımlar atılıb və Assosasiyanın nümayəndələri bu məqsədlə Masallı rayonunda səfərdə olublar.Səfər zamanı rayonun turizm imkanları ilə tanış olan qonaqlar Masallının Assosasiyanın üzvü olmasını dəstəklədiklərini bildirmişlər.Hazırda bu istiqamətdə iş aparılır və Azərbaycandan iki rayonun o, cümlədən Masallı rayonunun Assosasiyaya üzv olması gözlənilir ki, bu da Masallının dünya turizminə sürətli inteqrasiyasında əhəmiyyətli bir addımdır.
Hesabat dövründə rayonumuzda ümumilikdə 23 355 nəfər turist istirahət etmişdir ki, bunlardan da 1 395 nəfəri xarici turist olmuşdur.
Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP, AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 99 ərazi ilk təşkilatının 10 min 277 nəfərə yaxın üzvü vardır. Digər partiyaların üzvlərinin ümumi sayı 1400 nəfərə yaxındır.
Rayon ərazisində 38 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də lakin fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli ilə bağlı 12, uşaq, gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2, təhsil, ziyalılar və jurnalistlərlə iş sahəsində 4, sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
Heydər Əliyev Mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir. Bundan əlavə Mərkəzdə internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 250 yerlik tamaşa-konfrans zalı gənclərin və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda Mərkəzdə müxtəlif kurslar, o cümlədən milli rəqs dərnəkləri, xarici dil və rəssamlıq kursları fəaliyyət göstərir.
Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və hesabat dövrü ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 1021 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2015-ci ildə rayon ərazisində 334 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 93.2 % olmuş və 22 cinayət hadisəsi açılmamış qalmışdır.
Hesabat dövrü ərzində rayon İcra hakimiyyətinə 1729 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 842-si rayon İcra hakimiyyətinə, 887-si isə yuxarı təşkilatlara ünvanlanmışdır. Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 1596 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 1170 nəfəri rayon İcra hakimiyyətində, 55 nəfəri virtual, 371 nəfəri isə səyyar qəbullarda qəbul edilmişdir.
Ötən il Masallı rayonu üçün bir çox sevindirici hadisələrlə əlamətdar olmuşdur. Bu il ilk dəfə keçirilən Bakı Avropa oyunlarında Masallı da öz idmançıları ilə təmsil olunmuş və bu yarışda çıxış edən həmyerlimiz, 52 kiloqram çəki dərəcəsində döyüşən boksçumuz Elvin Məmişzadə Avropa oyunlarının qalibi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Şöhrət ordeni və bir çox qiymətli hədiyyələrlə təltif edilən Elvin Məmişzadə daha sonra keçirilən dünya çempionatının qalibi olmaqla masallılarla bərabər bütün Azərbaycan xalqını qürurlandırmışdır. Fürsətdən istifadə edib Elvin Məmişzadəni bir daha təbrik edir və inanırıq ki, qarşıdan gələn Olimpiya oyunlarında o, yenə çempion olaraq Azərbaycan bayrağını dalğalandıracaqdır.
Bundan əlavə Dəfinə məktəb-liseyi də həmişəki kimi öz uğurları ilə seçilmişdir. Belə ki, məktəb respublikada keçirilən ilin məktəb müsabiqəsinin ikinci dəfə qalibi olmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə on min manat pul mükafatı ilə mükafatlandırılmışdır. Eyni zamanda “Dəfinə” məktəb-liseyinin tarix müəllimi Abbasov Mürvət Əzim oğlu “Tərəqqi” medalına layiq görülmüşdür. Fürsətdən istifadə edib Dəfinə məktəb liseyinin bütün kollektivini, o cümlədən Mürvət Abbasovu təbrik edir və onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.
Bildiyiniz kimi 1 noyabr 2015-ci il tarixi Azərbaycanda Parlament seçkiləri ilə yadda qalmışdır. Parlament seçkiləri bütün ölkəmizdə olduğu kimi rayonumuzda da yüksək səviyyədə keçirilmiş və masallılar da seçkilərdə fəal iştirak edərək ən layiqli namizədlərə səs vermişlər.
Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.
Masallı şəhərində abadlıq işlərinin davam etdirilməsi və su-kanalizasiya sisteminin qurulmasının başa çatdırılması nəzərdə tutulur.
Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi il sonuna qədər rayon ərazisinin qazla tam təmin edilməsi həyata keçirilməlidir.
Bildiyiniz kimi elektrik xətt təsərrüfatı istifadəyə yararsız vəziyyətdədir. Bu xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park – bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.
Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Eyni zamanda Masallı şəhərində “Sənaye məhəlləsi” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
Bildiyiniz kimi 2016-cı il Azərbaycan respublikasının Prezidenti tərəfindən “Multikultiralizm” ili elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanları səfərbər edəcəyik.
Tədbirdə çıxış edənlərdən Masallı rayon Maliyyə idarəsinin müdiri Azər Abdullayev, ASAN Xidmət Agentliyinin nümayəndəsi Ülvi Həsənzadə, sahibkar Fəxrəddin Baxışov, Türkoba inzibati ərazi dairəsi üzrə nümayəndəsi Leyla Əzizova, Msallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin sədri Hikmət Xəlilov, Masallı rayon Mətbuat yayımı şöbəsinin müdiri Əbülfəz Nuriyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı rayonu üzrə nümayəndəsi Miryəhya Bədirov, Böyük Xocavar kənd tam orta məktəbinin müəllimi Həlimə Əhmədova, fermer Hadı İsmayılov, Dəfinə məktəb liseyinin müəllimi, “Tərəqqi” medallı Mürvət Abbasov, Qarğalıq kənd dini icmasının sədri Rəbbi Kərimov və başqaları 2015-ci ildə Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, millət vəkilləri Nəriman Əliyev, Fəzail İbrahimli və Musa Qasımlı çıxış edərək 2015-ci ildə rayonda görülmüş işləri yüksək qiymətləndirmiş, 2016-cı ildə görüləcək işlərin uğurlu olacağına inandıqlarını əminliklə ifadə etmişlər.
Yığıncağın yekunu ilə bağlı rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edilmişdir.
Sonda rayon icra hakimiyyəti başçısı adından rayonun ictimai siyasi həyatında fəal iştiraklarına görə bir neçə nəfər rayon İcra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.