Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı turizm mövsümünə hazırdır

14 aprel 2016 | 16:00

Masallı rayonu regionun əsas nəqliyyat damarı – Azərbaycanın paytaxtından cənuba, İrana gedən yol boyu yerləşmişdir. Burada iqlim subtropikdir. Rayonun sərhədlərindən biri Xəzər dənizinin sahili, digər isə Talış dağlarıdır. Rayon ərazisində axan Viləş, Tatyan, Alvadıçay və digər çaylar Xəzər dənizinə axır.

Masallının əsas magistrallardan kənarda olmasına baxmayaraq, şəhər ən yaxşı turizm potensiallarından birinə malikdir. Bura ölkənin ən gözəl guşələrindən biridir. Mənzərəli Talış dağları öz təkrarolunmaz əzəməti və təravəti ilə səyahətçiləri valeh etməkdə davam edir. Şəhər kənarında, meşədə yerləşən mənzərəli kiçik göl həm şəhərin qonaqları, həm də yerli sakinlər üçün sevimli istirahət yeridir.

Bərəkətli iqlim bu məskəndə müxtəlif növ heyvanlar və fıstıq, ulas, dəmirağac, qızılağac və palıd ağacı kimi qiymətli ağac növləri olan qalın meşələrin inkişafına şərait yaradır. Masallı şəhərində ənənəvi xalq sənətkarlığı nümunələrini: toxunma həsirlər, baş örpəkləri, müxtəlif duluzçuluq məmulatları, xalçalar, corablar, əlcəklər, milli ornamentlə bəzədilmiş taxta məmulatları əldə etmək turistlərə maraqlı gələcək.

Müalicəvi turizmin inkişafı üçün Masallı rayonu xüsusilə perspektivlidir. Region həm termal, həm də soyuq mineral bulaqlarla, bəzi yerlərdə isə tərkibində kükürd və digər elementlərin olduğu bulaqlarla zəngindir. Masallıdan bir neçə kilometr məsafədə, Ərkivan kəndinin yaxınlığında “İstisu” termal mineral bulağı yerləşir. Bu zona yayda ölkənin hər tərəfindən və xaricdən gələn turistlər və revmatizmdən və digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün ziyarətgaha çevrilir.

Bulaq ətrafında bir neçə pansionat, kotteclər, çadır şəhərcikləri salınmışdır. Termal bulaqdan suyun bir hissəsi burada axan kiçik çaya tökülür, və bu da istirahət edənlərə özünəməxsus kontrast vannaları qəbul etməyə imkan verir. Maraqlıdır ki, çayda yaşayan qeyri-adi balıq üzərək insanlara yaxınlaşır və arabir dərilərini çimdikləyir, bu da dermatoloji xəstəliklərin tez sağalmasına səbəb olur.

Masallıdan Lənkərana gedən yolda, Xəzər dənizinin cənub-qərbində (Qızılağac körfəzində) meşə yerlərinə körfəzin bütün hövzəsinin, həmçinin ətrafdakı quru sahələrin daxil olduğu Qızılağac qoruğu yerləşir. Qoruq su, bataqlıq və çöl quşlarının mühafizəsi və artırılması, quşların, o cümlədən Qırmızı Kitaba daxil edilmiş quşların (ümumilikdə 248 növdə quş və 54 növdə balıq) qışlaması üçün su və yarımsəhra təbii komplekslərin mühafizəsi üçün 1929-cu ildə yaradılmışdır.

Tarixi memarlıq abidələrindən rayonda hamam və məscid (XIX əsr), Ərkivan qalası, Boradigah və Digah kəndlərində XVI əsrin məscidləri, Seyid Sadıq məqbərəsi qalmışdır.

Şəhərdə tarixi-diyarşünaslıq muzeyinin ekspozisiyasına baxmaq, ənənəvi xalq sənətinin məmulatları ilə: Musaküçə kəndində hörmə həsir, Türkoba kəndidə baş yaylıqları, Ərkivan kəndində müxtəlif dulusçuluq məmulatları, dağ kəndlərində palaz, corab, əlcək, Qəriblər, Kolatan, Sığdaş kəndlərində milli ornamentlə bəzədilmiş taxta alətlərlə tanış olmaq turistlər üçün maraqlı olacaqdır.

İstirahət bazalarının əksəriyyəti turistlər üçün ətraflara ekskursiyalar, at belində gəzintilər, meşədə gəzintilər təşkil edirlər.

Keçidlər